Saytımızı qiymətləndirin


 
 

QMİ sədrinin apardığı məktub Rusiyada necə qarşılanıb?
Tarix: 21-08-2024 | Saat: 08:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə avqustun 14-15-də Rusiyaya səfər edib.

QMİ sədri vəfat etmiş tanınmış din xadimi – Qafqaz Xalqları Ali Dini Şurasının sədr müavini, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi Hacı İsmayıl Berdiyevin hüzr mərasiminə qatılıb. Ailəsinə, yaxınlarına, Qaraçay-Çərkəz Respublikasının rəhbərliyinə və ictimaiyyətinə Azərbaycan Respublikasının Prezidentinin başsağlıqlarını çatdırıb.

Mineralnıye Vodı Beynəlxalq Hava Limanında Şeyxülislam həzrətlərini RF Qaraçay-Çərkəz Respublikasının rəhbəri Rəşid Temrezov qarşılayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin İ.Berdiyevin vəfatı ilə bağlı başsağlığı məktubu imzalamasını mərhum müftinin ruhuna böyük ehtiram adlandıran R.Temrezov Qaraçay-Çərkəz Respublikası dindarları, İ.Berdiyevin ailəsi, doğmaları adından minnətdarlığı Azərbaycan dövlətinin başçısına çatdırmağı Şeyxülislamdan xahiş edib.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə minnətdarlığını bildirən QMİ sədri qeyd edib ki, Prezident İlham Əliyev İsmayıl Berdiyevin vəfatı ilə bağlı başsağlığı məktubunu mərhumun ailəsinə çatdırmağı ona həvalə edib.

Tələbəlik illərindən tanıdı Berdiyevi Azərbaycan xalqının yaxın dostu adlandıran QMİ sədri deyib ki, mufti Ermənistanın ölkəmizə hərbi təcavüzü davam edən uzun illər ərzində və ərazilərimizin işğaldan azad edilməsi uğrunda başlanan 44 günlük Vətən savaşında Azərbaycan xalqının haqlı mövqeyini daim dəstəkləyib.

Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevlə İ.Berdiyev arasında olan dostluq münasibətlərindən danışan Şeyxülislam qeyd edib ki, bu əlaqələr prezident İlham Əliyevin dövründə də davam edib.

“İsmayıl hacı ilə sonuncu dəfə Bakıda keçirilən Vl Mədəniyyətlərarası Dialoq Forumuna qatıldı. Həmin gün Prezident İlham Əliyevlə səmimi görüşləri oldu. Qonaqlarla birgə Şuşaya, Xankəndinə, Xocalıya, Füzuliyə birgə səfər etdik. Erməni işğalçılarının dağıtdığı və “Ruhlar şəhəri” adlandırılan Ağdamda olarkən “Cümə” məscidinə ziyarət zamanı təklif etdim ki, namaz qılınarkən imamlığı İsmayıl hacı etsin. Dünyanın müxtəlif ölkələrindən gələn müsəlman din xadimləri məhz İsmayıl hacının imamlığı ilə Ağdam məscidində namaz qıldılar. Bu hadisə onu çox təsirləndirmişdi”.

Şeyxülislam İ.Berdiyevin ümumi evimiz Qafqazda sabitlik, dostluq, qardaşlıq, birlik uğrunda saldığı mənəvi körpünün davamlı və güclü olması üçün din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.

Avqustun 15-də Şeyxülislam A.Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri İsmayıl Berdiyevin məzarını ziyarət edib. Sonra İsmayıl hacının ailəsi ziyarət edilib. Əvvəlcə Qurani-Kərim tilavət olunub, mərhumun ruhu ehtiramla yad edilib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin İ.Berdiyevin vəfatı ilə əlaqədar imzaladığı başsağlığı məktubu mərasim iştirakçılarının diqqətinə çatdırıb, həmin sənədi dövlət başçısı adından mərhumun ailəsinə təqdim edib.

İsmayıl hacının qardaşı Abubəkr Berdiyev çıxış edərək qardaşının xatirəsinə göstərilən diqqət və qayğıya görə ailə üzvlərinin minnətdarlığını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı Şeyxülislam həzrətlərindən xahiş edib.

