Tarix: 09-07-2021 | Saat: 12:16
Bölmə:Karusel / Sosial | çapa göndər
İnzibati məsələlərin mediasiya vasitəsilə həll edilməsi proseduru müəyyənləşir.
Qarabaqinfo.az-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “İnzibati icraat haqqında” qanuna təklif edilən yeni 80-1-ci maddədə əksini tapıb. Təklif edilən yeni maddəyə əsasən, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr “Mediasiya haqqında” qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll edilə bilər.
Maraqlı şəxslə inzibati orqan arasında mübahisənin mediasiya vasitəsilə həlli məqsədilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlandıqda, müvafiq olaraq bu qanunun 73-cü maddəsində nəzərdə tutulmuş (şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində) müddətin axımı və ya inzibati şikayət üzrə icraat dayandırılacaq.
Mübahisə mediasiya vasitəsilə həll edildikdə, inzibati orqan barışıq sazişini şikayət instansiyasına təqdim edəcək. Bununla bağlı şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə icraata xitam veriləcək.
Mübahisə mediasiya vasitəsilə həll edilmədikdə inzibati orqan mediasiya prosesinin nəticələri barədə protokolu şikayət instansiyasına təqdim edəcək. Bununla bağlı qanunda nəzərdə tutulmuş müddətin axımı bərpa olunur və şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində şikayətə baxacaq.
Mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişində müvafiq inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə müvafiq hərəkətin (hərəkətsizliyin) edilməsi öz əksini tapır.
Qeyd edək ki, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr və inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli bura aid deyil. O cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna uyğun olaraq, inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr də mediasiya yolu ilə həll edilə bilməz.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Digər xəbərlər