Saytımızı qiymətləndirin


 
 

“Region Plus”un baş redaktoru: “Azərbaycanda ikinci belə jurnal yoxdur” MÜSAHİBƏ
Tarix: 21-02-2021 | Saat: 10:58
Bölmə:Karusel / Müsahibə | çapa göndər

 - 

“Region Plus” analitik jurnalının ilk sayının işıq üzü görməsindən 15 il ötür. 2006-cı il fevralın 17-dən Azərbaycanda nəşr olunmağa başlayan bu jurnal Cənubi Qafqazın üç dildə (Azərbaycan, rus və ingilis) çıxan analitik nəşrinə çevrilib.

"Region Plus"un baş redaktoru Namiq Mailov jurnalın fəaliyyətilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

Qarabaginfo.az müsahibəni təqdim edir:

 

- “Region Plus” jurnalının 15 yaşı tamam oldu. Bu tarix sizin üçün nə ilə əlamətdardır? Onun əvvəlki yubileylərdən fərqi varmı?


- Əvvəla, bizə göstərdiyi diqqətə görə Modern.az ailəsinə təşəkkürümü bildirirəm. Bəli, bizim jurnal 2006-cı il fevralın 17-də dövlət qeydiyyatına alınıb, həmin ayın 21-də isə onun ilk sayı işıq üzü görüb. O vaxtdan jurnalın 424 buraxılışı olub və onun hər biri azərbaycan, rus və ingilis dillərində oxucuya çatdırılıb.

Hər bir işin, hər başlanğıcın bir ana hədəfi olur. Sən o işə başlayandan məhz o hədəfə doğru irəliləyirsən. Bizim 15 il əvvəl qarşıya qoyduğumuz əsas vəzifə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında iştirak etmək, ölkəmizin bir nömrəli problemi olan Qarabağ düyününün açılmasına media müstəvisində dəstək olmaq idi.

Bu baxımdan budəfəki yubiley bizim üçün ikiqat əlamətdardır. Qürurluyuq ki, “Region Plus” özünün 15 yaşın böyük Qələbədən sonra qeyd edir. Qürurluyuq ki, Azərbaycanın zəfər yürüşündən yazmaq, onu təhlil etmək bizim də qismətimiz oldu. Bu Qələbəni bizə bəxş edən müzəffər ordumuza, onun Ali Baş Komandanı, prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu yolda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm.


- Namiq müəllim, 15 il öncəni necə xatırlayırsınız?

- Jurnalın əsasını qoyanlardan biri, “İnterfaks-Azərbaycan” Agentliyinin o zamankı baş redaktoru Bəhruz Nəzərov məni jurnala dəvət edəndə artıq 10-cu buraxılış çapa hazırlanırdı. O vaxta qədər mən xəbər agentliyi və televiziyada çalışmışdım və analitik jurnala rəhbərlik etmək mənim üçün bir ilk idi. Lakin inanırdım ki, biz bu işin öhdəsindən gələcəyik, çünki jurnalda gənc və peşəkar bir komanda toplanmışdı. Şadam ki, artıq 15 ildir bir yerdəyik və bu gün göstərməyə işimiz, deməyə sözümüz var.



- Ötən müddət ərzində jurnalın hansı uğurlara imza atdığını qeyd etmək olar?

- Təbii ki, hər ilin tamamı həm də bir hesabat dövrüdür. Bayaq qeyd etdiyim kimi, yola başlayanda qarşıya qoyduğumuz əsas hədəf ölkəmiz barədə həqiqətlərin dünyaya olduğu kimi çatdırılması idi. Analitik jurnal olaraq həmişə çalışmışıq ki, apardığımız araşdırma və təhlillərlə həm də informasiya savaşının iştirakçıların “silahlandıraq”. Vətən müharibəsi günlərində həm mətbuat səhifələrində, həm də sosial şəbəkələrdə Ermənistanın tarixi saxtakarlıqları, erməni faşizmi və başqa bu kimi mövzularda üzə çıxardığımız faktların, fotomaterialların, hazırladığımız infoqrafikanın istifadə olunduğunu görmək çox xoş idi. Bu baxımdan ümid edirik ki, illəri boşa verməmişik və öndə şəxsən Prezident İlham Əliyevin getdiyi informasiya savaşında bizim də kiçik bir rolumuz olub.

Lakin torpaqlarımızın işğaldan azad olunması bizim missiyamızın başa çatması demək deyil. Bu, bizim üçün bir dönüş nöqtəsidir. İndi döyüş meydanında əldə etdiyimiz Qələbəni informasiya məkanında möhəmləndirməliyik. Odur ki, görəcəyimiz işlər hələ qabaqdadır.


- “Region Plus”a tələbat, jurnalın özəllikləri barədə nə demək olar? Jurnal bu illər ərzində media bazarındakı hansı rəqabət şəraitində fəaliyyət göstərib?


- Əslində, bazara daxil olanda rəqabətlə bağlı bir sıxıntımız olmayıb. Birincisi ona görə ki, işimizi media sahəsinin peşəkarları ilə birgə qurmuşuq. Digər tərəfdən,  Azərbaycanın media bazarında analitik nəşrlərin sayı çox azdır. Olsa belə, məhz üç dildə və ayda iki dəfə, sonradan isə artıq həftədə bir dəfə işıq üzü görən ikinci belə jurnal yox idi. Səhv etmirəmsə, elə indi də yoxdur. Bu sırf məsələnin biznes tərəfi.

Jurnalın yaradıcı özəlliklərinə gəldikdə isə ilk növbədə bu illər ərzində həyata keçirdiyimiz layihələrə toxunmaq istərdim. Bu sırada Azərbaycanın beynəlxalq tanıtımında böyük rol oynamış “Avroviziya” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslamiada və Formula-1 yarışlarına həsr etdiyimiz xüsusi buraxılışları göstərmək olar. Qeyd edim ki, məsələn, “Avroviziya” müsabiqəsi və Avropa Oyunları zamanı biz həmin xüsusi buraxılışların xarici qonaqlar və media arasında yayılmasına nail olduq. Buna görə təşkilatçılara da təşəkkürümüzü bildiririk. Daha sonra Azərbaycan Xalq Cümhuriyyəti İlində jurnalın hər sayında AXC-nin tarixi və qurucularına həsr olunmuş yazılarla çıxış etdik. Son illər ərzində reallaşdırdığımız ən uğurlu layihələr sırasına rusiyalı tarixçi Oleq Kuznetsovun Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin arxiv sənədləri əsasında erməni faşizminin ifşa olunması ilə bağlı silsilə araşdırmalarını qeyd etmək istərdim.

Çox şadıq ki, gördüyümüz işlər həm oxucularımız, həm dövlətimiz, həm də beynəlxalq aləm tərəfindən öz layiqli qiymətini alır. Müxtəlif illərdə əməkdaşlarımız dövlət tərəfindən mənzil və medallarla mükafatlandırılıb. 2012-ci ildə isə internet səsverməsi nəticəsində “Region Plus” jurnalı “İlin nəşri” seçilib. Bundan başqa, “Region Plus” postsovet məkanında yeganə nəşrdir ki, ABŞ-da Kapitoli binası üzərində Amerika bayrağı bir gün onun şərəfində ucaldılıb. Həmin bayraq və Kapitolinin baş memarının imzaladığı sertifikat bu gün redaksiyamızın mükafatları sırasında önəmli yer tutur.


- Yeni media layihələri haqqında düşünürsünüzmü?

- Əvvəla onu deyim ki, “Region Plus” komandası olaraq bu illər ərzində həmçinin çoxsaylı kitabların hazırlanmasında iştirak etmişik. Bu sırada Fuad Axundovun erməni saxtakarlıqlarından bəhs edən “Saxtakarlıqları ifşa edənlər” çoxcildliyini, Qafqaz Albaniyasının mədəni irsinin erməniləşdirilməsi, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş İrəvan qalasının tarixinə aid kitabları göstərmək istərdim.

