Tarix: 17-06-2021 | Saat: 13:26
Bölmə:Karusel / Region | çapa göndər
Bir vaxtlar qondarma “dqr”in “müdafiə naziri” olmuş qondarma general (“samozvanets”) Samvel Babayan Ermənistanın A1+ kanalına müsahibəsində Qarabağdakı məğlubiyyətə görə birbaşa Rusiyanı ittiham edib.
Qarabaginfo.az xəbər verir ki, Babayan Rusiyanı hələ Paşinyanın hakimiyyətə gəlişindən əvvəl sifariş edilmiş “Tor” zenit-raket komplekslərinin təchizatını qəsdən gecikdirməkdə günahlandırıb. Üstəlik bildirib ki, 44 günlük müharibənin şiddətli vaxtında, Azərbaycan ordusunun Şuşaya doğru irəlilədiyi günlərdə Rusiya 102-ci bazanın arsenalından Ermənistan ordusuna “Buk-M1” zenit-raket kompleksləri verməyə hazır olduğunu bildirib. Amma məlum olub ki, bu komplekslərin çoxu xarabdır.
“Hələ Nikol Paşinyandan əvvəl 200 milyon dollar kredit (Rusiyadan götürülən güzəştli silah kreditindən söhbət gedir,-red.) götürülmüşdü və “Tor” zenit-raket kompleksləri sifariş edilmişdi. Erməni mütəxəssisləri “Tor”ları çarə kimi təqdim etmişdilər və siyasi rəhbərlik razılaşmışdı, pulların bir hissəsi əvvəlcədən ödənilmişdi. Müharibə başlayanda 6 “Tor” kompleksi artıq Qarabağda idi və daha 18-nin, yaxud 24-ünün gətirilməsi gözlənilirdi. Lakin həmin 6 kompleksdən 4-nü müharibənin ilk saatlarındaca Azərbaycanın pilotsuz aparatları məhv etdi”,-Samvel Babayan bildirib.
Müharibə dövründə qondarma “dqr”in “təhlükəsizlik şurasının sədri” olmuş və kapitulyasiyadan sonra istefa vermiş Babayan daha sonra deyib ki, Rusiya əvvəlcədən sifariş edilmiş “Tor” zenit-raket komplekslərinin qalanlarının çatdırılmasını qəsdən ləngidirdi.
“Sual yaranır, əgər Rusiya daha 18 “Tor” verməliydisə və buna görə əvvəlcədən ödəniş almışdısa, nəyə gərə cəmi 6 vahid vermişdi? Oktyabrın 21-də Rusiya bildirdi ki, 102-ci bazanın arsenalından 6 “Buk-M1” zenit-raket kompleksi verməyə hazırdır. Heyətlər hazırlandı və texnikanı təhvil almaq üçün göndərildi, amma məlum oldu ki, qurğulardan 5-i xarabdır. Sonra məlum oldu ki, Rusiyadan təmir briqadası ancaq noyabrın 3-də gələ bilər, təmir edilmiş qurğuları isə bizə ancaq noyabrın 10-da təhvil verə biləcəklərini dedilər”,-general Samvel deyib.
O, xatırladır ki, oktyabrın 26-da və 27-də fəal danışıqlar gedirdi, Azərbaycan tərəfi bildirirdi ki, Şuşanı azad edənə qədər dayanmaq niyyətində deyil. Ona görə də Babayanın fikrincə, Rusiya zenit-raket komplekslərinin təchizatını ləngitməklə vaxtı uzatmaq istəyirmiş.
“Kim Paşinyanı ittiham edirsə ki, niyə müharibəni dayandırmayıb, bilməlidir ki, müharibənin dayandırılması Paşinyandan asılı deyildi. Hesab edirəm ki, müttəfiq pulu əvvəlcədən ödənilmiş silahları vaxtında verməliydi, amma bunu qəsdən eləmədi, bizim uduzmağımız üçün. Ona görə də mən təklif edirəm ki, müttəfiqlə yol xəritəsi tərtib edilsin və bənd-bənd orada izah olunsun ki, onlardan hansı halda nə gözləməliyik və yenidən kürəyimizdən zərbəni nə vaxt alacağımızı bilməliyik”,-Samvel Babayan belə deyib.
Qeyd edək ki, 44 günlük müharibə zamanı Rusiyanın 102-ci bazadan Ermənistana bəzi silahlar verdiyinə dair Azərbaycan tərəfində məlumatlar var idi. Lakin indiki halda Babayanın məğlubiyyətin səbəbinin guya Rusiyanın “Tor” komplekslərinin təchizatını gecikdirməsi və ya nasaz “Buk” kompleksləri təklif etməsi ilə əlaqəli olduğunu deməsi sadəcə olaraq bəhanədir. Bir halda ki, Azərbaycanın müharibənin elə ilk saatlarındaca Ermənistan ordusunun Qarabağdakı hava hücumundan müdafiə komplekslərinin çoxunu məhv etdiyini Babayan özü etiraf edir, o zaman daha bir neçə “Tor” və ya “Buk” komplekslərinin döyüş əməliyyatları teatrına daxil olması heç nəyi dəyişməyəcəkdi. Azərbaycan ordusu onları da bir-birinin ardınca məhv edəcəkdi. Hansı ki, Azərbaycan ordusunun yüksək dəqiqlikli müasir silah sistemləri və tətbiq etdiyi beşinci nəsil müharibə taktikası sayəsində Ermənistan ordusunun S-300 zenit-raket kompleksləri də daxil olmaqla çoxsaylı hava hücumundan müdafiə vasitələri faktiki olaraq döyüşə atılmadan öz mövqe rayonlarında zərərsizləşdirildi. (virtualaz.org)
Digər xəbərlər