Tarix: 02-07-2026 | Saat: 11:14
Bölmə:Karusel / Siyasət | çapa göndər
Hazırda Ukraynaya göstərilən hərbi yardımın 80%-dən çoxunun tədarükü NATO tərəfindən koordinasiya olunur.
Bu barədə Ukraynanın NATO yanında səfiri Alyona Hetmançuk "Yevropeyskaya Pravda" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ötən ilə qədər NATO Ukraynaya yalnız qeyri-öldürücü yardım göstərirdisə, hazırda Alyans ölümcül silahların tədarükünü də əlaqələndirir.
"Son bir ildən etibarən NATO Ukraynaya ölümcül hərbi yardımın koordinasiyasına başlayıb. Hazırda Almaniyanın Visbaden şəhərində yerləşən NSATU mərkəzi vasitəsilə Ukraynaya göstərilən bütün hərbi yardımın 80%-dən çoxu koordinasiya edilir", – deyə səfir bildirib.
Hetmançuk qeyd edib ki, Ukraynanın hərbi ehtiyaclarının ümumiləşdirilmiş siyahısı məhz həmin mərkəzə təqdim olunur. NSATU hansı ölkənin hansı silah və texnikaya malik olduğunu izləyir, tədarüklərin təkrarlanmasının qarşısını alır və onların vaxtında Ukraynaya çatdırılmasını təmin edir.
Səfir əlavə edib ki, Polşada yerləşən logistika mərkəzləri hazırda NATO-nun himayəsi altında fəaliyyət göstərir. Rumıniyada da analoji logistika mərkəzi mövcuddur, Slovakiyadakı mərkəz isə hələ aktivləşdirilməyib.
Bundan başqa, NSATU Ukrayna hüdudlarından kənarda keçirilən bütün hərbi hazırlıq proqramlarını da koordinasiya edir.
Hetmançuk bildirib ki, Ukrayna hazırda Patriot hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin 90-92%-ni avropalıların ABŞ silahlarını aldığı PURL mexanizmi çərçivəsində əldə edir.
O, həmçinin təsdiqləyib ki, Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna–NATO Şurasının nazirlər səviyyəsində iclası baş tutacaq.
Digər xəbərlər



















