Saytımızı qiymətləndirin


 
 

Müstəqil Azərbaycanın təhlükəsizlik nazirləri KİMLƏRDİ...
Tarix: 28-03-2024 | Saat: 14:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Müstəqil Azərbaycanın təhlükəsizlik nazirləri KİMLƏRDİ...

 

Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi qeyd olunur.

Azərbaycan təhlükəsizlik orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xüsusi xidmət orqanı Milli Təhlükəsizlik Nazirliyi adlandırılıb.

2015-ci ildən isə Azəbaycanın təhlükəsizlik orqanlarına iki qurum daxildir - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti.

Qeyd edək ki, Azərbaycan təhlükəsizlik orqanlarının yaranma günü ərəfəsində - ötən axşam sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov 84 yaşında dünyasını dəyişib.

Qarabaginfo.az saytı 1991-ci ildən sonra müstəqil Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarına rəhbərlik edən şəxslər barədə qısa məlumatları bir daha diqqətə çatdırır.




İlhüseyn Hüseynov 
1991-ci ilin sentyabrında təhlükəsizlik orqanlarına rəhbər gətiriləndə Azərbaycan hələ müstəqilliyinə qovuşmamışdı. Amma az sonra, 1991-ci ilin sonlarında Azərbaycan Respublikası müstəqilliyini bəyan etdi. İlhüseyn Hüseynov isə 1992-ci ilin mayınadək, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti gələndək Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etdi.

İ.Hüseynov 1925-ci ildə Bakı şəhəri Balaxanı kəndində fəhlə ailəsində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) Tarix fakültəsini bitirib. Təhlükəsizlik orqanlarında 1942-ci ilin sentyabr ayından xidmətə başlayıb. İ.Hüseynov SSRİ DTK-sının Bakı diyarlararası məktəbini bitirib, 1952-ci ilin avqust ayından əməliyyat işində rəhbər vəzifədə çalışıb. Xidməti dövründə bir sıra dövlət mükafatları – "Qırmızı Bayraq" ordeni, "Döyüş xidmətlərinə görə" medalı və digər 14 medala, eləcə də "Kəşfiyyat xidmətlərinə görə" döş nişanı ilə təltif olunub.

O, 1991-ci ilin sentyabrında Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunub. 1991-ci ilin noyabrında Azərbaycanın təhlükəsizlik orqanının adı dəyişdirilərək Milli Təhlükəsizlik Nazirliyi (MTN) edilib. Və İ.Hüseynov 1992-ci ilin may ayına kimi MTN-ə rəhbərlik edib.

İ.Hüseynov təhlükəsizlik orqanlarından general-mayor hərbi rütbəsində ehtiyata buraxılıb.


Fəxrəddin Təhməzov 
1992-ci ilin mayından 1993-cü ilin iyun ayına kimi milli təhlükəsizlik naziri postunda çalışıb.

F.Təhməzov 1951-ci il yanvar ayının 10-da Salyan rayonunun Qaraçala qəsəbəsində müəllim ailəsində anadan olub. 1968-ci ildə Əli-Bayramlı şəhərində orta məktəbi bitirib. 1973-cü ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirdikdən sonra bir müddət Əli-Bayramlı şəhərində orta məktəbdə müəllim işləyib. Həqiqi hərbi xidmətə çağırılan F.Təhməzov 1975-ci ildə xidmətini başa vuraraq pedaqoji fəaliyyətini davam etdirib. 1975-1977-ci illərdə SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbində təhsil alıb, məktəbi bitirdikdən sonra 1977-ci ilin avqust ayından 1990-cı ilin iyun ayına qədər Azərbaycan SSR DTK-sının Mərkəzi Aparatında kiçik əməliyyat müvəkkili, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisinin müavini, bölmə rəisi vəzifələrində fəaliyyət göstərib.

