Saytımızı qiymətləndirin


 
 

Lentsovun Bakıya qəfil gəlişi – Rus generalın qovluğunda nələr var?
Tarix: 01-05-2023 | Saat: 22:30
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Lentsovun Bakıya qəfil gəlişi – Rus generalın qovluğunda nələr var?

Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsovun bu həftə ərzində danışıqlar üçün Bakıya gələcəyi bildirilir. Ermənilər danışıqların sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı olduğunu desələr də, bu, reinteqrasiya prosesinin növbəti addımı kimi də qiymətləndirilir. Separatçı rejimin “rəsmiləri” sülhməramlı komandanlığının onlara çərşənbə gününə kimi gözləməyi tapşırdıqlarını qeyd edirlər.

Bəs görüşdən gözləntilər nələrdir? Müzakirə mövzusu nə olacaq?

Qarabaginfo.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən politoloq Elxan Şahinoğlu mövcud vəziyyətdə Rusiyanın Azərbaycanla münasibətləri gərginləşdirmək istəmədiyini deyib:

“Ermənistan hər zamankı kimi xülya içində yaşayır. Düşünürlər ki, Azərbaycanı kimsə dayandıra bilər. Azərbaycan sadəcə öz ərazi bütövlüyünü təmin etməyə çalışır. Sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı Bakıya müəyyən təsirlər göstərilsə də, bu heç bir nəticə vermədi. Çünki biz beynəlxalq hüquqa zidd addım atmırıq, sərhədlərimizi yaradır, sərhəd-keçid məntəqələrimizi formalaşdırırıq. Buna heç kim, o cümlədən Rusiyanın bölgəyə təyin etdiyi yeni komandan Lentsov belə mane ola bilməz.

Hazırda Kreml Ukrayna bataqlığı içindədir, Azərbaycanla qarşıdurmaya getməyəcək. Əslində, Lentsov etik qaydaları pozdu. Əvvəlcə Bakıya gəlməli, daha sonra İrəvana getməli idi. Amma separatçılarla görüşdü. Hətta onun İrəvana getməsi və Ermənistanın müdafiə naziri ilə görüşünün də heç bir məntiqli açıqlaması yoxdur. Qarabağ Azərbaycanın ərazisidir və yeni komandan bizim ərazimizdə xidmət edəcək. O zaman Lentsovun İrəvan səfərinin mənası nə idi? Düşünürəm ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmiləri Bakıda keçiriləcək görüş zamanı ondan bu məsələyə aydınlıq gətirməsini xahiş edəcəklər”.

E.Şahinoğlu bildirib ki, ermənilərin sülhməramlı komandanlara olan ümüdləri əbəsdir:

“Bütün hallarda hesab edirəm ki, ermənilərin yeni komandana olan ümidləri özünü doğrultmayacaq. Əvvəl Rüstəm Muradova, sonra Volkova ümid etdilər, amma onlar başa düşmürlər ki, bu komandanlara əmrlər Kremldən gəlir. Həmçinin Kreml də Bakı ilə münasibətləri gərginləşdirmək istəmir. Moskvanın Nikol Paşinyandan xoşu gəlmir. Bununla yanaşı, Rusiya Azərbaycanın da iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınmasının tərəfdarıdır. Belə olan halda Kreml erməni separatçılarına görə Bakı ilə münasibətləri niyə gərginləşdirsin ki?! Ona görə ermənilərin ümidləri bu dəfə də puç olacaq”.



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər