Tarix: 14-10-2026 | Saat: 14:12
Bölmə:Karusel / Multimedia | çapa göndər
Hazırda ölkədə müxtəlif görüşlər və tədbirlər keçirilir, beynəlxalq səviyyədə də gərgin proseslər yaşanır. Belə bir şəraitdə Azərbaycana qarşı hər hansı kiberhücum və kibertəhlükəsizlik risklərinin yaranması və risklərin qarşısının alınması, müdafiə mexanizmləri ilə bağlı müzakirələr gündəmə gəlib.
Qarabaginfo.az xəbər verir ki, kiberhücum və kibertəhlükəsizlik ilə bağlı Osman Gündüz açıqlama verib.
“Oktyabrın 13-də gecə saatlarında dövlət informasiya infrastrukturuna genişmiqyaslı kiberhücum həyata keçirilib. 100-dən artıq dövlət domeni hədəfə alınıb, xeyli sayda dövlət qurumunun, o cümlədən bir sıra nazirliklərin rəsmi saytlarının fəaliyyətində fasilələr yaranıb. XRİTDX dərhal açıqlama yayaraq hücumun xarici haker qruplaşması tərəfindən həyata keçirildiyini bildirib. Görülən operativ tədbirlər nəticəsində hücumun təsirləri qısa müddətdə məhdudlaşdırılıb və saytların fəaliyyəti bərpa olunub”.
Osman Gündüz qeyd edib ki, ilkin əlamətlər hadisənin kütləvi DDoS hücumu olduğunu göstərir. Belə hücumlar zamanı serverlərə həddindən artıq sorğu göndərilir və nəticədə saytlar istifadəçilər üçün əlçatmaz olur. Sosial şəbəkələrdə hücumun 313 Team, Cypher və Litterbox adlı qruplaşmalar tərəfindən həyata keçirildiyi, eləcə də Türkiyədən təşkil olunduğu iddia edilir. Lakin 313 Team açıq mənbələrdə İraqla əlaqələndirilən, İranmeyilli haker qruplaşması kimi tanınır. Hələlik hücumun konkret mənbəyi təsdiqlənməyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanda dövlət informasiya sistemlərinin, xüsusilə kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinin gücləndirilməsi istiqamətində xeyli iş görülsə də, belə genişmiqyaslı hücumlar zamanı bütün dövlət saytlarının fasiləsiz fəaliyyətini təmin etmək üçün əlavə tədbirlərə ehtiyac olduğu görünür.
“Fikrimcə, XRİTDX bu hadisə ilə bağlı daha ətraflı araşdırma aparmalı və hesabat hazırlamalıdır. Hücumun mənbələri, xarakteri, təsirə məruz qalan saytların sayı, eləcə də mövcud müdafiə sistemlərinin niyə tam dayanıqlılıq təmin edə bilmədiyi aydınlaşdırılmalıdır. Eyni zamanda, dövlət qurumlarının kibermüdafiəsi, ehtiyat infrastrukturu və bərpa mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər gücləndirilməlidir. Baş verənlər aidiyyəti dövlət qurumlarının kibertəhlükəsizlik və rəqəmsal dayanıqlılıq məsələlərinə daha məsuliyyətlə yanaşmasını tələb edir”, – deyə ekspert bildirib.
Digər xəbərlər



