1990-cı ilin iyun ayından 1991-ci ilin dekabr ayına kimi MTN (1991-ci ilin noyabrına qədər DTK) Gəncə şəhər və dəmir yol stansiyası şöbəsinin rəis müavini, 1992-ci ilin yanvar ayından Azərbaycan Respublikasının MTN Bakı şəhər üzrə İdarəsində şöbə rəisi vəzifələrində çalışıb.

F.Təhməzov 1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunub və həmin ayın 23-də general-mayor rütbəsi alıb.

F.Təhməzov 1993-cü ilin iyununda tutduğu vəzifədən azad edilib.


Nəriman İmranov 
1993-cü ilin iyun ayından 1994-cü ilin oktyabrınadək nazir işləyib. N.İmranov bu vəzifəyə təyinat alanda Azərbayacan Xalq Cəbhəsi artıq hakimiyyətdən yıxılmışdı. O, nazir postuna mərhum eks-prezident Heydər Əliyevin təyinatı ilə gətirilmişdi.

N.İmranov 1944-cü ilin yanvar ayının 2-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun (indiki Ermənistan Respublikasının) Şişqaya kəndində anadan olub. 1961-1969-cu illərdə Azərbaycan Pedaqoji institutunda (hazırkı APU) təhsil allb. 1975-ci ildə Naxçıvan MR-da komsomolun 1-ci katibi vəzifəsindən SSRİ DTK-nın Ali məktəbinə oxumağa göndərilib. Məktəbi bitirdikdən sonra DTK orqanlarında fəaliyyət göstərib, 1986-cı ilin oktyabr ayının 4-də Azərbaycan SSR DTK sədrinin müavini təyin edilib. 1988-1993-cü illərdə SSRİ təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

1993-cü ilin mart ayında Bakıya qayıdıb və 1993-cü ilin iyul ayının 3-də milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilib.

1994-cü il dekabrın 21-də bir qrup şəxsin Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılmasında təqsirləndirilərək, vətənə xəyanət ittihamı ilə ömürlük azadlıqdan məhrum edilib.
Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılanlar keçmiş müdafiə naziri Rəhim Qazıyev, onun müavini Baba Nəzərli, “Laçın” alayının komandiri Arif Paşa və separatçı “Talış Muğan Respublikası”nın "rəhbəri" Əlikram Hümbətov idi. 
Bu qaçış milli təhlükəsizlik naziri Nəriman İmranovun işdən çıxarılması və həbsi ilə nəticələndi.

Nəriman İmranov düz üç dəfə Prezident Heydər Əliyevin əfv fərmanının sevincini daddı. Birinci dəfə ona kəsilən ölüm hökmü ömürlük cəza ilə əvəz olunanda, ikinci dəfə ömürlük həbs cəzası 15 illə əvəz olunanda, üçüncü dəfə isə 2002-ci ildə əfv olunub azadlığa buraxılanda.  



Namiq
 Abbasov 1994-ün oktyabrından 2004-ün iyuluna kimi MTN şefi olub.
N.Abbasov 1940-cı ildə anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1962-1976-cı illərdə "Abşeron" qəzetində rəhbər vəzifədə çalışıb. 1970-ci ildən partiya işinə keçib, Azərbaycan SSR KP-nin Abşeron RK-nin II kati­bi vəzifəsində işləyib. 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1979-cu ildə SSRİ DTK-sının Ali Məktəbini bitirib, şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR DTK sədrinin müavini vəzifələribdə işləyib.

1992-1994-cü illərdə Azər­baycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və birinci müavini olub.

1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək milli təhlükəsizlik naziri vəzifəsini icra edib, 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək isə Azərbaycan Respublikası milli təhlükəsizlik naziri vəzifəsində işləyib.
O, bu vəzifədə general-polkovnik hərbi rütbəsinə qədər yük­səlib.

27 mart 2024-cü ildə vəfat edib.


Eldar Mahmudov 
2004-cü ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı ilə nazir təyin olunub.  

