Saytımızı qiymətləndirin


 
 

“Bundan sonra Qarabağda Rusiyanın 100 min əsgəri də olsa, problem deyil” – Müsahibə
Tarix: 22-06-2021 | Saat: 11:48
Bölmə:Karusel / Müsahibə | çapa göndər

“Bundan sonra Qarabağda Rusiyanın 100 min əsgəri də olsa, problem deyil” – Müsahibə 

 

 

 

Politoloq Toğrul İsmayılın Yenisabah.az-a müsahibə verib.

Qarabaginfo.az müsahibəni təqdim edir:

- Ermənistanda seçki nəticələri sizin üçün gözlənilən idimi?

- Bəli, gözlənilən idi. Elə Paşinyanın seçiləcəyini proqnozlaşdırırdım. Proseslərin gedişatını da belə gözləyirdim, yəni seçkini Paşinyan qazanacaq, ancaq güc balansı eyni qalacaq deyə düşünürdüm.

- Bəzi mütəxəssislər Rusiyanın Köçəryana dəstək olacağını və sonda onu hakimiyyətə gətirəcəyini düşünürdü.

- Rusiyanın dəstəyi çox idi, ancaq burada belə bir şey var, Rusiya yanlısı sayılan güclər ayrı-ayrı namizədlərlə, Qərb isə tək bir namizədlə seçkiyə çıxdığı üçün güc bərabərliyi oldu və seçkini Paşinyan qazandı.

- Seçkidən əvvəl Köçəryan bir neçə dəfə Rusiyaya səfər etdi və  elə bu, onun qalib olacağı ilə bağlı bir fikir formalaşdırmışdı.

- Rusiya ilə Köçəryan özəl dialoq qurdular.  Bu isə doğru deyildi, cəmiyyəti çox qıcıqlandıran addım oldu.

- Bəs Rusiya KİV-lərinin ekzitpol nəticələrində Köçəryanın öndə göstərilmə səbəbi nə idi?

- Rusiya seçkiqabağı manipulyasiya çox elədi. Rus yanlısı komitələr Köçəryanın səs çoxluğuna sahib olduğunu açıqladı, lakin elə bir şey yox idi. Düzü, əgər bu seçkidə Paşinyan öz qələbəsinə inanmasaydı, seçkiyə getməzdi. Əmin olduğu üçün erkən seçkiyə getdi. Heç bir iqtidar belə risk almaz. Bu cür riski ancaq avantüristlər alar. Paşinyan təcrübəli siyasətçi olmaya bilər, küçədən gəlib, amma böyük ehtimal ki, məsləhətçiləri çox məlumatlıdır.

- Seçkini Rusiyanın uduzması kimi dəyərləndirənlər var, bununla razılaşa bilərikmi?

- Xeyr, uduzmadı, Paşinyanın qələbəsi Rusiya üçün daha yaxşı nəticədir. Rusiya bəlkə də Ermənistanın daxilindəki siyasətdə uduzdu, amma ümumi siyasətdə qazanıb. Rusiya hərbi əsgəri gücü Azərbaycanı tərk edərsə, uduzacaq. Rus sülhməramlıları bölgədə qaldıqca Rusiya öz missiyasını yerinə yetirir. Rusiya üçün də əsas burada qalmasıdır.

- Köçəryanın bloku seçki nəticələrini qəbul etmədiyini və etməyəcəyini açıqladı. Qərb və Rusiya nəticələrlə razılacağı təqdirdə, Köçəryan nə qədər etiraz edə biləcək?

- Cavabı elə özünüz verdiniz. Qərblə Rusiya razılaşarsa, məsələ bitmişdir. Aradakı fərq az olsa, nəsə etiraz edə bilərdi, amma səs fərqi çox böyükdür.

- Bu seçkilər Ermənistanda daxili siyasi mübarizəyə son qoydumu?

- Tam əksinə, cəmiyyətin ikiyə bölündüyünü göstərdi, bundan sonra siyasi mübarizə daha da aktiv olacaq.  Siyasi mübarizənin yanına hərbi qanadı da əlavə etmək lazımdır. Çünki ordu da Paşinyandan məmnun deyil. Paşinyanın digər namizədlərə görə müsbət tərəfi odur ki, onun üçün Qarabağ məsələsi həll olunub, ona görə ağırlığı sosial-iqtisadi məsələlərə, korrupsiyaya qarşı mübarizəyə, daha aktiv, sərbəst cəmiyyətin formalaşdırılmasına yönəldəcək. 

Köçəryan isə daha çox Qarabağla bağlı vədlər verirdi və onlar olduqca gülməli idi. Məsələn, Hadrut və Şuşanın diplomatiya yolu ilə geri alacağını deyirdi. Bunun da yolunu göstərmirdi. Bugünkü şərtlərlə onun imkansız bir şey olduğunu isə hamı bilirdi. Bu cür qeyri-müəyən, mücərrəd açıqlamalar Paşinyanın xeyrinə oldu. Məsələn, rəqibləri sadəcə Qarabağ məsələsini deyil, başqa məsələləri də ortaya qoysaydı və ya Rusiya Köçəryan kimi köhnə dostlarla deyil, alternativ rus yanlısı adamla iş görsəydi, daha uğurlu olardı.

- Erməni cəmiyyəti məğlub Paşinyanı niyə seçkidə qalib elədi?

- Müharibədə məğlub Paşinyan deyildi, ordu idi, ordu da Paşinyanın deyildi. Belə ki, Qarabağdakı hərbi qüvvələr Paşinyana deyil, daha çox Sarkisyanla Köçəryana bağlı qruplardır. Hətta əsgərlərin yaşlı nəsil olması da ondan irəli gəlirdi. Paşinyan müharibədə Ermənistan ərazisindən Qarabağa hərbi qüvvə göndərmədi, könüllülər göndərdi.

- Axı səfərbərlik elan olunmuşdu.

- İçəridə hərbi birliklər vardı, yeni hərbi birlik, kontingent gəlmədi. Əslində, orada Paşinyan iki-üç həmlə elədi. Bunlardan birincisi Ermənistanda Baş qərargah rəisini vəzifədən azad etməsi idi. Daha sonra ona bağlı olan güclər zəiflədildi. İkincisi, Sarkisyanla Köçəryanın heç bir işə yaramadığını göstərdi. Yəni öz missiyasını tamamladı, Qarabağ klanını zəif düşürdü. Ona görə də mən Paşinyanın məğlub olduğunu düşünmürəm. Hətta o, məcburiyyət qarşısında, yəni milliyətçilərin təzyiqini azaltmaq üçün Şuşada yallı getmişdi və onu etmək Paşinyanın çox da işinə yaramadı.  Tovuz hadisələri də ordunu Paşinyanın idarə etmədiyini göstərdi. Bunları Paşinyanı müdafiə etmək üçün demirəm, sadəcə reallıq bundan ibarətdir.

- Sizcə, Paşinyan hakimiyyəti tam formalaşdıqdan sonra nələr baş verəcək?

- Bugünkü seçki nəticələri Paşinyana təkbaşına hökumət qurmağa imkan vermir. Amma parlamentdə çoxluq əlindədir.

- Bildiyiniz kimi, Paşinyanın təkbaşına hökumət qurması üçün sadəcə 0,8 faiz səs çatmadı. Belə olan halda, onun hansı partiya ilə koalisiya quracağını proqnozlaşdırırsınız?

- Koalisiyaya ehtiyac yoxdur, bazarlıq edə, bir-iki millət vəkilini də yanına çəkə bilər, hökmən hansısa partiya ilə birləşməsinə lüzum yoxdur. Amma orada baraj məsələsi var. Ona görə də indidən dəqiq bir şey demək çətindir. Sadəcə bildirim ki, hökuməti quran qüvvə yenə Paşinyan olacaq. Çünki bir-iki nəfəri yanına çəkmək elə də çətin deyil.

- Erməni mətbuatı Paşinyanın parlamentdə 72 millət vəkilinin olacağını yazır.

