Saytımızı qiymətləndirin


 
 

Həsən Həsənov, “Qeybalıdan Stipanakertəcən" şəhər salacaqdınız, nə oldu???
Tarix: 10-01-2021 | Saat: 20:10
Bölmə:Karusel / Yazar | çapa göndər



Məndən ötrü son 33 ildə (artıq bir qərinədir!) insanın, vətəndaşın, siyasətçinin, hökumət məmuru və dövlət xadiminin, partiya rəhbəri və millət vəkilinin, istənilən iddialı və vəzifəli şəxsin, hətta məşhur yazıçı və şairin, tanınmış jurnalist və publisistin belə keyfiyyət və xüsusiyyətlərini qiymətləndirmək üçün birinci “ölçü vahidi” Şuşanın, Qarabağın, bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün və əhalinin müdafiəsi məsələsi olub. Mənim fikrimcə, ölkəsinin ərazisini bilərəkdən müdafiə etməyə çalışmayan, yaxud bu işi bacarmadığını bilə-bilə özünü irəli atıb vəzifə tutan və öhdəsindən gələ bilmədiyi halda həmin vəzifədən dördəlli yapışan adamlar ölkənin ən böyük düşmənlərindəndirlər və ən azı nifrətə layiqdirlər.

Düzdür, indi haqqında danışacağım Həsən Həsənovu heç də tamamilə bu cür qiymətləndirməyi təklif etmirəm, ancaq əvvəlcədən qeyd etmək istəyirəm ki, ona da mənim münasibətim yüksək dövlət vəzifəsində olduğu vaxt Şuşaya və onun əhalisinə göstərdiyi münasibətlə formalaşıb və təəssüf ki, istəsəm də bu münasibəti dəyişə bilmirəm. Hesab edirəm ki, o və ya bir başqa keçmiş və ya indiki yüksək vəzifəli şəxs rəsmi tribunaya çıxaraq millətə müraciətlə buraxdığı səhvi, yaxud bilərəkdən və ya bilməyərəkdən söylədiyi yalanı, yaxud da hətta yalan olmayan, lakin onun şəxsən özündən asılı olmayan səbəblərə görə yerinə yetirə bilmədiyi vədə görə səhvini etiraf edərək üzr istəsə belə şəxsi nəinki bağışlamaq, onunla barışmaq, hətta bu KİŞİ addımını yüksək qiymətləndirib başına and içmək də olar.

İndi mən Həsən müəllimlə bağlı həyatımda olmuş kiçik bir epizodu danışmaq istəyirəm. Bir neçə dəfə bunu yazmaq istəmişəm, ancaq sonra bu fikirdən daşınmışam. Ən çox da son zamanlar hörmətli səfir Vilayət Quliyevin Həsən Həsənov haqqında səxavətlə yazdığı xoş sözləri oxuyandan sonra istəmişəm danışım bu əhvalatı, ancaq yenə də hər ikisinə görə yazmamışam. Bu gün yenə də Azərbaycanın Polşadakı səfiri vəzifəsindən dünən geri çağırılmış Həsən Həsənov haqda Vilayət müəllimin yazısını və həmin yazıya yazılmış şərhləri oxudum və düşündüm ki, hər kəs öz fikrini və tanınmış ictimai, siyasi və dövlət xadimi haqqında rəylərini yazmaqda sərbəstdirsə mənim də belə hüququm mütləq var. Ancaq mən öz şəxsi fikrimdən çox Həsən müəllimlə mənim iştirak etdiyimiz və Şuşada olmuş söhbəti danışmaq istəyirəm.

Bilmirəm onda baş nazir Konstitusiyamıza görə neçənci vəzifəli şəxs sayılırdı, ancaq Həsən Həsənov onsuz da çox məşhur fiqur hesab olunurdu. Onun Şuşaya gəlişi əli hər yerdən üzülmüş, ümidi tək Allaha qalmış adamlarda, o cümlədən bəndənizdə müəyyən ümid qığılcımı yaratmışdı: “Özü şəxsən heç nə edə bilməsə də, ən azı paytaxta qayıdıb digər dövlət rəhbərlərinə real vəziyyəti danışacaq yəqin...”

Həsən müəllimi camaat Bazar başında, İcra hakimiyyətinin qarşısında çox gözlədi. Onun binadan çıxmadığını görən adamların çoxu hövsələsini basa bilməyib dağılışıb getdi. Nəhayət ki, səliqəli kostyum geyinib, zövqlü qalstuk taxmış, şlyapası da plaşına çox yaraşan Həsən Həsənov rayon rəhbərliyinin bir neçə nümayəndəsinin müşayiəti ilə “raykomun” qabağına çıxdı. Sürətlə maşınlara tərəf getməyə başlayanda meydanda qalan adamlar tez onu dövrəyə alaraq maşına minməyə imkan vermədilər.

Və... söhbət başladı.

Adamlar həyəcanla sual verir, Həsən müəllim də istedadla, müdrikcəsinə ələşəndən-küləşəndən toplayıb, quraşdırıb yaxşı cavab verirdi. Ağsaqqallardan biri onun bu cür danışmağına dözməsə də, təmkinlə dedi ki, ay saa qurban olum, sən hökumətimizin ən böyük adamlarından birisən. Bizə bir sağ söz deginən. Bu qədər ordan-burdan danışmaq nəyə lazımdı? Bizə konkret de görək başımıza haranın daşını salaq? Yerimizi-yurdumuzu bu namərd erməni əlimizdən almaq istəyir, urusdar da onlara kömək edir. Biz indi nağayrax? Bəs bizim yiyəmiz yoxdumu? Bu hökumət nə fikirləşir axı?

Həsən müəllim sağ əlini kişiyə uzadıb onun əlini sıxdı, sol qolunu da onun boynuna salıb yüngülcə qucaqladı...

Sonra aralanıb yenə də danışmağa başladı:

– Biz Qeybalı ilə Stipanakertin arasında tezliklə bir şəhər salacağıq, – deyə əlini Şuşanın Xəlfəli – Qaybalı kəndləri istiqamətindəki qaranlıq uçuruma sarı uzatdı. – Eyni vaxtda Malbəyli ilə Şuşanın arasında da bir şəhər salacağıq. Stipanakerti, erməniləri iki tərəfdən mühasirəyə alıb yerlərindəcə boğacağıq. Siz heç narahat olmayın, tezliklə görəcəksiniz ki, hökumət bunların başına nə oyunlar açacaq. Biz onların nəfəsini kəsəcəyik! Qalıb bizimlə yaşamaq istəyən qalsın yaşasın, istəməyənlər rədd olub getsinlər ana Ermənistanlarına, ya da hara istəyirlər ora!

Əlbəttə, sonuncu deklomasiya alqışlarla qarşılanmağa layiq idi. Ancaq bizim camaat artıq üç il idi ki, arxasında heç bir əməl dayanmayan belə mənasız şüarları tez-tez eşidirdi və doymuşdu.

Bu anda gördüm ki, hamı mənim üzümə baxır: “Niyə dinmirsən? Sən də bir söz de də...”

Dedim:

–Həsən müəllim, bağışlayın, mən də icazənizlə bir neçə kəlmə deyim,– onun başını tərpətməsini razılıq əlaməti kimi qəbul edib davam elədim. – Əvvəla o əlinizi uzatdığınız kəndin adı sizin dediyiniz kimi “Qeybalı” deyil, Qaybalıdı, – mən də sol əlimi Həsən Həsənovun sağ əlini uzatdığı qaranlıq uçuruma tərəf uzadıb, geri çəkdim. – İkincisi, o şəhərə də biz daha “İsbanakert” demirik, Xankəndi deyirik, – bu dəfə də əlimi çıraqban küçələrinin alışdım-yandım lampalarının işığı az qala Şuşanın da yarıqaranlıq küçələrini işıqlandıran Xankəndinə tərəf uzatdım. – Məlumat üçün onu da deyim ki, ətrafında şəhər salmaq istədiyiniz Qaybalıya elektrik xətti tarixdə ilk dəfə ötən il çəkilib. O hesabdan, fikirləşin, adicə işıq bu kəndə ilk dəfə XX əsrin sonunda çəkilibsə, gör orada şəhər salmaq neçə onillik çəkə bilər. Biz buna dözə bilərdik, amma erməni gözləməyəcək, bir də görəcəksiniz Şuşaya da təzədən işıq çəkir ermənilər. Ümumiyyətlə götürdükdə isə nə Qaybalı ilə Xankəndi arasında, nə də Malbəyli ilə Şuşa arasında hazırda şəhər salmaq, nəinki şəhər salmaq, heç bir məhəllə tikmək belə mümkün deyil...

