Saytımızı qiymətləndirin


 
 

Böyük Axmaqlıq Nəzəriyyəsi və Bitcoin
Tarix: 18-07-2022 | Saat: 10:16
Bölmə:Karusel / Cəmiyyət / Yazar | çapa göndər

#

İstənilən məhsulu öz dəyərindən baha alan birinə “axmaq” gözü ilə baxırıq. Həmin məhsulu aldığından daha bahaya satdığı zaman isə həmin insan gözümüzdə “ağıllı” birinə çevrilir. Aldığı baha məhsulu, öz aldığından daha bahaya sata bilmək bacarığını “Böyük axmaqlıq nəzəriyyəsi” ilə izah edəcəm.

Böyük axmaqlıq nəzəriyyəsi nədir?

Böyük axmaqlıq nəzəriyyəsi qısaca, baha qiymətə aldığınız məhsulu sizdən daha baha qiymətə almaq istəyən birinin olması ehtimalıdır.

Bu nəzəriyyə şirkətin səhmlərinə investisiya edən və ya ticarətlə məşğul olan investorlar arasında daha çox bilinir. Bilərək və ya bilməyərək böyük axmaqlıq nəzəriyyəsi ilə hərəkət edən investorlar vardır. Bu investorlar alacaqları səhmləri dəyərindən asılı olmayaraq, daha yüksək məbləğə satın alır. Daha sonra isə belə fikirləşirlər: “Bu səhmlərə məndən daha yüksək məbləğə almaq istəyən daha böyük axmaq tapacağam”.

Böyük axmaqlıq nəzəriyyəsinə inanan insanlar hər zaman “daha böyük axmağın” var olduğunu düşünərək, özləri də bir şeyə həddindən artıq məbləğ ödəyirlər. Yəni özləri də könüllü olaraq böyük axmaq olurlar.

Daha yaxından baxaq, müəyyən bir səhm payının qiymətini tələb-təklif statusu, şirkətin qazanc vəziyyəti və gələcəkdəki potensial inkişafı təyin edir.

Səhm paylarının qiyməti bu sadaladıqlarımızdan əlavə, yeni alıcı tapmaq potensialına əsasən artır. Yəni önəmli olan şey səhmlərin hazırkı dəyəri deyil, gələcəkdə gözlənilən dəyəridir. Buna nümunə kimi Bitcoin-i göstərmək olar.

Bitcoin və böyük axmaqlıq nəzəriyyəsi

Bitcoin son illərdə gündəmimizdədir. Mənfəət və dəyərləri haqqında müzakirələr davam etsə də, ortaya bir sual çıxır: Nə üçün Bitcoin-ə bu qədər çox dəyər verilir?

Tipik olaraq bir varlığın dəyəri gəlirləri və faydaları olaraq hesablanır. Səhmlərə nəzər salsaq, divident anlayışını görərik. Divident səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsidir. Bitcoin heç vaxt divident ödəmir. Bunu nəzərə alsaq, əslində varlıq dəyəri sıfır sayılır.

Gəlin Bitcoini pul vahidi kimi dəyərləndirək. Bitcoin böyük həcmlərdə proses olunur və kifayət qədər güvənli hesab olunmur. Buna görə də real pulun yerini ala biləcək vəziyyətdə deyil. Bəs bütün bunlara baxmayaraq, Bitcoin nə üçün bu qədər dəyər qazanıb?

Bitcoin-in növbəti il təxmin edilən qiymətinə əsasən dəyər qazanır. Bitcoin alan insanlar gələcəkdə öz aldıqları qiymətdən daha baha satacaqlarına inanırlar. Bu səbəbdən Bitcoin daha böyük axmaqlıq nəzəriyyəsi üçün ən böyük nümunələrdən biri sayılır.

Bu nəzəriyyə ilə pul qazanmaq istəyən insanlar riski seçməlidirlər. Riskin göz önündə olduğu dəqiqdir, lakin bununla yanaşı daha çox axmağın olduğu da danılmaz bir gerçəkdir. Bu strategiya ilə uğurlu olmaq isə olduqca çətin və vaxt alan bir işdir. Bazara hakim olan professionallar olduğu üçün bazarın hərəkətliliyini izləmək həqiqətən də çətin prosesdir.

Bu bazarı yüksələn bir şar kimi təsəvvür etsək, onun harada partlayacağını təxmin edə bilmərik. Yəni bazar ən sonunda normal dəyərinə qayıdar, amma bunun nə zaman baş verəcəyini isə heç kim təxmin edə bilməz.

Nəticə olaraq, böyük axmaqlıq nəzəriyyəsi bir spekulyasiya məsələsidir və bir növ qumar sayılır. Vəziyyətdən asılı olmayaraq güvənə biləcəyiniz bir strategiya ola bilməz.(Apa)

 

Nicat Manafov

 



Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər