Saytımızı qiymətləndirin


 
 

Putinin mübhəm taleli düşmənləri - Priqojindən Navalnıya...
Tarix: 24-08-2023 | Saat: 12:08
Bölmə:Karusel / Dünya | çapa göndər

Putinin mübhəm taleli düşmənləri - Priqojindən Navalnıya...

Xəbər verdiyimiz kimi, Rusiyanın "Vaqner" muzdlu qruplaşmasının komandiri Yevgeni Priqojin sərnişini olduğu təyyarənin Moskvanın şimalında qəzaya uğraması nəticəsində ölüb. 62 yaşlı Priqojin iyunun 23-24-də Rusiyanın hərbi rəhbərliyinə qarşı üsyana başçılıq edib. Ölkə prezidenti Vladimir Putinin fikrincə, bu, Rusiyanı vətəndaş müharibəsinə sürükləyə bilərdi.

 

Bu qəza təsadüf idimi? Sualın cavabını yaxın müddətdə dəqiq söyləmək yəqin ki, mümkün olmayacaq. Yaxın tarixə nəzər yetirsək, Putinə və ya onun maraqlarına qarşı çıxan digər tanınmış simalar da qeyri-müəyyən şəraitdə həyatını itirib və ya canlarını güclə qurtarmağa son anda müvəffəq olublar. Mövzu ilə bağlı faktlara nəzər salaq:

 

 

Aleksandr Perepiliçnı


44 yaşlı Perepiliçnı 2012-ci ilin noyabrında Rusiyadan Britaniyaya qaçışdan sonra London kənarındakı mülkün yaxınlığında ölü tapılıb. O, 2009-cu ildə Rusiya tərəfindən çirkli pulların yuyulması ilə bağlı təhqiqatda İsveçrəyə kömək etdikdən sonra Britaniyaya sığınıb. Onun qəfil ölümü qətlə yetirilmiş ola biləcəyinə dair ehtimalları artırmışdı. Onun az tapılan nadir zəhər vasitəsilə qətlə yetirildiyinə dair şübhələr var idi. Perepiliçnının mədəsindən gelsemiumdan hazırlanan ölümcül zəhərin izlərinin tapıldığı barədə məlumatlar yayılmışdı. Onun yediyi şorbadan zəhərləndiyi güman olunurdu. Rusiya hadisədə iştirakını rəsmi səviyyədə rədd edib.

 

 

Viktor Yuşşenko


O vaxt Ukrayna müxalifətinin lideri olan Viktor Yuşşenko 2004-cü ildə keçirilən prezident seçkiləri kampaniyası zamanı Rusiyayönümlü baş nazir Viktor Yanukoviçə qarşı Qərbyönümlü namizəd kimi mübarizə apardığı dövrdə zəhərlənib. O, Ukrayna təhlükəsizlik xidmətinin rəsmiləri ilə Kiyevdən kənarda nahar edərkən zəhərləndiyini bildirib. Rusiya zəhərlənmə ilə əlaqəsini təkzib edib.

 

Müayinələrlə onun bədənində adi haldan 1000 dəfə çox dioksin olduğu müəyyən edilib. Zəhərlənmədən onun üzü və bədənində yaralar əmələ gəlib. Yuşşenko zəhərlənmə ucbatından 10-larla əməliyyat keçirməli olub. O, Ukrayna Ali Məhkəməsinin "narıncı inqilab" adlandırılan küçə etirazları zamanı Yanukoviçin qalib elan edilməsi ilə bağlı nəticələrini ləğv etməsindən sonra təkrar seçkilərdə qalib gəlib və prezident seçilib.

 

 

Sergey Skripal

 

Britaniya kəşfiyyatına sirlər ötürən keçmiş rusiyalı ikili agent Sergey Skripal və qızı Yuliya 2018-ci ilin martında İngiltərənin Solsberi bölgəsində skamyada huşsuz vəziyyətdə tapılıblar. Onlar ağır vəziyyətdə xəstəxanaya aparılıblar və Britaniya rəsmiləri 1970-1980-ci illərdə sovet hərbçiləri tərəfindən hazırlanmış "Noviçok" dərmanı ilə zəhərləndiklərini açıqlayıb. Hər ikisi sağ qala bilib. Rusiya zəhərlənmədə hər hansı rolu olduğunu inkar edib və Britaniyanın Rusiya əleyhinə isteriyanı qızışdırdığını bildirib.

 

 

Aleksey Navalnı


Rusiyanın ən tanınmış müxalifət lideri Aleksey Navalnı 2020-ci ilin avqustunda Sibirdə sinir sistemini iflic edən "Noviçok"la zəhərlənərək müalicə olunmaq üçün Almaniyaya aparılıb. Moskva zəhərlənmə ilə hər hansı əlaqəsi olmadığını bildirib və bu barədə yayılan məlumatları təkzib edib.

 

Müalicədən sonra bütün israrlara baxmayaraq Navalnı 2021-ci ildə könüllü olaraq Rusiyaya qayıtdı və bu cəsarəti ilə dünyada heyranlıq qazandı. Navalnı ölkəsinə gələn kimi dərhal həbs olundu. İndi o, saxta hesab etdiyi dələduzluq və digər ittihamlarla məhbəsdə cəza çəkir. Onun siyasi hərəkatı qadağan edilib və "ekstremist" elan edilib. Bu yaxınlarda onun həbs müddəti ciddi rejimli cəzaçəkmə müəssisəsində olmaqla artırıldı.

 

 

Vladimir Kara-Murza

 

Rusiyalı müxalifət fəalı Vladimir Kara-Murza 2015 və 2017-ci illərdə onu zəhərləməyə cəhdlərin edildiyini söyləyib. Daha sonra Almaniya laboratoriyasında aparılan analizlərlə onun bədənində yüksək miqdarda civə, mis, manqan və sink aşkar edilib. Bu məsələdə də Moskva inkar mövqeyi tutdu.

 

Bu, Putinin düşmənləri siyahısında olanlardan sadəcə bəziləridir. Onların bir çoxu hələ də normal həyatını davam etdirir, bəziləri yuxarıda adı sadalananlar kimi sui-qəsdə məruz qalıb və həyatını itirib, bəziləri isə canlarını sağ qurtararaq yaşayırlar...

 



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər