Saytımızı qiymətləndirin


 
 

“Son iclas” İstanbul Universitetində nümayiş olunub
Tarix: 22-12-2018 | Saat: 11:23
Bölmə:Karusel / Təhsil | çapa göndər

İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixinə həsr edilmiş “Son iclas” bədii-sənədli filmi nümayiş etdirilib və müzakirə edilib.

 "Qarabaginfo" xəbər verir ki, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin  başqanı Rəşid Mustafazadə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması,  Osmanlı dövləti ilə olan münasibətləri barədə qısa məlumat verərək, “Son iclas” filmi ilə bağlı maraqlı detalları nəzərə çatdırıb.

Tədbirin qonağı AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli tələbələrə  Azərbaycan Xalq Cümhuriyyətinin qısa zamanda əldə etdiyi nailiyyətlət,  qarşılaşdığı əsas çətinliklər haqqında təfərrüatlı bilgilər paylaşıb. F. Ələkbərli gəncləri maraqlandıran sualları cavablandıraraq, hər kəsi tarixi birbaşa düzgün mənbələrdən oxumağa çağırıb.

Film nümayiş olunduqdan sonra tələbələr tərəfindən qızğın şəkildə müzakirə olunub.

Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzi tərəfindən Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün ərsəyə gətirilib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır.

Xatırladaq ki, İstanbul Universitetində ilk dəfə olaraq fəaliyyətə başlayan birliyin əsas məqsədi azərbaycan kökənli gənclərə dəstək vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, "Bir millət, iki dövlət" şüarını əsas tutaraq qardaş ölkə gənclərinin əməkdaşlığını, qaynaşmasını təmin etməkdir.

İstanbul Universiteti Türkiyənin ən qədim universiteti olmaqla yanaşı, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş (2006) ilk Türkiyə universitetidir və eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır. Universitet iki Nobel mükafatçısını yetişdirib.

 



Xəbəri paylaş

624 dəfə oxunub.

Digər xəbərlər