Saytımızı qiymətləndirin


 
 

Azərbaycan tarixində 27 Aprel işğalı... - Nəsiman Yaqublunun araşdırması
Tarix: 27-04-2021 | Saat: 16:06
Bölmə:Karusel / Yazar | çapa göndər

Azərbaycan tarixində 27 Aprel işğalı... - Nəsiman Yaqublunun araşdırması
1918-ci ilin 28 Mayında yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan çox yaşamadı.
1920-ci ilin aprelin 27-də Rusiya dövləti tərəfindən Azərbaycan işğal edildi. Rusiya dövlətinin XI ordusu həmin günü 60 minlik böyük silahlı güclərlə Azərbaycan ərazisinə daxil oldu. Nəticədə Azərbaycan Cümhuriyyəti devrildi. 
1920-ci ilin aprelin 28-də Azərbaycanı işğal edən Rusiya bolşevikləri ölkədə sosialist inqilabının baş verdiyini, fəhlə və kəndlilərin hakimiyyətə gəldiyini elan etdilər.
Azərbaycanı işğal edən bolşeviklər əsl talançılıq və müstəmləkəçilik siyasəti həyata keçirirdilər. Onlar Azərbaycanın neftini və digər sərvətlərini mənimsəyib Rusiyaya göndərirdilər.
Qeyd edək ki, Sovet rejiminə qarşı Azərbaycanın milli qüvvələri də müqavimət təşkil edirdi. Gəncədə, Tərtərdə, Şuşada və Azərbaycanın digər bölgələrində sovet rejimi əleyhinə çoxlu sayda üsyanlar baş verirdi. 
1920-ci ilin 27 Aprel işğalından 1921-ci ilin avqustuna qədər Azərbaycanda 47 min insan öldürülmüşdü.
 
1920-ci  İLİN  27  APRELİNDƏ AZƏRBAYCANIN İŞĞAL EDİLMƏSİ
 
27 APREL, YOXSA  28  APREL?
 
 1920-ci ilin 27 aprelində Bolşevik Rusiyasının silahlı qüvvələri – başda XI Ordu olmaqla Azərbaycan sərhədlərini keçib müstəqil bir dövlətin ərazisini işğal etdilər. Həmin dövrdə Azərbaycan – Rusiya sərhədlərində olan azsaylı  silahlı dəstələrimiz müəyyən qədər müqavimət göstərsələr də bu, nəticəsiz oldu. Bəzi mənbələrdə 60 (altmış), bəzi mənbələrdə isə 70 (yetmiş)  min rus – bolşevik silahlı dəstələrinin Azərbaycana hücum etdiyi qeyd olunur. Əslində  “sovet hakimiyyətinin, fəhlə-kəndli hakimiyyətinin qurulması və Türkiyəyə yardım” adı altında Azərbaycanın  Rusiya tərəfindən yeni  işğalı baş verirdi. Azərbaycan Milli Qurtuluş  Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə yazırdı: ”Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında heç bir fərq yoxdur. O zamankı zəncirlərin rəngi ağ, indiki zəncirlərin rəngi qırmızıdır” (burada ağ və qara, Rusiyanın o dövrlərdəki bayraqlarına işarədir).
Azərbaycanda Sovet hakimiyyətinin mövcudluğu dövründə (1920-1991-ci illər) dövlətin təbliğat sistemində, nəşr etdiyi kitablarda, “27 Aprel” yox, “28 Aprel”  tarixinə üstünlük verilib. Bəs nə üçün?
Azərbaycan Xalq Cümhuriyyətinin mühacirətdə yaşayan liderləri (başda M. Ə. Rəsulzadə, Ə. Topçubaşov və d.) öz yazılarında, rəsmi sənədlərdə 1920-ci ilin 27 Aprelini Azərbaycanın işğalı olaraq qeyd ediblər. Bu, onunla izah edilib ki, Azərbaycan dövlətinin sərhədləri Rusiya bolşeviklərinin XI Ordusu tərəfindən aprelin 26-dan 27-nə keçən gecə pozulub və işğalçı qüvvələr Yalama-Xaçmaz tərəfdən ərazimizə daxil olublar.
Yəni, hələ 1920-ci ilin 21 və 23 aprel tarixlərində Qafqaz Cəbhəsi İnqilab Hərbi Şurası S.Q.Orconikidzenin başçılığı ilə XI Orduya Aprelin 27-də Azərbaycan sərhədini keçib, bütün ərazini tutmaq əmrini vermişdi. Aprelin 26-da XI Ordu qərargahı  hücuma rəhbərlik etmək üçün Dərbəndə köçmüşdü. XI Ordunun hücumu  aprelin 26-dan 27-nə keçən gecə saat 12-də başladı. İrəlidə dəstə komandiri  M.Q.Yefremovun yerləşdiyi “III İnternasional” qatarı gedirdi. Yalama stansiyasında Azərbaycan Ordusu əsgərləri ilə qısa döyüşdən sonra Milli Orduya məxsus zirehli qatar geri çəkilməyə məcbur oldu. Xudat və Xaçmaz stansiyalarında da Milli Ordu əsgərləri döyüşüb müqavimət göstərdilər (bəzi mənbələrdə 1000-ə qədər əsgərin döyüşdə həlak olduğu söylənilir). Lakin onların sayı işğalçı bolşevik ordusundan olduqca az idi. Azərbaycan sərhədlərini keçən bolşevik ordusunda 60-70 min əsgər var idi. Bizim 25-30 minlik ordumuzun böyük bir hissəsi bolşeviklərin göstərişi ilə Qarabağda qiyam qaldırmış ermənilərlə savaşa göndərilmişdi. Generallarımızdan S. Mehmandarov və  Ə. Şıxlinski körpünü partladıb XI Orduya mane olmadılar. 1920-ci ilin Aprelin 28-də saat 5-də “III İnternasional”  zirehli qatarı 23 saatlıq Yalama-Bakı məsafəsini qət edərək Bakı Vağzalına çatdı.
Beləliklə, bolşeviklər məhz 28 Apreli Azərbaycanda Sovet Hakimiyyətinin yaradılması günü élan edərək “28 Aprel İnqilabı”  olaraq  dünya ictimaiyyətinə yaydılar. Yəni 27 Aprel işğalı yox, yalan və saxta bir təqvim yaratdılar –28 Aprel inqilabı. 
27 Aprel işğalı ilə əlaqədar M. Ə. Rəsulzadə yazırdı: “Qanlı çar istibdadının yerini bu dəfə  ondan daha qanlı bolşevik istibdadı tutdu. Beləliklə, azadlıq istiqlalımız qızıl istilaçıların ayaqları altına əyildi”.
SOVET  İŞĞALI –“QRAB NEDELYA”
(“YAĞMALAMA” HƏFTƏSİ)
 
