Saytımızı qiymətləndirin


 
 

Siyavuş Novruzovu və Aqil Abbası tanımağın üstünlüyü
Tarix: 13-12-2017 | Saat: 13:46
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Siyavuş Novruzovu və Aqil Abbası tanımağın üstünlüyü

Kəramət Böyükçöl

Yaxınlarda hələ istedadını sübut eləməmiş bir dostum mənə dedi ki, dolanmaq çətindir, bir sayta məni düz-qoş elə, yazım, qonorar alım. Özü də jurnalistika fakültəsini qurtarıb. Təbii, mən hansısa bir saytın redaktoru, hansısa bir media holdinqin rəhbəri deyiləm, ancaq buna baxmayaraq əlaqələrim vasitəsilə əlimdən gələn köməyi eləmək istədim ki, qələm dostum evinə bir tikə çörək aparsın, balaları var.

Ərkim çatan sayt rəhbərlərinin bir neçəsindən xahiş elədim ki, bu oğlanı işə götürsün. Nəhayət, biri razılıq verdi, dedi ki, gəlsin, bir ay sınaq müddətində işləsin, bacarsa, davam eləsin. Ayda da 500-600 manat maaş verəcəyinə də söz verdi. Adama bundan artıq nə deyərlər?

Dostum çox sevindi, mən də kiməsə kömək eləyə bildiyimə görə şad oldum. Ancaq iki gün işləyəndən, daha doğrusu, işləməyəndən sonra mənə zəng elədi ki, Kəramət, mən nə edim?

– Necə yəni? – soruşdum.

– Redaksiyada oturmuşam, bilmirəm nə yazım...

Hə, yeni işçidir, məsləhət vermək lazımdır. Burada ayıb bir şey yoxdur. Dedim ki, üzüyola, mehriban, səmimi bir deputatımız var: Aqil Abbas. Ona zəng elə. Nömrəsini də verdim.

– Zəng eləyib nə deyim?

– De ki, filan saytda işləyirəm, bizə bir müsahibə ver.

– Axı Aqil müəllim məni tanımır.

– Qardaş, onun sənin tanımağı vacib deyil, əsas odur ki, sən onu tanıyasan?

– Yox!

Başımın üstündə şimşəklər çaxdı.

– Onda zəng elə Siyavuş Novruzova – nömrəsin də dedim – de ki, bir müsahibə versin.

– Axı mən Siyavuş Novruzovu tanımıram.

Qəfil başımın üstünü qara buludlar aldı, göy guruldadı, yerimdə quruyub qaldım. Fikirləşdim ki, yenə bir az “məşq eləyib” Aqil Abbası tanımaq olar. Ağdam, Məmməd Araz, İradə Tuncay, deputat, “Dolu”... Bəs Siyavuş Novruzovu tanımayan adam necə jurnalist ola bilər? Nə deyim? Buna necə başa salım? Bir jurnalist ki, Siyavuş Novruzovun kim olduğunu ququldan axtarıb öyrənir, bəs sayt redaktoru ona necə kömək eləsin, necə maaş versin, necə qonorar versin? Axı sən əlifbanı bilmirsən. Axı sən “a” hərfini tanımırsan.

Yenə də dostuma yazığım gəldi. Düşündüm ki, çətin zəmanədir, dolanmaq iynə ilə gor eşmək kimi bir şeydir. Yol göstərdim, dedim ki, onda müsahibə alma, sorğu elə. Soruşasan ki, sorğu nədir? Siyavuş Novruzovu tanımayan adamın sorğunun nə olduğunu bilməməyi düzü, məni o qədər də təəccübləndirmədi.

– Sorğu odur ki, 5-6 adama zəng eləyirsən, yaxud, sosial şəbəkələrdə eyni sualı bir-bir onlara göndərirsən, sonra o adamları yaşına-başına, sanbalına, çəkisinə görə sıralayırsan, maraqlı bir başlıq seçirsən, verirsən redaktora, vəssalam.

– Nə sual verim?

Dişim bağırsağımı yesə də fikirləşdim ki, əslində, ona görə normal sualdır. Bilmir, soruşur.

– Məşhur adamlardan soruş ki, hazırda yaşadığınız həyat yoldaşınızla harda və necə, hansı şəraitdə tanış olmusunuz?

Qayıdasan ki, utanıram. Təsəvvür edin, Siyavuş Novruzovu, Aqil Abbası tanımadığına görə utanmır, məşhurlara belə bir sual verməyə utanır. Anladım ki, sorğu məsələsi də alınmayacaq. Dedim ki, onda reportajlar elə. Aydın məsələdir ki, reportajın da nə olduğunu soruşdu və mən də öz ağlım kəsəndən ona başa saldım, sonra da məsləhət gördüm ki, Səbuhi Məmmədlini oxusun. O da aydın məsələdir ki, Səbuhinin də kim olduğunu soruşdu və mən buna görə yenə də Siyavuş Novruzov qədər təəccüblənməsəm də, dərindən nəfəs alıb başımı yellədim, sonra isə Səbuhi müəllimin əlimə keçən bir neçə reportajını ona göndərdim. Bu oğlan Səbuhi müəllimin reortajlarını oxuyub mənə nə desə, yaxşıdır?

– İndi mən Cənubi Koreyaya reportaj yazmağa gedim?

Yenə də səbr elədim, dedim ki, qaqa, hələ sən get Səməd Vurğunun Ev Muzeyindən, Yazıçılar Birliyindən reportaj yaz, Allah qoysa, Cənubi Koreyaya sonra gedərsən.

Bu sualdan sonra bildim ki, onun reoprtaj yazmağı da alınmayacaq. Bəs bu adam saytda nə iş görsün ki, evinə bir tikə çörək apara bilsin? Bəlkə köşə yazsın? Bəs Aqil Abbası, Siyavuş Novruzovu, Səbuhi Məmmədlini tanımayan, sorğunun, reportajın nə olduğunu bilməyən adam köşəni necə yazacaq? Hərçənd ki, tanınmayan bir imzanın köşə yazması və buna görə qonorar tələb etməsi sayt rəhbərlərinə sərf eləmir. İkincisi, köşə təkcə tanınmayan imza üçün yox, elə tanınanlar üçün də çətindir. O boyda Zamin Hacı neçə illərdir təkrar-təkrar şeylər yazır. Nə olsun, adı-sanı var deyə, yazıları qəbul olunur. Zaminin günahı da yoxdur. Yazı yazmaq çox çətin məsələdir və ağır bir işdir. Bunu bilənlər bilir.

Bütün bunlardan sonra üzr istəyib gənc dostuma dedim ki, qardaş, alınmır, sayt rəhbəri deyir, onun əlindən heç nə gəlmir. Oğlan küsdü, incidi, aramız dəydi. Qırmızıca üzümə dedi ki, mənim səndən nəyim əskikdir, sən yaza bilirsən, mən yaza bilmirəm? Daha deyə bilmədim ki, ən azı mən Siyavuş Novruzovu, Aqil Abbası tanıyıram.



Xəbəri paylaş

661 dəfə oxunub.

Digər xəbərlər