Saytımızı qiymətləndirin


 
 

İsveçin əslən Ağdamdan olan deputatı: “Millətimizin, Ordumuzun yanındayıq!”
Tarix: 02-10-2020 | Saat: 16:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

İsveçin əslən Ağdamdan olan deputatı: “Millətimizin, Ordumuzun yanındayıq!”

“İsveçdə həm fərdi şəkildə, həm də azərbaycanlılar icması olaraq əlimizdən gələni edirik. Buranın cəmiyyətinə Azərbaycanın haqq yolunda olduğunu çatdırmağa çalışırıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu əslən Ağdam rayonundan olan və hazırda İsveçdə yaşayan, bu ölkənin Yön Şöpinq vilayəti parlamentinin deputatı, İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyev-Şöderberq söyləyib.

“Mən İradə Əliyeva-Şöderberq Ağdam rayonunun Mərzili kəndində anadan olmuşam. Qarabağlıyam, ağdamlıyam, Mərzili qızıyam. 16 ildir İsveçdə yaşayıram, ancaq harada yaşamağımdan, nə qədər yaşamağımdan, nə işlə məşğul olmağımdan asılı olmayaraq mən 28 ildir Qarabağ, Ağdam, Mərzili həsrəti ilə yaşayıram. Gecə-gündüz yuxularımda görürəm böyüdüyüm, boya-başa çatdığım torpaqları, oxuduğum məktəbi – hər şeyi. Bütün azərbaycanlılar kimi mənim də ən böyük arzum öz torpaqlarımıza qayıtmaqdır”, - İ.Əliyeva-Şöderberq bildirib.

O deyib ki, Qarabağ həqiqətlərini İsveç cəmiyyətinə çatdırmaq üçün ölkənin ictimai həyatında aktiv iştirak edir:

“2007-ci ildə İsveçin ən böyük partiyalarından biri olan Sosial Demokrat Partiyasına üzv oldum. Burada Azərbaycan haqqında məlumat çox azdır. Mən anladım ki, bu ölkənin ictimai həyatına daxil olmalı, siyasətdə fəal iştirak etməliyəm. Harada yaşamağımdan, nə işlə məşğul olmağımdan asılı olmayaraq həmişə Qarabağ həqiqətlərini, torpaqlarımızın işğal edilməsi ilə bağlı məlumatları insanlara çatdırıram. Gecə-gündüz bu cəmiyyətə bunları çatdırmağa çalışmışam, əlimdən gələni etmişəm. 10 ildir regional parlamentin deputatıyam. Bütün bu işlərdə də ən böyük məqsədim Qarabağımızı tanıtdırmaqdır”.

İradə Əliyev-Şöderberq hazırda cəbhədə gedən döyüşləri həyəcanla izlədiyini də vurğulayıb: “İndi cəbhədə baş verən hadisələri həyəcanla izləyirik. Sözsüz ki, Mərzili qızı kimi ən böyük arzumuz torpaqlarımızın azad edilməsi, Şuşada bayrağımızı dalğalandırmaqdır. İgid əsgərlərimizə cansağlığı diləyir, mərd oğullarımıza Allahdan kömək istəyirəm. Millətimizin, Dövlətimizin, Ordumuzun yanındayıq!”. 



Xəbəri paylaş

384 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70