– Nə üçün? – bayaqdan tez-tez dodaqlarını irəli verib-geri çəkərək əsəbiləşdiyini gizlətməyə çalışan Həsən müəllim sözümü kəsərək azacıq hiss olunan hirslə soruşdu.

– Birincisi, hər şeyin yaxşı olduğunu təsəvvür etdiyimiz ideal vəziyyətdə ona görə ki, dediyiniz yerlər sıldırım qayalıqlar, dibi görünməyən dərin dərələr, bir neçə çayın kəsişib keçdiyi selavlar və meşəliklərdən ibarətdir. Orada hazırda şəhər salmaq olmaz. İkincisi isə, ona görə ki, indi heç də ideal vəziyyətdə deyilik. Düşmən qapımızı kəsdirib. Şəhər salmaq yox e, heç o yolla o tərəf-bu tərəfə bircə maşını belə salamat buraxmırlar, sizin inşaatçıları kim qoruyacaq? Tikdiyiniz yeni obyektləri kim qoruyacaq? Təzə şəhərin yeni əhalisini kim qoruyacaq? Əgər onları qoruyan olacaqsa elə həmin adamlar Şuşanı, Malbəylini, Qaybalını qorusunlar hələlik, münaqişə həll olunandan sonra bu qayalıqlarda yenə də salarsınız yeni şəhəri...

Həsən Həsənov yanındakı vəzifəli şəxsə dönüb soruşdu:

– Kimdir bu cavan oğlan? – onun cavabını gözləmədən yenə də üzünü mənə tutdu: – Cavan oğlan, mən burada rəhbərlik etdiyim hökumətin Şuşa ilə bağlı planlarını xalqa bildirirəm, siz isə mübahisə yaradırsınız. Bu, nəyə lazımdır axı?

– Hörmətli Həsən müəllim, bağışlayın, söhbətə başlayanda mən ona görə özümü təqdim etmədim ki, mən də bu camaatın bir nümayəndəsiyəm, sizə də hamı kimi narahat olduğuma görə sual verdim. Sadə bir şəhər sakini kimi... Soruşduğunuza görə cavab verirəm. Mənim adım Kərim Kərimlidir, jurnalistəm, “Qarabağ” qəzetinin Dağlıq Qarabağ Muxtar Vilayəti və Ermənistanla həmsərhəd bölgələr üzrə xüsusi müxbiri vəzifəsində işləyirəm...

– Mən burada mətbuat konfransı keçirmirəm, heç onun vaxtı və yeri də deyil. Mən rayon rəhbərləri ilə görüşümüz başa çatdığına görə buranı tərk edərkən camaatı gördüm və yaxınlaşdım ki, onların narahatlığına şərik olum. Mən heç bir jurnalistin suallarına cavab vermək üçün gəlməmişəm bura.

– Həsən müəllim, camaata göstərdiyiniz diqqətə görə çox sağ olun. Mən də sizə jurnalist kimi sual vermirəm. Siz kim olduğumu soruşdunuz deyə özümü təqdim etdim. Bu söhbətimizi də qəzetimizdə dərc etmək fikrim yoxdur. Bir daha demək istəyirəm ki, birincisi, dediyiniz yerlərdə indi şəhər salmaq mümkün deyil, şəhəri göydə salmayacaqsınız ha, bina tikmək, yol çəkmək üçün ən birinci yer lazımdır, ərazi lazımdır, bünövrə qazmaq üçün torpaq lazımdır. Dediyiniz ərazidə isə o yer yoxdur. İkincisi isə, hətta möcüzə baş versə və siz orada heç olmasa bircə ev belə tikə bilsəniz onu müdafiə etməyəcəksinizsə, qorumayacaqsınızsa və ermənilər gəlib o evi talayıb, dağıdıb, sonra da yandıracaqsa bunu tikməyin nə əhəmiyyəti var, nə mənası var? Bu gün Azərbaycan hökuməti Xocalını böyük tikinti meydanına çevirib. Fabriklər tikilir, yeni müəssisələr yaradılır, şəhərin hava limanı istiqamətində yeni bir şəhərcik salınıb, orada əllidən artıq ev tikilib, hətta mərkəz tərəfdə indi iki çoxmərtəbəli yaşayış binası tikilir. Ancaq şəhərin müdafiəsi barədə yaxşı düşünüb, əsaslı tədbirlər görən yoxdur. Belə davam etsə, bunların heç bir əhəmiyyəti, faydası olmayacaq.

– Niyə olmayacaq? Siz nəyi nəzərdə tutursunuz? – həmsöhbətim deyəsən bir az işgüzar maraqla soruşdu.

– Həsən müəllim, Xocalı şəhəri tamamilə erməni yaşayış məntəqələrinin əhatəsindədir, mühasirədədir. Xocalıya gedən, gələn bütün yollar erməni yaşayış məntəqələrindən keçir. Dörd tərəfdən bütün çıxacaqları bağlıdır. Yalnız Şuşanın Malbəyli kəndindən Xocalıya erməni kəndindən keçmədən getmək olar, lakin ora da əkin sahəsidir, şumlanmış ərazidir. Özü də ermənilər istəsələr çox qısa müddətdə oranı da tutub bağlaya bilərlər. Digər tərəfdən, Xankəndində yerləşən hərbi hissə də, demək olar ki, ermənilərin nəzarətindədir. Həm zabit, komandir və rəis heyətində, həm də əsgərlər arasında ermənilər var, həm də ki, elə rus hərbçilər də onların tərəfini saxlayır. Hərbi hissənin texnikası da, demək olar ki, ermənilərin əlindədir. Hökumət başçısısınız, bilin, əgər ermənilər bircəcə dəfə Xocalının üstünə ciddi hücuma keçsələr şəhəri yandırıb camaatı da qıracaqlar. Çünki müdafiə çox zəifdir, həm adam sayı azdır, həm də texnika və silah-sursatları yoxdur. Eləcə də Şuşa... Buralarda indi heç nə tikmək lazım deyil,yalnız müdafiəni gücləndirmək lazımdır.

– Yaxşı, hamınıza təşəkkür edirəm, çox sağ olun, salamat qalın, – deyə Həsən müəllim qəfildən dilləndi.

Hamı təəccüblə söhbəti qəfildən kəsən qonağın üzünə baxdı. Hannan-hana:

– Sağ olun, Həsən müəllim, – adamlardan bir neçəsi dedi.

–  Həsən müəllim, gedək qonağımız olun, – kimsə əlavə etdi.

–  Bir stəkan çayımızı için, bir tikə çörək kəsin, – bir başqası dedi.

–  Saa da bir quş, – bir ayrısı dilləndi.

–  Bu da belə getdi, – bir səs də belə dedi.

–   Ə, qardaş başını niyə ağrıdırsan? – deyə bir yoldaş da üzünü mənə tutdu. – Bunlara Şuşa lazımdı? Bunlara Xocalı lazımdı? Bunlara vəzifə lazımdı, pul lazımdı! Cəhənnəmə olsun Şuşa da, Xocalı da...

Elə bu anda Həsən Həsənov geri qanrılıb:

– Cavan oğlan, sizi bir dəqiqə olarmı? – deyə əlini mənə tərəf uzatdı.

Ona yaxınlaşdım:

– Buyurun, Həsən müəllim.

Qoluma girib məni bir az araladı və guya ərk edirmiş kimi dedi:

– Siz ziyalısınız, jurnalistsiniz, dünyanın gedişatından, siyasətdən xəbəri olan oxumuş adama oxşayırsınız. Niyə belə danışırsınız camaatın içində?

– Necə danışıram, Həsən müəllim?

– Elə danışırsınız ki, sanki qarşınızdakı uşaqdır, ən azı mən burada qonağam...

– Həsən müəllim, vallah qonaq kimi gözümüz üstə yeriniz var, – hövsələmi basa bilmədim, – bu şəhərdə hansı evə getsəniz, hətta libasınızı dəyişib təsadüfən kimin qapısını döysəniz sizi elə qarşılayarlar ki, məəttəl qalarsınız. Hələ kəndlərini demirəm. Şuşanın kəndlərinin camaatı, ümimiyyətlə, ayrı aləmdir. Qonaqpərvərlikdə heç kim onlara çatmaz. Ancaq siz camaata elə şeylər deyirsiniz ki, bağışlayın, adamı gülmək tutur. Bu hökumət sözüdür bəyəm? Siz nə danışırsınız? Camaat bu gün-sabah dəhşət olacağını fikirləşir, sizdən bir təsəlli, ümid verən söz istəyir, siz də deyirsiniz ki, Qaybalıdan Xankəndinə şəhər salacağıq. Həsən müəllim, sizi səmimiyyətlə, inandırmaq istəyirəm, doğrudan da belə getsə bizi böyük faciələr gözləyir, inanın! Bakıya qayıdan kimi mütləq bir tədbir görün...

– Yaxşı sağ olun, – deyib qolumu bərk-bərk sıxdı. Maşına əyləşəndən sonra yanındakı adama nə isə deyib narazı halda başını buladığını gördüm.

Gözdən itdilər və mənim də qəlbimi bir təəssüf hissi bürüdü: “İşimiz Allaha qalıb...”

Əlbəttə, Şuşaya gəlib-gedən çoxsaylı digər məmurlar kimi, Həsən müəllim də yəqin elə səhəri gün bu söhbətləri unutdu. Ona görə bu qənaətə gəlmişəm ki, ondan sonra ötən təxminən 30 il ərzində müxtəlif yüksək vəzifələrdə olan Həsən Həsənovun Qarabağla bağlı hər hansı bir işi, sözü barədə hörmətli Vilayət müəllimin statuslarından başqa heç nə eşitməmişəm, oxumamışam və rast gəlməmişəm.

Çox-çox təəssüflər olsun ki, az müddət sonra hər şey mənim Həsən Həsənova dediyim kimi oldu...

Yəni Xocalı qanına qəltan edildi, Şuşanın başına faciələr gəldi...

 

Üstündən uzun illər keçdi...

İki il bundan əvvəl Həsən Həsənov mənim işlədiyim nəşriyyata gəlmişdi. Əvvəlcə bizim otağa girib ümumi salam verdi. Otaqdakıların hamısı ayağa qalxaraq onu hörmətlə qarşıladı, kəmali-ədəblə salamını alıb oturmağa yer göstərdik. Lakin o orturmadı, müdirin otağını soruşdu. Onu qapısı açıq olan üzbəüz otağa apardım. Həsən müəllim orada təxminən iki saat oturdu və təxminən o qədər də danışdı. Yəni həmsöhbətinin bir neçə dəfə gülümsəyərək yalnız “bəli”, “xeyr” və s. bu kimi sözlər söyləmək imkanı oldu.

