Saytımızı qiymətləndirin


 
 

Aprelin 1-dən Bakı, Sumqayıt və Abşeronda tibbi sığortanın tətbiqinə başlanılır
Tarix: 29-03-2021 | Saat: 16:08
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

İcbari tibbi sığorta ödənişi nə qədər olacaq? - Meydan.TV

Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcəklər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Qarabaginfo.az-a bildirilib ki, bu məqsədlə sözügedən ərazilərdə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir.

Bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi altında təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların Qəbul şöbələrinin bazasında Təcili Yardım şöbələri yaradılıb, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub.

Qeyd olunub ki, yuxarıda qeyd olunan ərazilərdəki tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması, kompüter avadanlıqları ilə təchizatı və internetə çıxışın təmin olunması üzrə işlər aparılır.

"İcbari tibbi sığortanın məlumat bazası, habelə müvafiq proqram təminatı yaradılır. Qəbul və qeydiyyat şöbələrinin işçilərinə tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlər keçirilir. Proqram təminatı xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatının aparılmasına, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır. Habelə, vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.

Əlavə olaraq bildirək ki, aprelin 1-dən etibarən təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və kənd həkim məntəqəsi aiddir. Burada vətəndaşlar ərizə dolduraraq ailə həkimini seçməlidir. Ailə həkimini seçərək vətəndaş tibb müəssisəsinə təhkim olunur.

Ailə həkiminin müayinə və müalicəsindən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ailə həkimi tərəfindən ixtisaslı həkimə göndəriş verilir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlana bilir", - məlumatda bildirilib.



Xəbəri paylaş

1363 dəfə oxunub.

Digər xəbərlər