Yeni media layihələrinə gəldikdə isə müasir tələbləri nəzərə alaraq əsas diqqəti jurnalımızın onlayn versiyasının təkmilləşdirilməsinə yönəltməyi düşünürük.



- “Region Plus”un  tanınmış imza sahiblərindən kimləri qeyd etmək olar? Müstəqil yazarlarla, araşdırmaçılarla işləyirsinizmi?

- Əlbəttə. Bir çox tanınmış imza sahibləri ilə əməkdaşlıq etmişik və bu gün də həmin əməkdaşlıq davam edir. Daimi yazarlarımız arasında millət vəkili Rasim Musabəyov, politoloq İlqar Vəlizadə, jurnalistlər Cahangir Hüseynov, Nurani, Kənan Rövşənoğlu və digər tanınmış imza sahibləri var. İdman rubrikamızda peşəkar icmalların və eksklüziv müsahibələrin daimi müəllifi tanınmış teleaparıcı Sənan Şəfizadədir. Digər sahələrdə də kifayət qədər nüfuzlu müəlliflərlə əməkdaşlıq edirik.

Bu illər ərzində çalışmışıq ki, jurnalımızın səhifələrində həmçinin bölgə ölkələrinin jurnalist və təhlilçilərinə yer ayıraq. Bu sırada məsələn rusiyalı siyasi şərhçliər Aleksandr Budberq, Sergey Brilyov, Türkiyədən Mehmet Fatih Öztarsu, Gürcüstandan Sofiko Patarayanın adlarını çəkə bilərəm.


- Sizin oxucu auditoriyanız əsasən əhalinin hansı təbəqəsidir?

- Əsas hədəf kütləmiz yerli və xarici diplomatlar, siyasətçilər, millət vəkilləri, araşdırmaçılar, beyin mərkəzləri, bir sözlə qərar verən və ya qərarların verilməsinə təsir imkanları olan oxuculardır. Çox şadam ki, onlardan jurnalın fəaliyyəti ilə bağlı həmişə yüksək qiymət almışıq.

Bu gün abunəçilərimiz sırasında çoxsaylı səfirliklər, beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və araşdırma mərkəzləri var. Sosial şəbəkə hesablarımızı izləyən abunəçilərdən Thomson Reuters, CNSNews.com, EurasiaNet, New Europe, Geopolityka.net, Central European Journal for International and Security Studies kimi beynəlxalq media qurumlarını, European Council on Foreign Relations, Great American Debate, Russian Oil & Gas, EU-Gulf Info Centre, Middle East Briefing, Geopolitical Tracker, Middle East Strategic Perspectives, Turkish Politics, New Eastern Outlook kimi beyin mərkəzlərini, Avropa Parlamenti, BMT-nin müxtəlif qurumlarının adlarını çəkmək olar. 

Bu gün “Region Plus” jurnalı həmçinin AZAL aviaşirkətinin beynəlxalq reyslərində, ASAN xidmət mərkəzlərində böyük tələbat var və bu da bizim motivasiyamızı artıran amillərdəndir.


Bildiyimiz kimi, son bir il ərzində ölkəmiz koronavirus pandemiyası ilə mübarizə aparır. Bu müddət ərzində “Region Plus” jurnalı hansı çətinliklərlə üzləşdi?


- Təbii ki, pandemiya bütün media qurumları kimi bizdən də yan keçmədi. Sərt karantin rejimində jurnalistlərin sərbəst fəaliyyətinə icazə verilsə də, ofis şəraitində işləməyə qoyulan məhdudiyyətlər çap nəşrinin hazırlanmasını müəyyən mənada çətinləşdirdi. İctimai-siyasi və iqtisadi fəallığın azalması, tədbirlər, görüşlər, canlı ünsiyyətin məhdudlaşması da işimizə öz təsirin göstərdi. Lakin çox şadam ki, ən əsası Vətən müharibəsi günlərində ikiqat ekstremal şəraitdə vəzifələrimizin öhdəsindən gələ bildik və jurnalımızın yeddi buraxılışının üz qapağını Qələbə mövzusu bəzədi.



Xəbəri paylaş

1391 dəfə oxunub.

Digər xəbərlər