Saytımızı qiymətləndirin


 
 

SSRİ tarixində ən qəddar SİMA – “DƏMİR NARKOM”
Tarix: 18-12-2017 | Saat: 21:45
Bölmə:Karusel / Dünya | çapa göndər

“Məxfi” qrifli qovluqlar açıldıqca onun haqqında tükürpədici, ağılasığmaz yeni faktlar ortaya çıxır. O, digər yüksəkçinli sovet məmurlarından fərqli olaraq cəmisi 2 illik fəaliyyəti ilə öz adını, “Yejovşina” dövrünü tarixə həkk edib. Nikolay Yejovun 100 minlərlə insanın həyatına son qoyması bir tərəfdən  Stalinin əmr və göstərişləri olubsa, digər tərəfdən bu göstərişlərdəki insan talelərini əks etdirən rəqəmləri kəskin şəkildə artırmaq onun şəxsi təşəbbüsü ilə həyata keçirilib.

 

Psixoloji durumunda kifayət qədər problemlər olan Yejov “NKVD” rəhbərliyinə qədər necə yüksəlib? İki illik ibtidai təhsili olan bu şəxsin mühüm vəzifəyə təyinatı təsadüflərinmi nəticəsi olub, yoxsa bu, Stalinin düşünülmüş kadr siyasəti idi?

 

Modern.az saytı Nikolay Yejov haqqında yazını təqdim edir.

 

Sözsüz ki, insan sərrafı olan Stalinin komandasında təsadüfən peyda olmaq, özü də “NKVD” kimi mühüm bir posta başçılıq etmək mümkünsüz bir məsələ idi və bu təyinat heç kimin zəmanəti olmadan birbaşa Stalinin göstərişi ilə həyata keçirilib. Özü də, çox təcili. Hətta o qədər təcili ki, Stalin 25 sentyabr 1936-cı ildə məzuniyyətdə olarkən aşağıdakı məzmunda Moskvaya teleqram göndərib:

“Yoldaş Kaqonoviçə, Molotova və Mərkəzi Komitənin siyasi bürosunun digər üzvlərinə. Nikolay Yejovun Xalq Daxili İşlər komissarı vəzifəsinə təcili təyin olunmasını zəruri hesab edirəm...”.

 

Bu müəmmalı təyinatın sirrini yəqin ki, Stalindən başqa heç kim bilməyib. Yalnız araşdırmalardan belə qənaətə gəlmək olar ki, həmin ərəfədə rəhbər böyük miqyaslı “təmizlik” işlərinə start verməyə hazırlaşıb. Və əvvəlcədən Yejovun çox da normal olmayan psixoloji durumu son incəliklərinə qədər öyrənilib və qənaətə gəlinib ki, bu cür psixoloji durumda olan insandan maksimum istifadə etmək olar. Digər bir tərəfdən Nikolay Yejovun Stalinə qarşı qədərindən də artıq sədaqətli olması, rəhbərə xoş gəlmək üçün bütün tapşırıqları düşünmədən, müzakirəsiz yerinə yetirə biləcəyi də nəzərə alınıb. Beləliklə də, yeni “NKVD” şefi ağılasığmaz repressiyalar, sürgünlərlə Stalinin planlarını həyata keçirməyə başlayıb. Komissar olduğu dövrdə Nikolay Yejov 1 milyon 500 min insanın həyatına son qoyub. Bunlardan 800 minə yaxını ən ağır cəzaya, ölüm hökmünə məhkum edilib.

 

Yejov insan ölümünə qarşı o qədər ehtiraslı olub ki, güllələnmə ilə bağlı sənədlərə imza atdıqdn sonra çox böyük həvəslə bu işin icrasında da iştirak edib.

 

“Dəmir komissar”ın “NKVD”-yə gətirdiyi yeniliklərdən biri “xalq düşmənləri”nin sayı ilə bağlı müttəfiq respublikalara, vilayətlərə qoyduğu plan idi. O, hər bir respublikaya və vilayətə neçə nəfər insanın cəzalanmasını konkret rəqəmlərlə göstəriş verib. Cəzalar iki növə bölünüb, güllələnmə və xüsusi düşərgələrə sürgün. Repressiyaya məruz qalacaq insanların sayı və siyahısı Yejovun başçılığı ilə NKVD-də hazırlanıb. Bu insan talelərinə son qoyan sənədə Siyasi Büroda “xeyir-dua” veriblər. Stalin siyahıda kimin adının qarşısına 1 rəqəmi qoyubsa, yəni 1-ci kateqoriya güllələnmə, 2 rəqəmi qoyubsa, sürgün və türmə cəzası nəzərdə tutulub.

