Saytımızı qiymətləndirin


 
 

Srebrenitsa Analar Cəmiyyətinin sədri: “Xocalı qurbanlarının nə yaşadıqlarını çox yaxşı anlayıram”
Tarix: 24-02-2022 | Saat: 17:10
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Srebrenitsa Analar Cəmiyyətinin nümayəndələri

 

Bu gün Srebrenitsa Analar Cəmiyyətinin nümayəndələri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində olublar.

Agentlikdən Qarabaginfo.az-a verilən xəbərə görə, görüşdə icraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvləri Azər Allahverənov və Zaur İbrahimli, icraçı direktorun müavini Emil Çaparlı, Beynəlxalq əlaqələr üzrə məsləhətçi Toğrul Məmmədli və Layihələrin idarə edilməsi departamentinin müdiri Elnur Bağırlı iştirak ediblər.
İcraçı direktor Aygün Əliyeva qonaqları salamlayaraq Ermənistanın Xocalıda törətmiş olduğu soyqırımı hadisəsinin 30 illiyi ərəfəsində baş tutan görüşün əhəmiyyətini qeyd edib.

A.Əliyeva qonaqlara 7000-dən çox sakini olan Xocalı şəhərinin yerlə-yeksan edilməsi, erməni separatçıların dinc əhaliyə qarşı ən amansız üsullardan istifadə edərək qətliam törətmələri barədə məlumat verib.

Bildirilib ki, Xocalı soyqırımında şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 nəfər əsir götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq hər iki valideynini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb. İcraçı direktor Xocalıya ədalətin tezlikə əldə olunması üçün Srebrenitsa və Xocalı QHT-lərinin birgə fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Srebrenitsa faciəsinin şahidi və qurbanı, Srebnitsa Analar Cəmiyyətinin sədri Munira Subasic çıxış edərək Agentliyə onları Azərbaycana səfər dəvət etdiklərinə görə minnətdarlığını bildirib.

O, Xocalı faciəsinin 30 illiyi ərəfəsində belə bir səfərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulayıb. Srebrenitsa soyqırımında 22 nəfər ailə üzvlərimi itirən M.Subasic faciə barədə statistik məlumatlar verib.

Bildirib ki, statistik məlumatlara əsasən, faciədə 1402 uşaq, 570 qadın olmaqla 10770 nəfər həlak olub, 20 mindən çox qadın işgəncələrə məruz qalıb, 550 uşaq hər iki valideynini itirib: “Bu soyqırımı baş verəndən sonra mən özümə söz verdim ki, günahsız insanlara qarşı törədilən bu vəhşiliklərlə bağlı ədalətin öz yerini tapmasına çalışacağam. Və yaxınlarını itirən 8116 qadınla birlikdə bu soyqırımına hüquqi qiymət verilməsi üçün mübarizəyə başladıq. Xocalı soyqırımının qurbanlarının nə yaşadıqlarını çox yaxşı anlayıram”.

Səfərdə iştirak edən digər nümayəndələr Suhra Sinanovic, Hadjimesic Ajsa, Jasmin İmamovic, Müşahidə Şurasının üzvləri Azər Allahverənov və Zaur İbrahimli çıxış ediblər.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələri Azərbaycanda səfərdədirlər.



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər