Saytımızı qiymətləndirin


 
 

“Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz”  - Qalib zabitlə SÖHBƏT
Tarix: 22-01-2021 | Saat: 16:29
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Torpaqlarımızın azadlığı uğrunda mücadilə verən jurnalist İlham Tumas...

Birinci Qarabağ savaşında iştirak edib.

Sonra mübarizəsini jurnalistikada davam etdirib.

Düşüncəsi də, davranışı da, əməli də gerçək Vətəndaş mövqeyidir.

O, “çox iş görən, az danışar” məsələni öz əməliylə doğruldan azərbaycanlıdır.

Uzun danışmağı, döyüşdə üzləşdiyi səhnələri dilə gətirməyi xoşlamır.

Onu qısaca belə ifadə etmək olar, AĞAYANA ADAM.


İctimai televiziyanın əməkdaşı, həm də İkinci Qarabağ savaşının iştiraklçısı, baş leytenant, jurnalist İlham Tumas döyüş təəssüratlarını Moderna.az saytı ilə bölüşüb. 

 

Qələbədə bir damla belə payım oldusa, nə xoş mənə” 

 

- İllərdir həsrətində olduğumuz torpaqlarımıza qovuşduq və 30 illik arzumuz gerçəkləşdi, artıq gələcəyə baxmalıyıq. Döyüş xatirələri, orada yaşadıqlarımız hər biri filmlərdə çəkilib, kitablarda yazılacaq. Döyüşlərdə iştirak etdim və vətənə olan borcumu yerinə yetirdim. Mənim ikinci hərbi xidmətim idi, fəxrlə getdim və geri döndüm. Qələbədə bir damla belə payım oldusa, nə xoş mənə. 

 


“Əsgərlərimi bacardığım qədər qorumağa çalışdım”
 

 

- Sentyabrın 21-i təlimə çağırıldım, 27-si Vətən müharibəsi başladı. Döyüşlərə zabit kimi qatılmışdım. Əsgərlərimlə birlikdə Füzuli, Hadrut, Xocavənd, Şuşa istiqamətindəki döyüşlərdə iştirak etdim. İki taborda xidmət etmişəm. Birinci taborda tağım komandiri idim. Hər bir zabit öz əsgərlərini qorumalıdır, mən də əsgərlərimi bacardığım qədər qorumağa çalışdım, onlara dəstək olmaq da mənim borcum idi. Şükürlər olsun, döyüşlər zamanı heç bir əsgərim şəhid olmadı, hər biri sağ-salamatdır. Əsgərlərim mənim üçün, mən də əsgərlərim üçün çox dəyərli idim.

Müharibə bitdi və hər biri sağ-salamat evlərinə geri döndü. Sonra başqa bir taborda xidmət etməyə başladım. Bu taborda olduğum vaxt əsasən Cəbrayılın Daşkəsən kəndində olduq və onda artıq müharibə bitmişdi”.

 

Məndən daha çox haqqı olan qardaşlarımız, qazilərimiz var”

 

- Hər bir telekanal dəvət edir, saytlar müsahibə almaq istəyir, amma mən utanıram, düşünürəm ki, məndən daha çox haqqı olan qardaşlarımız, qazilərimiz var. Ayaqlarını, qollarını, gözlərini itiriblər. Bu cür igidlərimizi önə çıxarmaq lazımdır. Mən jurnalistəm, mənim üçün bütün telekanallar, saytlar açıqdır, amma qazilərimiz, şəhid ailələri telekanallara dəvət olunmalıdır, onlardan müsahibə almaq, onları tanıtmaq lazımdır ki, dəstək göstərilsin. İndi onlara medianın diqqəti çox vacibdir. Hər hansı qazi barədə yazı dərc ediləndə, onlara böyük dəstək göstərilmiş olur. Bir Şəhidimiz barədə yazı dərc ediləndə, onun ailəsinə böyük dəstək olur.

 


“Böyük qələbə qazandıq, çalışmalıyıq ki, böyüklüyümüzü saxlayaq”

 

- Mən düşünürəm ki, artıq gələcəyə baxmaq lazımdır. Böyük bir qələbə qazandıq, çalışmalıyıq ki, böyüklüyümüzü saxlayaq. Hər şeydən öncə düşünməliyik ki, bizim mənəvi dəyərimiz olan Qarabağımız azad edildi. Biz ora qayıtdıq. Biz buna köklənməliyik.

 

“Gərək o sadəliyi, təvazökarlığı unutmayaq”

 

- Qələbədən sonra bəzi insanlar artıq lovğalıq etməyə başlayırlar, çox ölkələrdə də bu cür hallar baş verib. “Döyüşdüm, gəldim, xüsusi imtiyaz tələb edirəm” və s.

Bu düşüncələr yalnışdır. Biz böyük bir qələbə qazanmışıq və imtiyazlar hər kəsə veriləcək. Amma xüsusi olaraq bunu göz önünə gətirmək, özünü digər vətəndaşlardan üstün tutmaq olmaz. Bizim bütün hərbçilərimizə hər zaman hörmət göstərilir, amma biz gərək sadəliyi, təvazökarlığı unutmayaq. Bu, Vətən borcu idi və hər kəs yerinə yetirdi.

 



Xəbəri paylaş

1406 dəfə oxunub.

Digər xəbərlər