Saytımızı qiymətləndirin


 
 

Türkiyəli tarixçi: "Şuşa Bəyannaməsi ilə bir millət, iki dövlət rəsmi olaraq yola çıxdı"
Tarix: 17-06-2021 | Saat: 08:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Türkiyəli tarixçi: "Şuşa Bəyannaməsi ilə bir millət, iki dövlət rəsmi olaraq yola çıxdı"

 

"Şuşa Bəyannaməsi tarixi bu coğrafiyada artıq müsbət istiqamətdə təkrarladacaq".

Qarabaginfo.az xəbər verir ki, Türkiyənin Tarixdaş Millətlər və Dövlətlər Birliyinin sədr müavini, tarixçi alim, professor Selma Yel Apa-ya açıqlamasında belə deyib.

Keçən əsrlərin bütün Türküstan və Qafqaz üçün göz yaşları ilə dolu, çox ağrılı və qanlı keçdiyini vurğulayan tarixçi Osmanlı imperiyası dağılarkən və Türkiyə Cümhuriyyəti qurulduqda çox əvəzlər ödəndiyini qeyd edib: "Buna baxmayaraq, Anadolu türklüyü şanslıydı, müstəqilliyini itirmədi və güclənərək yoluna davam etdi. Amma Türküstanı, Qafqazı və can Azərbaycanı heç vaxt unutmadı, həmişə ürəyində yaşatdı və bir gün yenidən qucaq açmağın yolunu gözlədi. Bu möcüzə baş verdi".

S.Yel Şuşa Bəyannaməsini tarixdəki iki vacib müqaviləyə bənzətdiyini bildirib: "Tarix təkrardan ibarətdir, əgər tarixdən ibrət alınarsa, bu gün və gələcək daha yaxşı olacaq. Bunlardan birincisi, 28 may 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan ilə Osmanlı imperiyası arasında 4 iyun 1918-ci ildə Batumidə imzalanmış sazişdir. Bu müqavilənin imzalanması ilə iki qardaş ölkənin hərbi və siyasi əlaqələrinin başlanması mümkün ola bilmişdi. Bu müqavilənin 4-cü maddəsində ehtiyac duyulduğu təqdirdə Osmanlı imperiyasının Azərbaycana hərbi yardım göstərə biləcəyi ifadə edilmişdi. Buna əsasən, Qafqaz İslam Ordusu quruldu və Azərbaycan türklərinin dəstəyi ilə erməni daşnaqlarının işğalı altında olan Bakı 1918-ci il sentyabrın 15-də azad edildi. Bütün dünya buna qarşı olduğu halda bu zəfər qazanıldı. Bütün dünya deyərkən Osmanlı imperiyasının müttəfiqi olan Almaniya bolşevik Rusiyası ilə gizli bir neft müqaviləsi bağladığı üçün, Moskva isə erməniləri dəstəklədiyi üçün buna qarşı çıxmışdı. Təəccüblü olan budur ki, bolşevikliyi böyük bir təhlükə kimi görən ingilislər də ermənilərin himayə olunması ilə eyni fikirdə idilər və buna görə də kiçik bir hərbi dəstəni ermənilərə kömək üçün göndərmişdilər. Tarix dərs alınmazsa, həmişə təkrarlanar demişdik. Dərs alınmağa başlanıldığı son Qarabağ müharibəsində tarix eynən 1918-ci ildə Bakının azad edildiyi kimi təkrarlandı.

Şuşa Bəyannaməsinə bənzər ikinci müqavilə Qars müqaviləsidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də ifadə etmişdi. 1921-ci ildə Anadolu türklüyü üçün ölüm-dirim müharibəsi olan Sakarya Meydan Müharibəsi zəfərindən sonra Rusiyanın nəzarəti altında olan Azərbaycan, Ermənistan və Gürcüstan ilə Türkiyə Böyük Millət Məclisi (TBMM) arasında düz 100 il əvvəl, 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi imzalanmışdı.

Qars müqaviləsi giriş, 20 maddə və əlavələrdən ibarətdir. Bu, Moskva müqaviləsinin təkrarıdır. Bu müqavilə ilə Türkiyənin şərq sərhədi müəyyənləşdirilərkən bu cəbhədə Türkiyə Böyük Millət Məclisi üçün ən böyük problem olan erməni məsələsi də həll edildi. Müqavilə çərçivəsində Azərbaycan türklərinin sıx yaşadığı Naxçıvan bölgəsi muxtariyyət qazandı. Ancaq bu o qədər də asan olmadı, əvəzi ödənildi. O dövrdə ölüm-dirim müharibəsi aparan Türkiyə Böyük Millət Məclisi Rusiyanın Naxçıvana qarşı təkidli tələblərinə inadla qarşı çıxmış, hətda Moskvanın bunu SSAC-a qəbul etdirmiş olmasına baxmayaraq, müqavimət göstərməyə davam etmişdi. Rusiya Batumini ala bilmək üçün Naxçıvandan imtina etmək məcburiyyətində qalmışdı. Nəticədə Türkiyə də Batumidən imtina etmək məcburiyyətinə qalmışdı. Beləliklə, Türkiyə Böyük Millət Məclisinin səyi ilə imzalanan Qars müqaviləsi ilə Azərbaycanın ərazi bütövlüyü qismən də olsa qorunmuş və Naxçıvanın üçüncü bir ölkəyə verilməməsi şərti ilə Azərbaycana bağlı muxtar bir respublika kimi mövcudluğunu qorumağa davam etməsi mümkün ola bilmişdi. Türkiyə Böyük Millət Məclisinin digər bir tələbi də Azərbaycanı müstəqil bir dövlət kimi görmək və siyasi əlaqələrini bu xətt üzrə davam etdirmək idi. Bu məqsədlə 4 iyun 1918-ci il müqaviləsini davam etdirərək Azərbaycanla ayrıca bir müqavilə imzalamaq və beləliklə onun müstəqil bir dövlət olduğunu sübut etmək istəsə də, təəssüf ki, o vaxt Sovet Azərbaycan Hökuməti bu tələbi qəbul edə bilməmişdi.

Bu gün Qars müqaviləsi Türkiyə-Ermənistan sərhədlərinin açılmasından Naxçıvanın statusuna qədər bütün məsələlərdə Türkiyənin dayaq nöqtəsidir və xüsusilə Ermənistan və Gürcüstandan gələ biləcək təhlükələrə qarşı Naxçıvan və Batumi zəmanətləri xüsusunda Türkiyəyə hüquqi və siyasi müdaxilə imkanı verir. Lakin bu gün Gürcüstandan belə bir təhlükə gözlənilməsindən söhbət gedə bilməz, əksinə, iki ölkə arasındakı dostluq münasibətləri möhkəmlənməyə davam edir. Demək olar ki, Qafqazdakı əsrlər boyu davam edən rəqabət, qan və qarşıdurma əsasən Qars müqaviləsi ilə başa çatşb. Naxçıvan Türkiyənin başda Azərbaycan və Türküstan olmaqla türk dünyası ilə əlaqəsini yaradacaq yeganə qapıdır və eyni vəziyyət Azərbaycan üçün də keçərlidir, ora həsrət qapısıdır, ora həsrət körpüsüdür... Əgər Naxçıvan bu gün hələ də Azərbaycan torpağıdırsa, bu, Türkiyənin təkidi və fədakarlığı sayəsində mümkün olub. Bugünkü Qafqaz sərhədi Moskva və Qars müqaviləsindən bu günə qədər olduğu kimi qorunub saxlanılıb. SSRİ-nin dağılması ilə başlayan yeni siyasi mühitdə Ermənistan yenidən tarixi təkrarlayaraq Qarabağa hücum etdi və Xocalıda soyqırım törətdi. Gürcüstanla problemlərini təxirə salaraq, 23 avqust 1990-cı il tarixli İstiqlal Bəyannaməsinin 11-ci maddəsində Osmanlı coğrafiyasında və Qərbi Ermənistanda qondarma "1915-ci il soyqırımı"nın tanınması üçün çalışacağını bildirdi. Halbuki Qars müqaviləsinin 15-ci maddəsində "İmza atan tərəflərin hər biri bu müqavilənin imzalanmasından dərhal sonra Qafqaz cəbhəsindəki müharibə səbəbi ilə törədilən qətl və cinayətlərə görə digər tərəfin vətəndaşlarının xeyirinə tam bir əfv elan etməyi öhdəsinə götürür" ifadəsi yer aldığı üçün Türkiyə və Ermənistan ümumi amnistiya elan etməyi qəbul etmişdilər. Lakin 1991-ci ilin fevralında Ermənistan Qars müqaviləsi ilə çəkilən sərhədi tanımadıqlarını elan etdi və bunun ardınca 23 sentyabr 1991-ci il tarixindən etibarən Ermənistan Konstitusiyasının 13-cü maddəsində Ağrı dağı dövlət gerbində milli simvol kimi görünməyə başlandı. Bunlara baxmayaraq, Türkiyənin Ermənistana qarşı siyasi, hüquqi və hərbi müdaxiləsi zamanı Qars müqaviləsi vacib hüquqi əsas olaraq qalmağa davam edir və bunun xaricindəki tətbiqlər beynəlxalq hüquqa zidd hərəkətlər olaraq qəbul edilir.

