Saytımızı qiymətləndirin


 
 

Ermənilərin ilk hücum günü kənddə toy var idi - Xocalı soyqırımının şahidi
Tarix: 27-02-2024 | Saat: 12:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Ermənilərin ilk hücum günü kənddə toy var idi - Xocalı soyqırımının şahidi

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.

 

Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. Ermənilərin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı sakinləri son anadək vuruşaraq düşmən qarşısında əyilməyiblər. 

 

Qarabaqinfo.az xəbər verir ki, Xocalı faciəsinin şahidlərindən biri olan Ayna Allahyarqızı AzEdu.az-a danışıb. Ayna xanım hazırda “Ana harayı” qəzetinin müxbiri və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Qadınlar Şurasının sədridir.  

 

O və onun kimi Xocalıdan olan uşaqlar 1988-ci ildən 1992-ci ilə qədər müharibəylə yaşamağa məcbur olublar. Ayna Allahyarqızı 11-ci sinifdə oxuyanda təhsil aldığı məktəbə raket atılıb və Xocalıda son dərsi rus dili olub:

 Açıklama yok.

 

“4 il müharibənin olması istər-istəməz təhsilimizə də təsir etdi. Çünki hər gün müharibə şəraitində oxumaq çətin idi. Ermənilərin Xocalıya ilk hücumu hələ də ilk gün kimi yaddaşımdadır. 1988-ci ildə 12 yaşın içində idim və sentyabrda kənddə bir toy var idi. Həmin gün ermənilər Xocalıya hücum etdi. Bu zaman kənd camaatının heç bir silah-sursatı yox idi. Qadın, kişi demədən hər kəs balta, dəhrə və daşla ermənilərin qabağına çıxdılar. Mən də hücumun qarşını almaq üçün bir neçə ot tayasını yandırmışdım.

 

Bizim məktəbimizdə iki erməni - Lena və Elmira müəllim var idi. Lena müəllim bizə daima ermənilər haqqında kitab oxuyurdu. 1988-ci ildə hadisələr güclənməyə başlayanda məktəbin uşaqları həmin müəllimləri məktəbdən qovdular. Xocalı soyqırımına qədər ermənilər 4 il ərzində hər gün Xocalını gecə raket atəşinə tuturdular. Gecələr kitab-dəftərimizi götürüb zirzəmiyə düşürdük və atışma sakitləşəndən sonra evimizə geri dönürdük. Bu dönəmdə yatmağımız üçün çox az vaxtımız olurdu”.

 

Müsahibimiz Xocalıda dərs zamanı məktəblərinə raket atılmasını anbaan bizimlə bölüşüb:

 

“Bu zamanlar məlum hadisələrə görə məktəbə gələn uşaqlar elə də çox deyildi. Bir gün dərsə 7-8 nəfər gəlmişdi. O zaman 11-ci sinif idik və dərsimizdə rus dili idi. Təbii ki, məktəbin başqa siniflərində də dərs prosesi davam edirdi. O vaxt rus dilini bizə Ülfət müəlllim keçirdi. Həmin gün səhər çox güclü atışma səsləri eşidirdik. Buna görə də məktəbin direktoru Cəfər müəllim çox narahat olduğunu hiss edə bilirdik. Çünki məktəbdə ən azı 500 uşaq var idi. Direktorumuz vəziyyəti öyrənmək üçün bir-bir sinifləri gəzməyə başlamışdı. Tam bizim sinifdən çıxıb, 2 addım atmışdı ki, böyük partlayış səsi eşidildi. Məktəbimizin yanına elə bir raket düşdü ki, bütün sinif otaqları lərzəyə gəldi. Pəncərələrin şüşələri töküldü. Hamımız bir nəfər kimi küçəyə qaçdıq. Uşaqların qışqırıqları hələ də qulağımdadır. Xoşbəxtlikdən raket düşən sinfin uşaqları bədən tərbiyəsi dərsində olub. Göyüş müəllim idman dərsində olan bütün uşaqları məktəbin padvalına doldurdu. Atışma dayanandan sonra uşaqların valideynləri məktəbə axışırdı. Mən Xocalının Qaladərəsi kəndindən məktəbə gəlirdim. Anam məktəbə gəlmək istəyəndə qoymayıblar. Çünki məktəb elə bir yerdə yerləşirdi ki, ora keçəndə rahatlıqla insanları vura bilərdilər.Şükürlər olsun ki, həmin gün məktəbdəki uşaqlara heç nə olmadı. Bir uşağın belə burnu qanamadı. Amma o günün ağrısı, acısı yaşayanların beynindən heç vaxt gedə bilməz.  O gün bizə rus dili dərsini keçən Ülfət müəllimi bir daha görmədik. Bu günə qədər belə onun taleyi məlum deyil. Anası onun sağ olduğuna inanırdı. Onun adını şəhid kimi qələmə vermirdi ki, Ülfət gələcək”.