- Ola da bilər, olmaya da... Ermənistanda bu məsələ bir az tam oturuşmayıb. Məsələn, əvvəl parlamentdə 105 nəfər idi, sonra 120 nəfər göründü, qəribə mexanizmləri var. Barajı aşan partiyalar var. Bəziləri blokla partiyanı qarışdırır. Partiyanın keçməsi üçün 5 faiz, blokun keçməsi üçün isə 7 faiz səs lazımdır. Ona görə də parlamentdə neçə nəfərin nə cür təmsil olunacağı məsələsi ortaya çıxır.

- Paşinyan bundan sonra Qərbyönümlü siyasət yürüdəcək, yoxsa Rusiyaya meyil edəcək?

- Qərbyönümlü siyasətinə davam edəcək.

- Ermənistanın Baş nazirinin sosial-iqtisadi həyatı dirçəltməyə daha çox meyil edəcəyini nəzərə alaraq mina xəritələrini bizə diversanlarla yanaşı, həm də maliyyə və ya digər iqtisadi amil müqabilində verəcəklərini ehtimal edirsinizmi?

- Bu proses dövlətlərarası razılıq və vasitəçiliklə həyata keçirilir. Burada Gürcüstanın vasitəçiliyi olduqca məqbuldur. Metodlar çoxdur. Məsələn, biri vasitəçilikdirsə, digəri əsirlər müqabilidir. Könül istərdi ki, bu məsələni iki ölkə öz arasında həll etsin, amma Ermənistan tərəfi çox zaman birbaşa dialoqdan qaçır. Bunun səbəbi də aydındır. Lakin seçkidən sonra Paşinyanın əli bu məsələdə daha güclü olacaq.

- Sizcə, Nikol Paşinyan üçtərəfli sazişin bütün şərtlərini yerinə yetirəcəkmi?

- Nəqliyyat yolu mütləq açılacaq. Bu, Rusiya və Ermənistanın işinə daha çox yarayır. Biz bu hadisələr başlamadan əvvəlki sərhədlərimizə qayıda bilərik, o isə ancaq sovet dönəmindəki yollar üzərindən istifadə olunur və 42 kilometrlik məsafədir. Burada koridor mübadiləsi deyil. Onu əvvəllər Amerikada olarkən Bülent Ecevit də təklif edib. Hətta mənlə də görüşmüşdülər, təklifi Elçibəyə gətirmişdim, amma bunun məntiqsiz olduğu demişdim, çünki o dövrün şərtlərilə Azərbaycan buna getməzdi. 

Bəlkə işğal dövründə bu təklif bir az cazib görünə bilərdi. Məsələn, Dağlıq Qarabağın bir hissəsini verib oradan koridor almaq olardı. Çünki mənə görə, bu, irəliyə baxanda çox böyük perspektivli bir mübadilədir. Lakin onunla razılaşılmadı. İndi Azərbaycan öz gücü ilə 80 faiz əraziyə nəzarəti aldı. Azacıq hissə Rusiyanın nəzarətindədir. Düzdür, bir mütəxəssis olaraq xarici hərbi qüvvənin ölkəmizdə olmasına qarşıyam, bu barədə dəfələrlə yazmışam ki, bu, müstəqilliyə təhlükədir. Amma həmin məsələləri elə son günədək qeyd etdiyimiz üçün hərtərəfli Şuşa Bəyannaməsi imzalandı və o, bizim təminatımızdır. Bundan sonra rus sülhməramlısının 100 min əsgəri də olsun, problem deyil.

-    Türkiyə hərbi bazasını Azərbaycana yerləşdirə bilər?

-    Buna indiki şəraitdə ehtiyac yoxdur. Türk əsgərini kütləvi şəkildə regionda yerləşdirmək üçün Türkiyənin çox böyük zamana ehtiyac yoxdur, Türkiyə dünyadakı nadir ölkələrdəndir ki, 150 min əsgəri yarım saat ərzində Şimali İraq qədər geniş əraziyə köçürdü.