E.Mahmudov 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olub. 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışıb.
1993-cü ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilib. 1993 - 2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat - Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyib. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Prezidentin 23 iyul 2004-cü il tarixli sərəncamı ilə E.Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri təyin olunub və ona general-mayor hərbi rütbəsi verilib. Prezidentin 16 mart 2005-ci il tarixli sərəncamı ilə Eldar Mahmudova general-leytenant, 27 mart 2014-ci il tarixli sərəncamla isə general-polkovnik hərbi rütbəsi verilib.

2015-ci il oktyabrın 17-də Eldar Mahmudov ölkə başçısının sərəncamı ilə nazir vəzifəsindən azad edilib. Eyni zamanda Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Buna nazirliyin qanunsuz əməllərlə məşğul olması, ayrı-ayrı vəzifəli şəxslərdən, sahibkarlardan aylıq, illik xərac toplaması, iş adamlarına qan uddurması, qanunsuz həbslər həyata keçirməsi, saxta cinayət işləri açması səbəb olub. 



Mədət Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976-cı ildə Azərbaycan Kənd Təsərrüfatını Mexanikləşdirmə və Elektrikləşdirmə Elmi Tədqiqat İnstitutunda texnik-mexanik işləyib. 
1980-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

1980-ci ildə Gəncə şəhərindəki “Dinamo” İdman Cəmiyyətində məşqçi işləyib. 1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olub.

1982-1983-cü illərdə Gəncə şəhərindəki “Dinamo” İdman Cəmiyyətində məşqçi-təlimatçı işləyib. 1983-1993-cü illərdə Gəncə şəhəri Daxili İşlər İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
1994-1995-ci illərdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin regional şöbəsinin rəisi olub.
1995-1996-cı illərdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Reketlə mübarizə şöbəsinin rəisi işləyib.
1996-2001-ci illərdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini postunda çalışıb.
2001-2002-ci illərdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.
2002-2004-cü illərdə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi işləyib.

2011-2015-ci illərdə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsində çalışıb. 

2015-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin birinci müavini işləyib və nazir vəzifəsini icra edib.

2015-2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi işləyib.


Əli Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil alıb.

Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb.

1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin olunub. 27 mart 2006-cı il tarixundə ona general-mayor ali hərbi rütbəsi verilib.

2011-2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib. 5 avqust 2014-cü il tarixində Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Prezidentin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. 27 iyun 2019-cu ildə general-leytenant, 7 dekabr 2020-ci ildə general-polkovnik ali hərbi rütbəsi verilib.

Ə.Nağıyev təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülüb. Belə ki, 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı, 2002-ci ildə "Azərbaycan Bayrağı" ordeni, 2004-cü ildə "Vətən uğrunda" medalı, 2005-ci ildə "İgidliyə görə" medalı, 2018-ci ildə "Vətənə xidmətə görə" ordeni, 2020-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Əli Nağıyevə "Zəfər" ordeni verilib.

 



Orxan Sultanov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2007–2011-ci illərdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyində humanitar məsələlər üzrə birinci katibi vəzifəsində çalışıb. Ardınca bir müddət Xarici İşlər Nazirliyində işlədikdən sonra isə MTN-in Xarici Kəşfiyyat İdarəsinə işə qəbul olunub.
Orxan Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

17 mart 2016-cı ildə ona general-mayor, 27 mart 2019-cu ildə isə general-leytenant ali hərbi rütbəsi verilib. 

7 dekabr 2020-ci il tarixli sərəncamla general-polkovnik ali hərbi rütbəsi alıb.

Orxan Sultanov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Zəfər" ordeni ilə təltif edilib.(modern.az)

 



Xəbəri paylaş

144 dəfə oxunub.

Digər xəbərlər
15-10-2021, 10:17 Xəzərdə zəlzələ olub
11-12-2021, 11:58 Deputatlar Avstriyaya gedir