Mən isə oturduğum yerdən üzbəüz otağın açıq qapısından görünən, şlyapasını masanın üstünə qoymuş kişinin boynunun arxasına baxır və düşünürdüm: “Niyə bizim məmurlar ancaq danışmaqla işlərini bitmiş hesab edirlər? Niyə dediklərinə demək olar ki, heç vaxt əməl etmirlər? Niyə kişi olan kəs ağzından çıxardığı sözün məsuliyyəti barədə düşünmür? Niyə ölkənin rəhbərlərindən biri Şuşaya gələrək camaatın gözünün içinə “Qeybalıdan Stipanakertə qədər, Şuşadan Malbəyliyə qədər şəhər salacağıq...” deyə qırmızı yalan danışır və bu yalanı da çox tezliklə unudur? Niyə bu cür adamlar onlara həyəcanla deyilən “Belə getsə düşmən bizi qıracaq, Şuşanı da, Xocalını da yandıracaq, işğal edəcək, siz hökumətin başçısısınız, təcili bir tədbir görün, yoxsa çox pis olacaq, başımıza faciələr gələcək!” kimi tələblərə, xahişlərə, yalvarışlara lazımi reksiya vermək, ölkəni silkələmək, hökuməti və xalqı ayağa qaldırmaqla cavab vermək əvəzinə elə oradan aralanan kimi unutmaqla “reaksiya” verirlər? Niyə bu cür adamların yalanlarına, daim vəzifədə olmalarına, eyş-işrət içində yaşamalarına görə mən bu gün didərgin vəziyyətində yaşamalı, doğma yurduma həsrət qalmalı, o isə gəlib mənim gözümün qabağında yenə də iki saat danışmalıdır?”

Açığı, hətta az qalırdı ki, məni ağlamaq tutsun...

O, məni, əlbəttə ki, tanımadı. Mən də, təbii ki, QONAĞA bir söz demədim...

İndi də Fb-da daşıb tökülən təriflərə görə yazdım ki, mən baxan tərəfdən də bəlkə bir baxan oldu...

Onu da qeyd etmək istəyirəm ki, Xocalı qətliamı baş verəndə baş nazir məhz Həsən Həsənov idi, Şuşanın işğalından isə cəmi 34 gün qabaq bu vəzifədən çıxıb. Şəhərin müdafiəsi isə məhz onun vaxtında gücləndirilməli idi. Heç olmasa, Xocalı faciəsindən sonra...

 

...Və...

            O, bizə yalan danışmış yeganə məmur deyil.

Azərbaycan xalqı böyük xalqdır. Ancaq xalqımızın böyüklüyündən sui-istifadə edərək daim ona yalan danışmaqla yüksək vəzifə kürsülərini qamarlayıb özününküləşdirən yaramaz adamlar da çoxdur.

O yaramazların sağ qalanları mütləq xalqa qarşı tutduqları yaramaz mövqelərinə görə üzr istəməli və günahlarını etiraf etməlidirlər. Yalnız bundan sonra onları bağışlamaq olar.

Ya da ki, ədalət məhkəməsi öz sözünü deməlidir...

Sonda bir daha qeyd edirəm ki, mənim nə həyatda bir neçə dəfə gördüyüm Həsən Həsənova, nə də başqa məmurlara qarşı heç bir şəxsi ədavətim, kinim, nifrətim, qərəzim yoxdur. Ancaq o cür adamların camaatın başının altına qoyduqları qu tükü kimi yumşaq və şirin yalanla dolu yastıqlara görə ümumi münasibətim mənfidir.

Çünki, məndən ötrü indi də vəzifəli şəxsin bu və ya digər xüsusiyyətinin “ölçü vahidi” Şuşa, Qarabağ, bütövlükdə Azərbaycan məsələsidir. Mənim insanlara qarşı münasibətim məhz bu məsələlərə görə formalaşır. 

Ancaq, onu da bilirəm ki, şəxsən mənim münasibətim o tip adamları heç maraqlandırmır da...

Bir də heç kim fikirləşməsin ki, bu yazını Həsən müəllim artıq sonuncu vəzifəsindən – Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldığına görə yazmışam. Qətiyyən! Belə şeylərin mənim gözümdə heç bir əhəmiyyəti yoxdur. Bir də təkrar edirəm, sadəcə olaraq gördüm ki, hamı tərifləyir, fikirləşdim ki, mən də öz fikrimi yazım, vəssəlam!

Yazım bir az çox alındı, bir az uzun oldu...

Ümid edirəm ki, buna görə oxucularım rəncidə olmayacaqlar...

 KƏRİM KƏRİMLİ

 




120 dəfə oxunub.

Digər xəbərlər