Tarix: 14-04-2022 | Saat: 13:57
Bölmə:Karusel / Region | çapa göndər
Rusiya Silahlı Qüvvələrinin Ukraynada törətdiyi qətliamlar hərbi cinayət və soyqırımı kimi qiymətləndirilir. Ukrayna Prezidenti Volodimir Zelenski rus hərbçilərin Buça şəhərində 500-dən çox mülki sakini qətlə yetirdiyini bildirərək, bu hadisənin əsl soyqırımı olduğunu bəyan edib. Onun sözlərinə görə, dünya ictimaiyyəti Rusiyanın törətdiyi cinayətlərə qiymət verməlidir.
Qarabaginfo.az xəbər verir ki, Buçadakı hadisələrlə bağlı dünya liderlərinin mövqeyi birmənalı deyil. Bəziləri Buçada baş verənlərin soyqırımı olduğunu qəbul edir, bir neçəsi isə bunun siyasi oyun olduğunu düşünür.
Polşanın və Böyük Britaniyanın baş nazirləri Mateusz Morawiecki ilə Boris Conson bəyan ediblər ki, Buça və paytaxt Kiyev yaxınlığındakı digər şəhərlərdə törədilən qətllər soyqırımı adlandırılmalıdır.
Bundan başqa, ABŞ Prezidenti Co Bayden Rusiya qüvvələrini Ukraynada soyqırımı aktları törətməkdə ittiham edib. Onun fikrincə, Rusiyanın dövlət başçısı Vladimir Putin Ukraynanın kimliyi ilə bağlı ideyanı silməyə çalışır. Lakin bir çox ölkələr Ukraynada baş verənləri təsvir etmək üçün bu sözdən istifadə etməyi dayandırıb.
Məsələn, Fransa Prezidenti Emmanuel Makron soyqırımı ifadəsindən istifadə etmək istəmədiyini bildirib və “ritorikanın artmasına” qarşı xəbərdarlıq edib. Eləcə də Belarus, Suriya və digər Rusiyaya dost ölkələr Buçada baş verənlərin soyqrımı olmadığını açıqlayıb. Belarus lideri Aleksandr Lukaşenko isə Buçada baş verənlərə görə Britaniyanı ittiham edib və məlum olayın təxribat olduğunu deyib.
Əslində soyqırımı nədir?
Genosid bəşəriyyətə qarşı ən ağır cinayət kimi qəbul edilir. Bu, bir qrup insanın kütləvi şəkildə məhv edilməsi kimi müəyyən olunur.
İkinci Dünya müharibəsi zamanı Holokostda altı milyon yəhudinin öldürülməsi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalıda azərbaycanlılara qarşı törətdiyi qətliamlar dünyada qeydə alınmış soyqırımı nümunələri sırasındadır. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımında 613 nəfər hələk olub.
BMT-nin Soyqırımı Konvensiyasına əsasən soyqırımı cinayətləri milli, etnik, irqi, dini qrupu tamamilə və ya qismən məhv etmək niyyətilə aşağıdakılardan hər hansı birinin törədilməsi halında müəyyən edir:
Qrup üzvlərini öldürmək
Qrup üzvlərinə ciddi bədən və ya psixi zərər vurmaq
Qrupun bütövlükdə və ya qismən fiziki məhvinə səbəb olmaq üçün hesablanmış həyat şəraitinin qəsdən törədilməsi
Qrup daxilində doğuşların qarşısını almaq üçün tədbirlərin görülməsi və uşaqlarının zorla başqa yerlərə köçürülməsi daxildir.
Rusiya Ukraynada soyqırımı törədibmi?
Əslində bununla bağlı fikirlər fərqlidir. Xarici ekspertlərin araşdırmalarına görə, Ukraynada soyqırımı davam edir:
“Buçada və digər yerlərdə insanların ukraynalı mənsubiyyətinə görə qətlə yetirilməsinə dair sübutlar var. Bu, təkcə insanları öldürmək deyil, həm də milli kimlik qrupunu hədəf almaqdır. Moskvadan gələn ritorika soyqırımı niyyətinə çevrilir. Müharibənin məqsədi Ukraynasızlaşmaqdır, onlar dövlətə deyil, ukraynalılara diqqət yetirirlər”.
Rus ekspertlərin fikrincə, Ukrayna "nasist" dövlətdir və əhalinin əhəmiyyətli bir hissəsi bu barədə günahkardır:
“Xalq buna görə də dövlətlə eyni mövqedədir. Rusiyanın qələbəsindən sonra bu insanlar yenidən təhsilə ehtiyac duyacaqlar və bu, de-Ukraynalaşma demək olacaq".
Bəzi ölkələrin araşdırmalarına görə, Rusiya ordusunun əslində Ukrayna milli qrupunu qismən məhv etmək niyyətində olduğuna dair sübutlar mövcuddur:
"Buna görə də onlar mülki insanları hədəfə alırlar. Onlar təkcə döyüşçüləri və hərbçiləri hədəf almırlar. Çox vaxt soyqırımı törədən qarşı tərəfi - hədəfə alınan qurbanları əvvəllər də soyqırımı törətmək niyyətində olmaqda günahlandırır, əslində cinayətkar bunu edir. Bu işdə də belə olub".
Lakin soyqırımı sahəsi üzrə bəzi araşdırmaçılar hesab edirlər ki, Rusiyanın Ukraynadakı vəhşiliklərini bu kateqoriyaya aid etmək hələ tezdir. Onların fikrincə, rusların törətdiyi cinayətlər soyqırımı ola bilər və ya gələcəkdə soyqırımına çevrilə bilər, lakin sübutlar hələ kifayət qədər güclü deyil.
“Əlimizdə kifayət qədər dəlil yoxdur. Müharibə Ukraynanın şərqinə doğru daha da qəddarlaşdıqca, soyqırımı niyyəti daha da çoxalır. Əslində prezident Putin soyqırımı ritorikası nümayiş etdirir. Ukrayna hökuməti ukraynalı uşaqların rus ailələri tərəfindən övladlığa götürülməsi üçün valideynlərindən ayrılması ilə bağlı xəbərləri təsdiqləsə, bu, soyqırımı aktı olacaq”,- beynəlxalq ekspertlərin rəyində qeyd olunub.
Xatırladaq ki, Ukraynanın “qəhrəman şəhəri” Buçada yüzlərlə dinc sakinin Rusiya hərbçiləri tərəfindən qətlə yetirilməsi dünyanı silkələməkdə davam edir. Dünya ölkələrinin Buçada baş verənləri lənətlədiyi bir məqamda Rusiya tərəfi israrla qətliam törətmədiklərini, yaşanan hadisələrin Moskvaya qarşı təxribat olduğunu bildirib.
Ukrayna tərəfinin açıqladığı rəsmi məlumatlarda Buçada 500-dən çox mülki sakinin qətlə yetirildiyini qeyd olunub.
Digər xəbərlər