Saytımızı qiymətləndirin


 
 

Şamil Ayrım: “Erməni problemini kökündən həll edəcəyik”
Tarix: 04-11-2020 | Saat: 12:18
Bölmə:Karusel / Siyasət / Müsahibə | çapa göndər

 

Şamil Ayrım: “Erməni problemini kökündən həll edəcəyik”
Şamil Ayrım

Qarabaginfo.az Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım “Report”a verdiyi müsahibəni təqdim edir:

- Şamil bəy, Azərbaycana xoş gəlmisiniz. Torpaqlarımızın işğaldan azad edilməsi üçün Vətən Müharibəsi gedir, bu barədə fikirlərinizi bilmək istərdik.

- Təşəkkür edirəm. Əlbəttə ki, bizim və can Azərbaycanımızın qanlı yarası Qarabağdır. Hörmətli prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana ən yüksək səviyyədə dəstəyi Türkiyə dövlətinin, 83 milyonluq vətəndaşımızın dəstəyidir. Bu, bizim üçün çox əhəmiyyətlidir və tarixən Azərbaycan və Türkiyə birlikdədirlər.

Ermənistanın 12 iyulda Tovuzda başlayan və 27 sentyabrdan müxtəlif istiqamətlərdə davam edən hücumlarını qəbul etmək mümkün deyil. Ermənistanın qatil idarəçiləri tarixin hər dönəmində Azərbaycan türklərini, müsəlmanları qətl ediblər. 200 illik tarixə dönüb baxsaq, onların əməlləri dəyişməyib. 1905, 1918 və son olaraq 1992-ci ildə Xocalıda aralarında yaşlılar, qadınlar və uşaqların da olduğu 613 günahsız insana – Azərbaycan türklərinə qarşı qətliam həyata keçiriblər. Bu, bütün dünyanın gözü önündə baş verdi. Amma sənədli, sübutlu bu qətliama dünya səssiz qaldı. Həmin vaxt o qətliama səssiz qalmasaydılar, bu gün baş verənlər yəqin ki, olmayacaqdı. Təssüf ki, bu gün belə bir tablo ilə qarşı-qarşıyayıq.

Sentyabrın 27-də Ermənistan tərəfindən dinc sakinlərə qarşı edilən hücumlara cavab olaraq, Azərbaycan öz qədim torpaqlarından erməniləri təmizləməyə başlayıb. Azərbaycan Ordusunun 30 il əvvəlki ordu olmadığını artıq bütün dünya gördü. Bu, son dərəcə nizam-intizamlı, yaxşı idarə edilən, arxasında xalqının gücü olan ordu və hörmətli prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə aparılan bir savaşdır. Azərbaycan xalqı 27 ildir əlindən alınan Qarabağı, işğal olunmuş torpaqlarını azad etmək istəyir. Azərbaycan Ordusu da bunun üçün lazımi addımları döyüş meydanında atır. Ötən gün Prezident İlham Əliyev yeni alınan yaşayış məntəqələrinin adlarını açıqladı və hər gün bu siyahıya yeni ərazilər əlavə olunur. Əlbəttə ki, bütün bunlar asan başa gəlmir. Çətin ərazilər olmaqla yanaşı, qatil düşmən hər yerə minalar basdırıb, müəyyən maneələr yaradıb. Azərbaycan Ordusu da ən az itki ilə bu uğurları əldə etmək üçün mübarizə aparır. Hörmətli Prezident İlham Əliyevin də yumruğunu sıxaraq dediyi kimi, inşallah, biz Qarabağa bayrağımızı sancdığımız zaman bütün dünya sülhün, sabitliyin, qardaşlığın Qafqaza gəldiyini görəcəyik. Həqiqətən də Qafqazda sülh istəyiriksə, mütləq Qarabağ münaqişəsi həll edilməldiir və bütün dünyaya bunu anlatmağa çalışırıq. Əlbəttə ki, çətinliklər var, ikili standartlarla üzləşirik. Əgər BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri ilə məsələ həll edilsəydi, bu gün müharibə olmayacaqdı. Ancaq inanıram ki, artıq məsələ tamamilə həll olunacaq. Nəhayət, Azərbaycan xalqının arzusu yerinə yetir.

- Türkiyədə dövləti, vətəndaşları hər zaman Azərbaycanın yanındadır. Hətta Qarabağ məsələsi ilə bağlı Türkiyə Böyük Millət Məclisində müvafiq qətnamə də qəbul edildi. Ancaq bu qətnaməyə parlamentdə təmsil olunan HDP-nin imza atmaması diqqətçəkən məqam oldu. Bu barədə fikirləriniz necədir?

- Hələ 12 iyulda Ermənistan tərəfinin Tovuza, həmçinin son olaraq oktyabr ayında Gəncəyə hücumları zamanı TBMM-də 4 partiyanın iştirakı ilə qərar çıxarmışıq. Təəssüf ki, HDP bu prosesdə iştirak etmir. Onların baxışı fərqlidir və məsələ Azərbaycan-Ermənistanla bağlı deyil. Onlar Türkiyədə bölücü bir qrupdur – Türkiyə rəhbərliyini bəyənmirlər, bəzi xarici qüvvələrlə əlaqələri var, terror təşkilatları ilə əlaqələrinin olduğu söylənilir. Belə bir partiyadan nəsə gözləmirik. Amma Türkiyədə “Siz Azərbaycana dəstək üçün ordu göndərilməsini istəyirsinizmi” formasında rəy sorğusunda iştirak edənlərin 75 faizi müsbət cavab verib. Ona görə də hesab edirəm ki, bu məsələyə HDP-yə səs verənlərin deyil, bu partiyanın rəhbərliyinin mövqeyi kimi baxmalıyıq. Düşünürəm ki, qarşıdakı dövrdə hamının ağlı başına gələcək.

- Sizcə, Ermənistanın türklərə qarşı nifrətinin arxasında nə dayanır?

- Ermənilərin türklərə qarşı tarixdən gələn bir qərəzli ədavəti var. Guya 1915-ci il hadisələrinə görə türklərin soyqırımı etdiyi iddiaları var. Təəssüf ki, bunu bəzi ölkələrin parlamentlərində də qəbul etdirirlər. 2006-cı ildə baş nazir R.T.Ərdoğanın təlimatı ilə TBMM-də təmsil olunan partiyalar – AKP və CHP bu problemin araşdırılmasının tarixçilərin öhdəsinə buraxılmasını, dünya arxivlərinin açılmasını və yaradılan komissiyaların gedib bu arxivləri araşdırmasına qərar verib. Bütün şərtlərdə bu heyətlərə kömək göstərməyə, mövcud arxivlərimizi açmağa hazırıq deyilməyinə rəğmən, keçən müddət ərzində nə o zamankı Ermənistan prezidenti buna müsbət cavab verdi, nə də sonrakılar. İndiki dövrdə də ermənilərin türklərə qarşı bu ədavəti davam edir.

Bundan başqa, ermənilər Türkiyənin sərhədlərini qəbul etmirlər və “böyük Ermənistan” xəyalları hələ də davam edir. Ermənistan dövləti bütün fəaliyyətini türklərə - Türkiyəyə, Azərbaycana, müsəlmanlara qarşı ədavət üzərində qurub. Türkiyəyə gedib baxsaq, orada bir nəfər də Azərbaycan türkü və müsəlman yoxdur. Amma Azərbaycanda 30 mindən artıq erməni vətəndaşın olduğu bildirilir. Həmçinin xristian dininə mənsub digər xalqlar yaşayır. Ermənistan bu ədavətdən, yeni doğulan uşaqlarına türk düşmənliyini öyrətməkdən əl çəkməlidir. Hesab edirəm ki, bu siyasətin arxasında Ermənistan dövlətinin başında dayanan Köçəryan, Sarqsyan və özünü belə idarə edə bilməyən Paşinyan kimi idarəçilər dayanır. Yəni bu məsələdə adi həyatını davam etdirən xalqların çox günahı yoxdur. Türkiyədə 100 mindən artıq erməni var. Prezident İlham Əliyevin də dediyi kimi, biz Şuşaya bayrağı sancdığımız zaman Azərbaycan vətəndaşları kimi ermənilər də orada rahat yaşaya bilərlər. Amma Ermənistan dövlətinin bu qərəzli ədavəti hər zaman olub və yəqin davam edəcək. Dünyanın müxtəlif yerlərində erməni terroru nəticəsində indiyədək 40-dan artıq diplomatımızı öldürüblər. Nədənsə həmin idarəçilərin ağılları başlarına gəlmir. Amma Türkiyə və Azərbaycan kifayət qədər sakit və qaydalara uyğun davranır, dünyaya yaxşı nəzərlərlə baxan və qonşuluq əlaqələrinin nə olduğunu bilən bir siyasət həyata keçirir. Azərbaycan Qafqazın parlayan ulduzu, Türkiyə iqtisadiyyatına görə ilk onluğa yaxınlaşan ölkələrdən biridir. İnşallah, ölkələrimiz daha da inkişaf etdikcə erməni problemini də kökündən həll edəcəyik. Çünki xalqların sülhə və qardaşlığa, yeni gəncliyin ən yaxşı şərtlərdə yetişməsinə ehtiyac var. İnanıram ki, Qafqazda Türkiyə-Azərbaycan həmrəyliyi yeni bir rüzgarın əsməsinə səbəb olacaq.

- Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ münaqişəsində Ermənistana verdiyi dəstəyi necə qiymətləndirirsiniz?

- ATƏT-in Minsk Qrupunun həmsədrləri bir fəlakətdir. 27 illik müddətə baxsaq, həmsədrlər - ABŞ, Fransa və Rusiya münaqişənin həlli üçün çox ciddi bir cəhd göstərməyiblər. Bunu hörmətli prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da hər çıxışlarında deyirlər. Yəni biz artıq bu həmsədrlik sistemini mənasız sayırıq. Hər üç ölkədə erməni diasporu çox güclüdür. Dolayısıyla bu həmsədrlər erməni diasporunun təsirinə düşüb masaya oturan zaman münaqişənin həll edilməməsinin daha uyğun olduğunu görərək fəaliyyətsiz qalırlar və bu da Ermənistana sərf edirdi. Ona görə də bu problemi həll etmədilər. Hazırda Fransada seçkilər var və Makron erməni diasporunun səsini almaq üçün bəzi manevrlər edir. Amma bu manevrlər onu sandığa basdıracaq. Prezident İlham Əliyevin də Makrona çox sərt mesajları oldu. Makron da Paşinyan kimi ağlını itirməkdədir. Onun Türkiyə və Azərbaycana nifrəti artıq bədəninə sığmır. Amma Türkiyə və Azərbaycanın dövlət başçıları Makrona hər sahədə öz anladığı dildə cavab verirlər. Dünyada Makron kimi liderlər olur və xalqlarını macəraya sürükləyirlər. “Demokratiya” deyirlər, amma öz ölkələrində insanları öldürürlər. Sonra da Azərbaycanda, yaxud Türkiyədə insan haqlarının vəziyyətini müzakirə edirlər.

- Müharibədən sonra Qafqazdakı vəziyyəti necə görürsünüz?

- Qafqaz qədim və türk xalqlarının olduğu bir coğrafiyadır. Buranın illərdir çəkdiyi acıların sona çatması lazımdır. Rusiyanın bu bölgəyə marağı hələ çar Rusiyası dövründən vardı. Şeyx Şamil 25 il onlara qarşı mübarizə aparıb. İnqilabdan sonra da Rusiyanın marağı daha artdı, neft yataqlarına, dənizə çıxışlara yaxınlaşmaq xəyalı burada Ermənistan dövlətinin qurmalarına səbəb oldu və dövləti Azərbaycan torpaqlarına torpaqlarında qurdular. Ermənistanın paytaxtı İrəvan illər öncə əhalisinin böyük əksəriyyəti türklər – müsəlmanlar olan bir şəhər idi. Amma bu gün orada bir nəfər də Azərbaycan türkü qalmayıb. Hesab edirəm ki, Qafqazda Qarabağ münaqişəsi həll edildikdən sonra görüləcək çox iş var. Digər türk respublikları da silkələnəcək ki, müstəqillik nə deməkdir. Təbii ki, bayrağın dalğalanması çox gözəl bir şeydir, amma siz imperialistlərin əsirisinizsə, bu, müstəqillik sayılmır. Burada ən müstəqil dövlət Azərbaycandır. Azərbaycanın bu haqlı mübarizədə qalib olması Qafqazda yeni böyük layihələrlə gündəmə gələcək. Prezident İlham Əliyevin “biz işğaldan azad etdiyimiz rayonda bayraq sancmaq üçün bir dam tapa bilmədik” deməsi çox kədərlidir. Məlum olur ki, ermənilər işğal etdikləri ərazilərdə çox az sayda insan qrupları yaşayıb, torpaqlardan ümumiyyətlə istifadə edilməyib, hətta mövcud olan yaşayış məntəqələrini də xarabalığa çeviriblər. Ona görə də həm Qarabağda, həm Qafqazda, həm də Türkiyə-Azərbaycan və digər dövlətlər arasında çox vacib layihələr həyata keçiriləcək. Yumruq - “düşmənin başını əzərik” deməklə yanaşı, bölgədə sülhün, qardaşlığın da simvolu olacaq! İnşallah, zəfər yaxındır və növbəti müsahibəni Şuşada hazırlayacağımıza inanıram!



Xəbəri paylaş

343 dəfə oxunub.

Digər xəbərlər