“Mart ayının 1-də ölkə başçısı bir sıra mədəniyyət və incəsənət xadimlərini qəbul etdi. Qəbulda teatr və kino sahəsində olan problemlər və onların həll yolları müzakirə olundu, bir sıra məsələlərlə bağlı yerində qərarlar verildi. Ötən gün prezidentin imzaladığı sərəncam teatr və konsert müəssisələrində çalışan insanlar üçün əsl bayrama çevrildi.”

Bu fikirləri Open.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı deyib.

Onun sözlərinə görə, prezidentin bu sərəncamı teatr xadimlərinin qarşısında böyük məsuliyyət yaradır: “Ölkə başçısının sərəncamları ilə bir neçə teatra akademik status verildi. Mədəniyyət Nazirliyinə və teatrlara maliyyə vəsaiti ayrıldı, həm bölgə, həm də paytaxtda fəaliyyət göstərən teatrlara böyük diqqət və qayğı göstərildi. Teatr və Konsert müəssisələrində çalışanların maaşlarının 50% artırılması isə bizləri daha çox sevindirdi. Martın 10-u Azərbaycanda Milli Teatr Günü bayram edildi. Prezidentin ötən gün imzaladığı sərəncamla isə ikinci bayramımızı qeyd edirik. Bir sözlə bayram, bayrama qarışdı. Belə müsbət qərarların Novruz bayramı ərəfəsində olması isə bizlərə daha çox sevinc gətirdi. Bundan sonra bizim qarşımızda ciddi məsələlər dayanır. Həm ölkəmiz, dövlətimiz və tamaşaçılarımızın qarşısında böyük məsuliyyət hiss edirik. Qarşımızda böyük vəzifələr dayanır.

Maaşların artırılması teatrlara dəstək böyük məsuliyyət deməkdir. Bundan sonra bizim işimiz, gözəl tamaşalar, musiqi və teatr mədəniyyətinin inkişafında müsbət addımlar atmaqla bizə göstərilən etimadın və dəyərin əvəzini verməkdir. Mən özümün və sənət yoldaşlarımın adından cənab prezidentə təşəkkür edirəm. Hər kəs çalışdığı sahədə vicdanla millətinə, dövlətinə xidmət etməlidir.”

Qeyd edək ki, prezident İlham Əliyev "Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin ediləcək.