Əvvəldə də dediyimiz kimi, tarix təkrardan ibarətdir. Həm türk milləti, həm də türk dövlətləri tarixdən dərs almağı öyrənmiş və xüsusilə birlikdən güc doğacağı fikriylə hərəkət etməyə başlamışlar. Bunun nəticələri Qarabağ müharibəsində özünü göstərdi, belə ki, Azərbaycan işğal altındakı torpağına qovuşdu. 1918-ci ildə Bakının azad edilməsi ilə Şuşanın işğaldan azad edilməsi, demək olar ki, eynidir, eyni əhəmiyyətə malikdir. Məhz bu qələbənin işığında yeni addımlar atılmalıdır və bunların hamısı 1921-ci il Qars müqaviləsinə riayət etmək şərti ilə Şuşa Bəyannaməsində də təmin edilib".

Şuşa Bəyannaməsindəki "Türkiyə Respublikası və Azərbaycan Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər" prinsipini şərh edən alim bildirib ki, çox vacib olan bu maddə tarixin yenə təkrarlanmaması üçün iki ölkənin əməkdaşlıq proseslərinin sərhədlərini göstərir: "Çünki biz tarixçilər hələ də Rusya və s. ölkələrin böhtanlarını təmizləməyə çalışırıq. Bunlardan biri də Qafqaz İslam Ordusunun Bakı əməliyyatının Osmanlı imperiyasının Azərbaycanı ilhaq etmək məqsədi ilə əlaqəli olmasıdır. Bu, bir böhtandır. Belə ki, Osmanlı imperiyası Dağıstan və Azərbaycandan ibarət müstəqil İslam Konfederasiyası yaratmağı planlaşdırırdı. Heç vaxt Azərbaycanın müstəqilliyinə kölgə salmaq niyəti olmamışdı".

Bəyannamədə qeyd olunan "xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar" - ifadələrini S.Yel hazırkı əməkdaşlıq prosessinin daha da güclü şəkildə davam edəcəyinin göstəricisi kimi qiymətləndirib.

"Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər" - ifadələrinin yer aldığı maddənin də vacibliyini vurğulayan tarixçi bildirib ki, bu, iki ölkə arasındakı münasibətləri pozmaq cəhdlərinin qarşısını almaqda hər iki ölkənin müstəqil dövlət olaraq öz seçimlərini etmə iradəsinə sahib olması kimi anlaşılmalıdır: "Bu xüsusda heç bir şübhə ola bilməz".

S.Yel sənəddəki hər iki ölkənin qarşılıqlı olaraq təhlükəsizliyinin təmini üçün irəli sürülən müddəanı bu şəkildə dəyərləndirib: "Bu, hər iki ölkə arasında mövcud olan həmrəyliyin rəsmiləşdirilməsi və "bir millət, iki dövlət" anlayışının konkret formasıdır".

Tarixçi Bəyannamədəki "iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam etmək" kimi müddəanı ölkələrimiz arasındakı həmrəyliyin praktik olaraq həyata keçirilməsi kimi dəyərləndirib: "Eyni zamanda, rəsmi bir müqavilədə "iki qardaş ölkə" ifadəsinin yer alması, tarixi bir həqiqətin dünyaya rəsmi olaraq elan edilməsi deməkdir".

İşğaldan azad edilmiş ərazilərdə həyatın normallaşdırılması üçün birgə fəaliyyət göstərilməsilə bağlı maddənin də əhəmiyyətindən danışan professor bildirib ki, "bu da çox aktual və yerində deyilmiş məsələdir". "Bir müddət əvvəl Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin aradakı razılığa baxmayaraq, Azərbaycana verilməməsi səbəbi ilə 3 nəfər həyatını itirdi", - deyən S.Yel onu da əlavə edib ki, "bu baxımdan Türkiyənin minalardan təmizləmə işindəki təcrübəsi və dəstəyi vacibdir": "Nəticə etibarilə, Şuşa Bəyannaməsində açıq şəkildə bildirildiyi kimi, iki qardaş ölkə, yəni biz - Oğuz boyunun övladları - Azərbaycan və Türkiyə 21-ci əsrin ən vacib müqavilələrindən birini imzaladıq. Hər bir maddə dəqiqliklə düşünülərək hazırlanıb və heç bir boşluğa yol verilməyib. Şuşa Bəyannaməsi həm də vaxt etibarilə əhəmiyyətli zamanda seçilib və bütün dünyaya "bir millət, iki dövlət rəsmi olaraq yola çıxdı" mesajı verildi. Həm can Azərbaycana, həm də can Türkiyəyə xeyirli olsun!".



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70