Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: Azərbaycan bu gün Türk dövlətlərinin ortaq məqsədlərinə töhfə verir
Tarix: 29-06-2026 | Saat: 12:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğan: Azərbaycan bu gün Türk dövlətlərinin ortaq məqsədlərinə töhfə verir

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, müraciəti Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı səsləndirib.

“Türk dünyası həftəsi çərçivəsində Birinci Bakı Türkoloji Qurultayının 100 illiyi münasibətilə təşkil olunan bu əlamətdar konqresin uğurla keçməsini və Türk dünyası üçün xeyirli nəticələrə səbəb olmasını arzulayıram. Bir qədər əvvəl Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş ziyalılarımız Bakıda ortaq tarix və mədəniyyət şüurunun müsbət elmlər əsasında gücləndirilməsi məqsədini qarşıya qoydular. Onların apardıqları müzakirələr və qəbul etdikləri qərarlar yalnız bu günümüzə işıq salan elmi fəaliyyət deyil, eyni zamanda qətiyyətli iradə və uzaqgörən baxış ortaya qoydu. Bakı Qurultayının bizə miras qoyduğu bu ideyanı könül coğrafiyamızın hər bir guşəsində yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək hamımızın ortaq məsuliyyətidir. Türk dünyasındakı institusional əməkdaşlığımızın əsaslarından biri olan Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətlərimizi böyük mütəfəkkir İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarından ilham alaraq hər keçən gün daha da dərinləşdirir və genişləndiririk. Bütün bu prosesdə Bakı Qurultayının ortaya qoyduğu təşəbbüsü yolumuzu işıqlandıran bir rəhbər kimi qəbul etməyə davam edirik. Türkiyənin ən mühüm hədəflərindən biri Türk dünyasının ortaq tariximizə, dilimizə və mədəniyyətimizə sahib çıxması, qədim keçmişimizdən aldığımız güclə Türk əsri vizyonunun inşa edilməsidir. Bu çərçivədə qarşıdakı payızda keçiriləcək və mühüm qərarların qəbul olunacağı Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsini Türk dünyasının inteqrasiyası məqsədimizə istiqamət verəcək dönüş nöqtəsinə çevirmək üçün bütün gücümüzlə çalışırıq. Şübhəsiz ki, bu əlamətdar tədbirdə aparılacaq müzakirələr ortaq əməkdaşlıq imkanlarımızı genişləndirərək Ankara Zirvəsinə və bütövlükdə Türk dünyasının gələcəyinə mühüm töhfələr verəcək. 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsi kimi, bu mühüm tədbirin də Bakıda təşkil olunması təsadüf deyil. Türk dünyasının birlik və həmrəyliyinin ən güclü simvollarından biri olan Azərbaycan bu gün də Türk dövlətlərinin ortaq məqsədlərinə töhfə verməyə davam edəcək. Bu düşüncələrlə tədbirin təşkilində əməyi keçən bütün şəxsləri, qurum və təşkilatları təbrik edirəm. Konqres münasibətilə Birinci Türkoloji Qurultayda iştirak etmiş əcdadlarımızı rəhmətlə yad edir, Türk birliyimizin, həmrəyliyimizin və qardaşlığımızın daim olmasını diləyirəm”, - müraciətdə deyilir.



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər
4-03-2022, 11:51 Faktiki hava açıqlanıb