 

Cəzaların say planı ilə bağlı məmurlar arasında bu cür yazışmalar aparılıb:

Omsk vilayəti Xalq Daxili İşlər Komissarlığı idarəsinin rəisi Qorbaçın Yejova teleqramı: “Vilayətdə 1-ci kateqoriyadan 5444 nəfər həbs olunub”.

 

Yejovun cavabı: “1-ci kateqoriyaya aid olan həbslərin sayı 8 minə çatdırılsın və təcili məruzə edilsin”.

 

Digər məruzələrdə göstərilir ki, Ukrayna planı 30 min nəfər, Belarusiya 5 min nəfər artıq yerinə yetirib.

 

Rəhbərin bütün tapşırıqlarını kor-koranə olsa da canla-başla lazımi səviyyədə həyata keçirən Nikolay Yejov mövcud dövrdə Stalin üçün sərfəli kadr sayılıb. Onun üçün Yejov repressiya aləti funksiyasını daşıyıb. Həm də bununla yanaşı, Yejovun repressiyalarla bağlı şəxsi təşəbbüskarlığı da rəhbərin ürəyincə olub.

 

Təbii ki, ölkədə tüğyan edən repressiya dalğasının xalqda böyük narahatlıq yaratdığını Stalin dərk edib və sözsüz ki, bunun törədə biləcək fəsadlarını da düşünüb. Amma rəhbər üçün çıxış yolu tapmaq çətin olmayıb. “Yejovşina dövrü”nə son qoymaq və sonradan onu lənətləmək. Həmin dövrdə “NKVD”-yə xüsusi səlahiyyətlərin verilməsi də təsadüfi deyildi. Qan tökmək, məhv etmək üçün bu səlahiyyətlər yetərli idi. Arxiv sənədlərində də bu məsələ öz əksini tapıb. Repressiyalarla bağlı bütün təqdimatlarda, siyahılarda yalnız Yejovun imzası və “NKVD”-nin möhürü görünüb. Belə ki, Stalinin göstərişləri şifahi olub, qurban gedəcək insanların siyahısı rəhbərə Yejovun imzası ilə təqdim edilib, siyahıdakı insanların sürgününə və qətlinə razılıq yenə də rəhbər tərəfindən şifahi verilib, icra üçün sənədlərə isə Yejov imza atıb. Bununla da amansız repressiyaların rəsmi sənədlərdə əsas müəllifi Nikolay Yejov sayılıb.

 

Yejov bu xidmətləri qarşısında ona tələ qurulacağını bəlkə də ağlına gətirməyib. Yalnız Lavrenti Beriyanı “NKVD”-yə müavin təyin edəndə o, onu gözləyən qasırğanın havasını hiss etməyə başlayıb. Qısa bir müddətdən sonra Yejovun “NKVD” rəhbərliyindən uzaqlaşdırılması və Su Nəqliyyatı Komissarlığına təyin olunması onun üçün növbəti xəbərdarlıq olub. Bu kadr dəyişikliyi Yejovu çox da narahat etməyib. Əsas narahatlıq Stalinin qəzəbindən yayınmaq idi. Çünki sabiq “NKVD” şefi yaxşı bilirdi ki, Stalin komandasından rahatlıqla ayrılmaq, Stalin rejimində “sabiq” kimi asanlıqla kənara çəkilmək mümkünsüz bir işdir. Bu mümkünsüzlük isə artıq partiya qurultayında bütün çılpaqlığı ilə Yejovu haqlayıb.

 

Stalinin də iştirak etdiyi qurultayda son məsələ Mərkəzi Komitəyə yeni seçkilər, köhnə heyətdən kimin çıxarılacağı olub. Növbə Yejova çatıb. Andreyev qurultay iştirakçılarına üz tutaraq təklif verməyi xahiş edib. Yerdən bir neçə iştirakçının Yejovun Stalinin ən sədaqətli kadrı olduğu kimi fikirləri səslənib və onun Mərkəzi Komitə üzvlüyündə qalması təklif olunub. Bu məqamda Stalin qurultayın rəyasət heyətindəki kürsüsündən ayağa qalxıb:

- Yejov! Mən səni görə bilmirəm, sən hardasan? Əgər zaldasansa, bura yaxınlaş.