-    Bundan sonra Azərbaycan-Ermənistan münasibətlərinin hansı müstəvidə irəliləyəcəyini düşünürsünüz?

-    Ağır olacaq. Çünki Ermənistanda paranoik dərəcədə anti-türk, anti-Azərbaycan əhval-ruhiyyəsi var. Bu cəmiyyətdən müsbət nəticə əldə etmək asan deyil. Amma əvvəl-axır Ermənistan qalıcı sülh müqaviləsinə imza atmalı və Azərbaycanın torpaqlarını tanımalıdır. Bu bizim istəyimizə görə deyil, beynəlxalq hüququn tələbidir. 

Biz də, Ermənistan da əvvəl-axır beynəlxalq hüququ qəbul etmək məcburiyyətindəyik, bütün dünya bunu qəbul edir. Doğrudur, bəzən dünya parlamentində bəyanatlar verilir, ancaq ona fikir verməmək lazımdır, onların aldığı qərarlar öz ölkələrinin vətəndaşlarına aiddir, bizə yox.

-    Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması gözləniləndirmi?

-    Bunun üçün tezdir. Sülh olmadan mümkün deyil. Ermənistan torpaq iddiasından vaz keçərək Azərbaycanla sülh sazişi  imzalamalı, ərazi bütövlüyünü tanımalıdır, ondan sonra sərhədlər açıla bilər. Buna mane olan tərəf isə Azərbaycan və Türkiyə deyil, sadəcə Ermənistan güc tapıb reallığı qəbul etməli, türk düşmənliyindən vaz keçməlidir. Türkiyə və Azərbaycan xaricində heç bir ölkə Ermənistanın dövlət müstəqilliyinin təminatı ola bilməz. Biz ikimiz təminatçıyıq. Problem bizlə olub, həlli də bizlədir. Rusiya Ermənistana kukla ölkə kimi baxır.

-    Bildiyiniz kimi, Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla Füzulidəki danışığı zamanı, “Sovetlər dönəmində Şuşaya getmək üçün gərək, Xankəndindən-ermənilər yaşadığı yerdən keçəydin”,- ifadəsi bir qədər müzakirə olundu. Siz cəmiyyətdəki tənqidi yanaşmanı necə qiymətləndirirsiniz?

-    İstər bir, istər üç faiz olsun, ermənilər Xankəndində həmişə çoxluq təşkil edib. Bizim cəmiyyəti, xüsusilə də bəzi ekspertləri anlamaq çətindir. Siz reallıqdan kənara çıxa bilməzsiniz. Reallıq budur ki, ermənilər orada Azərbaycan vətəndaşı olaraq yaşayır, əvvəl də bu belə olub. Sevsək də, sevməsək də, Sarkisyanla Köçəryan da Azərbaycan vətəndaşıdır. Onlar Azərbaycan qanunlarına görə cəzalandırılmalıdır.

-    Hazırda Azərbaycan vətəndaşıdırlar?

-    Siz onları qovmadıqca onlar Azərbaycan vətəndaşıdır.

-    Axı biz onları Azərbaycan vətəndaşlığını qəbul etməyəcəkləri təqdirdə ərazimizdən çıxarcağımızı demişik.

-    Çıxmaq üçün rəsmi müraciət etmək lazımdır, bu baş vermədikcə onlar Azərbaycan vətəndaşıdırlar. Məsələn, siz xarici vətəndaş da olsanız, könüllü şəkilə ərizə yazıb vətəndaşlıqdan ayrılmaq istəmədikcə vətəndaş olaraq qalacaqsınız. Yəni onlar da imtina etmədiklərinə görə Azərbaycan vətəndaşıdır. Prezident də həmişə onlara Azərbaycan ərazisində milli-mədəni muxtariyyət veriləcəyini ifadə edib. Bakıda belə ermənilər var, yaşayır. Bu reallığı Azərbaycan cəmiyyəti qəbul etməlidir. Azərbaycan qanunları ilə onlar qorunmalıdır.



Xəbəri paylaş

1304 dəfə oxunub.

Digər xəbərlər