27 aprel 1920-ci ildə  bolşeviklər Azərbaycanda “Qrob nedelya” (“Yağmalama həftəsi”) elan edərək ticarətxanaları,dükanları, evlərin uşaq oyuncaqlarına qədər hər şeyi talan edib 60  vaqon dolu əşyanı “Yoldaş Leninə Azərbaycandan hədiyyə” adı altında Moskvaya yolladılar. Ərzaq anbarları müsadirə edildi, Moskva proletariatına göndərildi. Azərbaycanlı ailələr küçələrə atıldı, evləri mənimsənildi. Seçmə ziyalılar, hökumət adamları, məmurlar, tanınmış pedaqoqlar  öldürüldü, ya həbs edildi. İki gün ərzində Bayıl həbsxanasında  300  nəfər güllələndi, 10  minə qədər insan Sibirə sürgünə göndərildi.
Bolşeviklər neft və neft məhsulları olmaqla, Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərini Sovet Rusiyasına daşıdılar.
Azərbaycan talan edilir, sərvəti Rusiyaya daşınırdı. Yalnız 1920-ci ilin mayın 1-də Rusiyaya “Buniyad” gəmisi ilə 67, 528 pud neft; “Rus” gəmisi ilə 76697 pud mazut yola salınmışdı.
Sovetlər Birliyi dövründə 800 (səkkiz yüz) min slavyan əsilli əcnəbi Azərbaycana gətirilərək burada əbədi məskunlaşdılar.
BOLŞEVİK  QƏTLİAMLARI
(İlk qurbanlar)
 
1920-ci ilin Aprelin 27-dən 28-nə keçən gecədən başlayaraq, bolşeviklər Azərbaycanda amansız  qətliama başladılar.
Sənədlərdən məlum olur ki, 1920-ci ilin Aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfər qırmızı terrorun qurbanı olmuşdu. 1921-ci ilə qədər ancaq hərbçilərdən 12 general, 27 polkovnik (albay) və podpolkovnik, poruçik və podporuçik, 146 proporşik, 266 nəfər başqa işçilər güllələnmişdi. Yalnız 1920-ci ilin mayın 26-dan iyunun 4-nə qədər Gəncədə baş verən üsyanda 10 minədək Azərbaycan insanı həlak olmuşdu.
27 Aprel Azərbaycanın tarixində işğal günü olaraq mühacirətdə yaşamış siyasi xadimlərimizin yazılarında və əsərlərində də ictimaiyyətə təqdim olunmuşdur.
 
Nəsiman Yaqublu
Tarix elmləri doktoru


Xəbəri paylaş

1407 dəfə oxunub.

Digər xəbərlər
9-12-2022, 12:44 Sabah hava necə olacaq?
5-06-2023, 20:52 Paşinyan Rusiyaya gedir