 

O, həqiqətən də boyunun kiçik olduğundan iclas zallarında çətinliklə görünüb. Yejov arxa cərgədən çıxıb rəyasət heyətinə yaxınlaşıb. Stalin sərt baxışlarını ona dikərək:

- Sən özün haqqında nə düşünürsən? Sən Mərkəzi Komitənin üzvü ola bilərsənmi?

 

- Mən həmişə partiyamıza sədaqətlə xidmət etmişəm. Sizin həyatınız mənim üçün öz həyatımdan da artıqdır.

 

- Deməli, belə, yoldaş Yejov. Bəs sən Frinovskini tanıyırsan?

 

- Əlbəttə, o mənim müavinim olub.

 

- Demək, sən onunla, onun başına topladığı insanlarla əlbir olmusan, yığışıb danışıqlar aparmısınız, planlar çızmısınız. Məni öldürmək istəmisiniz. Məqsədiniz Stalini aradan götürmək olub. “NKVD”-nin rəhbər işçisini tapança ilə mənim yanıma növbəyə göndərmisən. Bəlkə mən bunları hiss etməyəydim?

 

Daha sonra qurultayda Stalin yüz minlərlə insanın ölümündə Yejovu günahlandırıb.

 

Və təbii ki, səhərisi gün kütləvi informasiya vasitələrində bütün bunlar işıqlandırılacaqdı, xalq növbəti dəfə Stalinin nə qədər “haqlı və ədalətli” olmasının şahidi olacaqdı.

 

Aydın məsələdir ki, qurultayda Stalinin Yejova qarşı belə münasibəti sabiq komissar üçün ən ağır hökm idi.

 

 

10 aprel 1939-cu ildə Yejovu Mərkəzi Komitəyə, Malenkovun yanına dəvət ediblər. Söhbət çox da uzun çəkməyib. Kabinetdən çıxan Yejovu qapının ağzında üç çekist saxlayıb və Beriyanın imzası ilə ona həbs olunması haqqında order təqdim olunub.

 

Digər tərəfdən də Yejovun fəaliyyətində bir sıra qüsurlar özünü biruzə verməyə başlayıb. Yejov spirtli içkilərin aludəçisi olmaqla yanaşı, narkotik vasitələrdən də istifadə edib. Hətta bəzi hallarda içkinin təsirindən özünü idarə edə bilməyib. Bu haqda Siyasi Büronun üzvləri və şəxsən Stalin də məlumatlı olub. Stalin sonralar Yejov haqqında bu fikirləri səsləndirib:

“Yejov, bu insanı yalnız alçaq adlandırmaq olar. O bizim ən dəyərli insanlarımızı məhv etdi. Son vaxtlar özünü tamamilə itirmişdi. Zəng edirdin komissarlığa, deyirdilər Mərkəzi Komitəyə gedib. Zəng edirdin Mərkəzi Komitəyə, deyirdilər işə qayıdıb. Evinə adam göndərirdin ki, sərxoş vəziyyətdə meyit kimi yatıb. Neçə günahsız insanların həyatına son qoyub bu insan. Buna görə də biz onu güllələdik”.

 

SSRİ adlı məkanda at oynadan, meydan sulayan Yejovun ailəsində böyük problemlər yaşanıb. Rəsmi nikahda olduğu həyat yoldaşı Sulamifya bir çox kişilərlə eşq macəraları ilə ad çıxarıb. 1938-ci ildə isə Mixayıl Şoloxovun məşuqəsi olub. Onlar heç kimdən çəkinmədən Moskvanın mehmanxanalarında sevgi oyunları yaşayıblar. Onların olduqları otaqlarda gizli səsyazan qurğular quraşdırılıb və Yejov həyat yoldaşı ilə Şoloxovun intim söhbətlərinə dəfələrlə qulaq asıb.

 

Yejov isə özünə Sulamifyanın rəfiqəsini məşuqə seçib. Özünün homoseksual olduğunu etiraf edən Yejov məşuqəsinin əri ilə cinsi əlaqədə olub.

 

Nikita Xruşov yazdığı xatirələrində Yejovun həbs olunduğu günü belə xatırlayır:

“Həmin gün mən Kremldə idim. Stalin məni Kremldəki mənzilinə şam yeməyinə dəvət etmişdi. Otaqda bizdən başqa Molotov və bir neçə nəfər də var idi. Yejovdan söhbət düşəndə heç vaxt öz təmkinini pozmayan Stalin möhkəm əsəbləşdi və dedi ki, bu təhlükəli caninin həbs olunmaq vaxtıdır, elə bu gün. Biz nadir hallarda Stalinin belə əsəbləşdiyini görmüşdük. Qısa bir vaxtdan sonra otaqda telefon zəng çaldı. Yejovun həbsi haqqında Stalinə məruzə edildi”.

 

1940-cı ilin fevralın 1-də Yejovun istintaqı sona çatıb. İstintaqı aparan Yesaulov ittihamnaməni oxuduqdan sonra soruşub:

 

-  Siz günahınızı etiraf edirsinizmi?

 

Yejov qətiyyətlə etirazını bildirib:

 

-  Xeyr mən ittihamnamə ilə razı deyiləm. Tələb edirəm Siyasi Büronun üzvlərindən biri mənimlə görüşsün.

 

-  Axı siz istintaq materiallarına qol çəkib imza atmısınız.

 

-  Mən bunu ona görə etmişəm ki, məni incitməsinlər, döyməsinlər.

 

Yejovla söhbəti alınmayan müstəntiq onun tələbi haqqında Beriyaya məlumat verib. Beriya da öz növbəsində istintaqın yekunlaşıb işin məhkəməyə verilməsi haqqında Stalinə məruzə edib və deyib ki, bu balacaboy (Yejovun boyu 1 m 51 sm olub) yaramaz məhkəmədə öz günahını etiraf etməyəcək, hələ üstəlik artıq-əskik də danışacaq. Nəhayət, belə qərara gəlinib ki, Beriya Yejovla görüşsün. Səhərisi gün Beriya türmədə Yejovla özünəməxsus tərzdə görüşüb. Görüş otağına girən kimi stolun üstünə bir qrafin araq qoyub:

 

- İç Kolya, iç bir az rahatlan. Bu nədir əllərin əsir. Sənin kimi o qədər çinovniklər partiyamızın qarşısında mərdi-mərdanə günahlarını etiraf ediblər. Amma heç biri sənin kimi qorxmayıb. Bəlkə, sən də günahlarını boynuna alsan həyatını xilas etmiş olarsan.

 

- Siz mənə söz verə bilərsiniz ki, mənim qohumlarım repressiyaya məruz qalmayacaqlar? Axı onların heç bir günahı yoxdur.

 

- Buna şübhən olmasın. Birin də iç və get düşün. Məhkəmədə günahlarını boynuna al.

 

Əslində Nikolay Yejov onu nə gözlədiyini çox gözəl bilirdi. Axı vaxtilə belə məsələlərlə birbaşa özü məşğul olmuşdu. O yaxşı dərk edirdi ki, məhkəmədə etirafın edilib-edilməməsindən asılı olmayaraq, Stalinin qərarı yerinə yetirilməlidir.

 

Yejovun məhkəməsi çox da uzun çəkməyib. Ona qarşı irəli sürülən ittihamların heç biri ilə razılaşmayan Yejov yalnız homoseksual olduğunu etiraf edib və bildirib ki, o hələ gənc yaşlarından kişilərlə cinsi əlaqədə olub. Həmin dövrdə homoseksuallıq cinayət əməli sayılıb.

 

Məhkəmədəki son çıxışında Yejovun ən yadda qalan ifadəsi isə bu olub:

“Yoldaş Stalinə çatdırın ki, mən ona sədaqətlə xidmət etmişəm, öləndə də “Stalin uğrunda” deyib öləcəm”.

 

Məhkəmə Nikolay Yejova ona məxsus olan əmlak və əşyalarını müsadirə etməklə güllələnmə hökmünü çıxarıb.

 

1940-cı ilin fevralın 4-də məhkəmənin hökmü icra olunaraq Nikolay Yejov güllələnib. Həyatının sonuncu dəqiqəsində o, “Yaşasın Stalin!” sözünü deyib.



Xəbəri paylaş

804 dəfə oxunub.

Digər xəbərlər