Həmin gün Kislavodsk şəhərində Qafqaz Xalqları Ali Dini Şurasının iclası keçirilib. Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçən toplantıda qurumun gələcək fəaliyyəti, qarşıda duran vəzifələr müzakirə olunub. QMİ sədri noyabrda Bakıda keçiriləcək mühüm tədbir – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP-29 barədə qurum üzvlərinə məlumat verib, Şimali Qafqaz müftilərini həmin tədbir çərçivəsində reallaşacaq Dini Liderlərin növbəti Bakı Sammitinə dəvət edib.

QMİ sədri Rusiyada və Şimali Qafqazda populyar dini rəhbərdir. Rusiya Pravoslav Kilsəsi bu ötən illər ərzində Azərbaycanla əlaqələrində ardıcıl olub. QMİ-i ilə isti əlaqələr və əməkdaşlıq ötən 30 ildə regionda baş verən bütün proseslər zamanı yaranan böhrandan, mürəkkəb vəziyyətlərdən çıxmağa kömək edib. Kilsə xüsusən Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik səylərini əsirgəməyib və Azərbaycan-Ermənistan dini liderləri arasında görüşlərin təşəbbüskarı olub.

Azərbaycanın Şimali Qafqaz ölkələri ilə münasibətlərində din faktorunun önəmini nəzərə alsaq belə səfərlərin əhəmiyyəti daha da aydın üzə çıxır.

İlk olaraq onu qeyd etmək olar ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Şimali Qafqaz ölkələri ilə mehriban dostluq və qardaşlıq əlaqələri möhkəm zəmin üzərində bərqərar olub. Region üçün ən ağır günlərdə Azərbaycanın dəstəyini alan bu xalqlar bunu daim minnətdarlıqla yad edirlər. Siyasi böhranlarla zəngin olan “qarmaqarışıq 90-lar” ağır izini regionun tarixində də qoyub. Amma onun müdrik rəhbərləri bu mürəkkəb problemdən çıxış yolu tapa biliblər.

Bu əməkdaşlığın dərinləşməsində QMİ sədrinin əməyi vardır.

QMİ sədrinin Şimali Qafqazın dini liderləri, siyasi xadimləri şəxsi dostluq münasibətləri ölkələrarası isti və qardaş münasibətlərinin yaranmasında öz töhfələrini verir. Məkrli qüvvələrin iki xalq arasında salmaq istədikləri milli və dini zəmində  münaqişə cəhdləri hər iki xalqın dini rəhbərlərinin sayəsində qarşısı alınıb, qara qüvvələrin arzuları gözlərində qalıb.

44 günlük Vətən Müharibəsində Rusiya Federasiyasının ən önəmli ərazi vahidi olan Şimali Qafqazın bu ölkəsində Azərbaycanın haqlı savaşına və qələbəsinə açıq dəstək verilməsi xüsusi ilə diqqətçəkən oldu.

Şimali Qafqazın müftilərinin bu qələbə münasibəti ilə təbriklərini eyni zamanda həmin ölkələrin siyasi hakimiyyətlərinin də mövqeyinin ifadəsi saymaq olar. Bu isə Rusiya siyasi elitasında və KİV-lərində Azərbaycanın əleyhinə olan qüvvələrə qarşı demarş sayıla bilər.

QMİ sədrinin intensiv və uğurlu xarici əlaqələri Azərbaycanın beynəlxalq aləmdə, nufuzlu dini qurumlarda sözünü çatdırmaq, mövqeyini ifadə etmək və inandırmaq baxımından böyük imkanlar verir.

Şeyxülislam Qafqaz Xalqları Ali Dini Şurasının sədridir. A.Paşazadə bu gün də ictimai nufuzundan istifadə edərək regionla bağlı taleyüklü məqamlarda öz sözünü deməkdən çəkinmir. Şeyxülislamın Şimali Qafqaz kimi son dərəcə mürəkkəb regionda belə postun sahibinə çevrilməsi Azərbaycana olan etimadın və dəstəyin bir ifadəsidir.

Bu isə postsovet məkanında yaşayan müsəlman ölkələri arasında əməkdaşlıq platformasının yaradılmasında mühüm rol oynayır.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər