Tarix: 08-05-2026 | Saat: 16:21
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
11–17 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində paytaxtımızında “Bakı şəhərsalma həftəsi” təşkil olunacaq. Bakı şəhərinin müxtəlif məkanlarında eyni anda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Əməliyyat Şirkətindən Qarabaginfo.az-a verilən məlumata görə, ölkə səviyyəsində keçirilən Azərbaycan Şəhərsalma Kampaniyasının kulminasiya nöqtəsi olan “Bakı şəhərsalma həftəsi” dövlət qurumlarını, şəhərsalma mütəxəssislərini, akademik dairələri, mədəniyyət nümayəndələrini, gənc innovatorları və geniş ictimaiyyəti bir araya gətirəcək.
Bildirilib ki, həftə çərçivəsində keçiriləcək tədbirlər şəhərin müxtəlif məkanlarını, o cümlədən, tarixi abidələri, mədəni irs nümunələrini və müasir şəhərsalma həllərinin tətbiq olunduğu məkanları əhatə edəcək.
Qeyd edilib ki, tədbirlər silsiləsi qlobal müzakirələrin Bakının unikal şəhərsalma kontekstinə uyğunlaşdırılmasını, eləcə də şəhər sakinləri və xarici qonaqların bu müzakirələrdə yaxından və fəal iştirak etmələri üçün imkanların yaradılmasını hədəfləyir.
"Bakı şəhərsalma həftəsi geniş ictimaiyyət üçün açıq platforma kimi nəzərdə tutulub və dörd əsas istiqamət üzrə təşkil olunacaq.
“Fənlərarası Şəhər Dialoqu” çərçivəsində konfranslar, panel müzakirələri və ekspert görüşləri vasitəsilə yerli və beynəlxalq tərəfdaşlar arasında bilik və təcrübə mübadiləsi aparılacaq.
“Urban İnnovasiya Laboratoriyası” innovativ ideyaların real şəhərsalma həllərinə çevrilməsinə dəstək verəcək.
“Urban Marşrutlar” istiqaməti tematik gəzinti marşrutları vasitəsilə Bakının inkişaf mərhələlərini əks etdirən məkanların kəşfini təmin edəcək.
“Urban Mədəniyyət və İncəsənət” istiqaməti isə şəhərsalma mövzularının incəsənət vasitəsilə ifadəsini təşviq edəcək.
“Bakı şəhərsalma həftəsi”nin proqramı, iştirak və qeydiyyat qaydaları barədə məlumatlarla linkə keçid etməklə tanış ola bilərsiniz.
“Bakı Şəhərsalma Həftəsi” müvafiq dövlət qurumları, akademik və tədqiqat institutlarının iştirakı ilə geniş institusional tərəfdaşlıq formatında həyata keçiriləcək", - məlumatda deyilir.
Digər xəbərlər


















