Tarix: 22-10-2020 | Saat: 12:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Bu gün bölgədə baş verənlərə görə təkcə Ermənistan deyil, həm də Ermənistanın bu şıltaqlığına göz yuman beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk Qrupunun həmsədrləri bərabər məsuliyyət daşıyırlar”.
Bunu Qarabaginfo.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, müharibə başa çatandan sonra Azərbaycan beynəlxalq qurumlar qarşısında bir çox məsələləri qaldıra biləcək: “Xüsusilə ATƏT sədrinin şəxsi nümayəndəsi olan Anjey Kaspşiki iti qovan kimi Azərbaycandan qovmalıyıq. Çünki bu adam Azərbaycanı aldatmaqla məşğul olub. Bunun keçirdiyi monitorinqlərdə sırf Ermənistanın maraqları təmin olunub. ATƏT-in Minsk Qrupunun monitorinq qruplarının bölgəyə səfərlərindən sonra verdiyi bəyanatlarda Ermənistan tərəfinin Azərbaycanın işğal edilmiş ərazilərində müdafiə istehkamlarını qurması, kütləvi şəkildə silahlanması ilə bağlı heç bir məlumat Azərbaycan tərəfinə verilməyib. Ermənistan tərəfinin bu qədər silahlanması, işğal altında olan torpaqlarda bu qədər müdafiəni gücləndirilməsinə yol verilməməli idi. Bunu bölgəyə nəzarət mexanizmini həyata keçirən qurumlar təmin etməli idi. Çünki Ermənistan üçün hansısa qanundan, qaydadan danışmaq mümkün deyil. Görünən odur ki, bu qurumlar da bu müddət ərzində sadəcə Azərbaycan tərəfini aldatmaqla məşğul olub. İşğal altında olan Azərbaycan ərazisi onsuz da gec-tez boşaldılmalı, Azərbaycana geri qaytarılmalı idi. Aparılan sülh danışıqları da bu məqsədə xidmət edirdi. Beynəlxalq qurumların da, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işi bunu təmin etmək idi. Amma Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları həm bu qurumların fəaliyyətinin yarıtmazlığını, həm də Ermənistan tərəfinin işğalı davam etdirmək istəməsi ilə bağlı siyasətini ortaya qoydu. ATƏT sədrinin şəxsi nümayəndəsi və onun səhra yardımçıları məsuliyyətə cəlb edilməli, onlar izahat verməlidirlər. Aktiv döyüş əməliyyatları bitəndən sonra onlar Azərbaycana hesabat verməyə borcludurlar ki, niyə bu məqamları rəsmi sənədlərində qeyd etməyiblər? Həmin rəsmi sənədlər monitorinqin yekunu kimi həm Azərbaycana, həm də Ermənistana təqdim olunurdu. Biz hazırda əmin oluruq ki, Ermənistanın işğal edilmiş torpaqları mənimsəmək, özününküləşdirmək siyasətinə beynəlxalq qurumlar sadəcə şərait yaradıblar”.
Ü. Cəfərov vurğulayıb ki, Azərbaycan BMT qarşısında da işğalçı Ermənistanın kütləvi şəkildə silahlanması ilə bağlı, Ermənistana bu silahları satan dövlətlərlə bağlı məsələ qaldırmalıdır: “Prezident İlham Əliyevin də hər dəfə öz çıxışında dediyi kimi, işğal olunmuş ərazilərdə qənimət kimi ələ keçirilən, məhv edilən silah-sursata düşmən ordunun silahları bitmir. Kasıb, yoxsul Ermənistanda bu qədər silah-sursat hardandır? Buna aydınlıq gətirmək lazımdır. Bunu edənlər Azərbaycana hesabat verməlidirlər. Ermənistanı qeyri-qanuni silahlandırmaqla məşğul olan ölkələr müəyyən edilməli, beynəlxalq araşdırma aparılmalı, buna görə günahkar ölkələr məsuliyyətə cəlb olunmalıdır. Bu məsələlər belə qala bilməz”.
Hərbi ekspert nəzərə çatdırıb ki, Ordumuz müharibəni yekunlaşdırandan sonra diplomatiyamızın üzərinə böyük yük düşəcək: “Diplomatiyamız bununla bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırmalıdır. İlk olaraq Ermənistan Avropada Silahlı Qüvvələr haqqında Cinah sazişinin tələblərini pozub. Ermənistan döyüş meydanında deyil, döyüş bölgəsindən kənarda sivil hədəfləri vurmaqla da hərb qanunlarını tapdalayıb. Bu, qəbuledilməzdir. Buna görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyətə cəlb edilməlidir. Həm işğalçıya açıq və gizli dəstək verənlər, həm də işğalçıya mənəvi və maddi kömək göstərənlərin hamısı cavab verməli və məsuliyyətə cəlb olunmalıdır. Ermənistana silah qaçaqmalçılığında kömək edən ölkələr müəyyən edildikdən sonra onlar da məsuliyyətə cəlb edilməlidir. Sözsüz ki, Ermənistan Azərbaycan üzərindən, Türkiyə üzərindən ölkəsinə silah apara bilməzdi. Qonşu Gürcüstan üzərindən də Ermənistana silah aparmaq mümkün deyildi. Belə olan halda yerdə qalan ölkələr özləri nəticə çıxarsınlar ki, onların bir vaxtlar gizli şəkildə silah qaçaqmalçılığında Ermənistana göstərdiyi dəstək elə onların öz başında çatlamalıdır və çatlayacaq. Azərbaycan da bu məsələni elə qaldırmalıdır ki, gələcəkdə bu ölkələr buna bir daha əl atmasınlar. Bu ölkələrə qarşı sanksiyalar tətbiq edilməlidir. Eyni zamanda Ermənistan beynəlxalq təşkilatların yardımlarından məhrum edilməli, Ermənistana qarşı silah satışında müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır”.
Firuzə Vahid
Digər xəbərlər