 

Xocalı sakini qeyd edib ki, müharibə onlara həyatın hər üzünü yaşatdı:

 

“Xocalıda şəhid, itkin düşənlər oldu. Hamı Ağdam məscidinin qarşısına öz şəhidini, itkinini axtarmaq üçün yığışırdı. Biz Ağdamın Göytəpə kəndinə gəlmişdik. Bir qatıq bankası var idi. Bir bankada növbə ilə çay içirdik. Evimizdə bir stəkanımız, boşqabımız, çarpayımız yox idi. Müharibə mənim gözümdə silinməz bir yaralar qoydu”.

Ayna Allahyarqızı Xocalıdan sonra Oğuz şəhəri Həbib Babayev adına 1 saylı məktəbdə təhsilini davam edib və həmin məktəbin məzunu olub. O, Oğuzda yaşadığı vaxtdakı xatirələrini yad edib:

 

 Açıklama yok.

“Xocalılar Azərbaycanın 56 rayonuna səpələndi. Mən Xocalıda 1992-ci ilin məzun olmalı idim. 1992-ci ildə Xocalıdan heç bir 11-ci sinif məzun ola bilmədi... Oradan köçəndən sonra 1-2 ay Ağcabədidə oxudum. Sonra isə Oğuz rayonuna gəldik. Adımız jurnala düşməsə də, təhsildən geri qalmayaq deyə məktəbə getdik.

Mən Oğuz şəhəri Həbib Babayev adına 1 saylı məktəbdə məzun oldum. Son zəngdə iştirak etmək istəmirdim. Çünki fikrim mənimlə birlikdə Xocalıda oxuyan uşaqların yanında idi. Hardadılar, nə edirlər? Onlar hansı məktəbdədilər? Mənə görə sinif yoldaşlarımın heç biri son zəngə düşmədilər. Sırf onların xoş günü pis keçməsin deyə son zəngə iştirak etməli oldum. Onların son zəngini pis etməyim deyə son zəngə düşdüm”.

 

Ayna xanım bildirib ki, müəllimlərim zəhmli olduğum üçün hüquqşünas olaraq görmək istəyirdilər:

 

“Goranboy rayonunda mühasibatlıq üzrə təhsil almışam. Jurnalistikanı da çox sevmişəm. O zaman mən orta məktəbdə oxuyurdum. Bir çox qəzetlərdə ştatdankənar müxbir işləyir, məqalələr yazıb göndərirdim. Biz Oğuzda yaşayanda“Oğuz yurdu” qəzetinə hər gün saat 8-in yarısı axşam yazdığım məqaləni verib sonra məktəbə gedirdim. Hər gün Xocalının bir şəhidi haqqında, Xocalının gözəl günlərindən yazırdım. Bir gün belə bir yazı yazmışdım: “Əlimdə olsaydı, fevral ayını təqvimdən silərdim. Bəşər tarixində Xocalılara verilən işgəncələr, zülmlər qədər tarix belə bir qanlı səhifə görmədi".

 

Ayna Allahyarqızı qeyd edib ki, Azərbaycan ordusu antiterror vaxtı Xocalı alınan zaman bir uşağın belə burnu qanamadı:

 

“Hamısının ayaqlarında ayaqqabı, geyimləri, əlində çantaları Xocalı aeroportundan yola salındı. Bizim ordumuzdan bir əsgərin belə erməni uşağına güllə atdığına inanmıram. Amma ermənilər bunu düşünmədilər. Bir ananın dünyaya gətirmədiyi uşağını qarnını yarıb çıxartdılar və süngüyə çəkdilər.

 

Xocalı soyqırımı zamanı ana bətnindəki uşaq belə zərbə alıb. Xocalıda hər iki valideynini itirmiş 3-5-7 yaşında uşaqlar balaca bacı-qardaşına ana-ata oldu. Çox ağır dərddir. Xocalı yarası sağalan yara deyil. Mən 16 yaşından bura gəlmişəm. Artıq 48 yaşım var və uşaqlarım, nəvələrimlə Xocalıya qayıdacağam”.

 

Sonda isə Ayna xanım Azərbaycan ordusuna, Müzəffər Ali baş komandana, Azərbaycan xalqına 2020-ci ildə 44 gün ərzində illərlə itirilmiş torpaqlarımızı geri qaytarılmasına görə təşəkkür edib və şəhidlərə Allahdan rəhmət diləyib.

 



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər