Saytımızı qiymətləndirin


 
 

İnanırıq ki, media seçki prosesini işıqlandırarkən peşəkarlıq nümayiş etdirəcək- Əhməd İsmayılov
Tarix: 11-01-2024 | Saat: 11:53
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Növbədənkənar Prezident seçkiləri də ölkəmizin siyasi həyatında əlamətdar hadisə olmaqla yanaşı medianın öz peşəkarlıq səviyyəsini nümayiş etdirməsi, cəmiyyəti ictimai məzmunlu məlumatlarla dolğun formada və operativ qaydada təmin etməsi üçün əhəmiyyətli fürsətdir.

Bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılıb: “Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində son illər həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediasının peşəkarlıq səviyyəsi daha da yüksəlmiş, jurnalistikamız keyfiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Təbii ki, 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması yeni dövrün başlanğıcıdır. Prezident seçkiləri ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazisində keçiriləcək. Dövlət başçımızın da vurğuladığı kimi, prezident seçkiləri dövlətçilik tariximizin yeni dövrünə, yeni inkişaf mərhələsinə xeyir-dua verəcək. Seçkilərin işıqlandırılmasında medianın rolundan danışarkən qeyd etməliyik ki, kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqeyinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilib 12 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman ilə Medianın İnkişafı Agentliyi yaradılmışdır. Agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasıdır. Azərbaycan mediası üçün mühüm əhəmiyyət kəsb edən amillərdən biri də 2022-ci ilin fevralın 8-də qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunudur. Azərbaycanda media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarının, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və s. kimi məsələlərin daha təkmil formada nizamlanmasına yönəlmiş tədbirləri ehtiva edir”.

Əhməd İsmayılov qeyd edib ki, ölkəmizdə həyata keçirilən mühüm tədbirlər ərəfəsində Azərbaycanın informasiya məkanını çirkləndirən dairələrin də fəallıqlarını artırmasının, dövlətin imicinə mənfi təsir göstərmək üçün qeyri-peşəkar və siyasiləşmiş ünsürlərin canfəşanlıq göstərməsinin dəfələrlə şahidi olmuşuq: “İKT-nin imkan verdiyi texnoloji üstünlüklərdən bu cür məqsədlər üçün istifadə edilməsi təəssüf doğurmaqla yanaşı cavabsız da qalmamalı, cəmiyyətin ictimai rəyini çaşdırmağa yönəlmiş bütün cəhdlər vaxtında ifşa edilməlidir. Bu baxımdan seçkilər dövründə Azərbaycan mediasının vacib funksiyalarından biri də informasiya təhdidlərinin qarşısının alınması, doğru və operativ məlumatlarla informasiya vakumunun yaranmasına yol verməməkdir. Prezident də məhz bu kimi amilləri nəzərdə tutaraq bildirmişdir ki, “vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar. İnanırıq ki, dövlət başçımızın bu dəyərli tövsiyələrini əsas götürən Azərbaycan mediası seçki prosesini işıqlandırarkən də növbəti dəfə öz peşəkarlıq səviyyəsini nümayiş etdirəcək”.



Xəbəri paylaş

1146 dəfə oxunub.

Digər xəbərlər