Saytımızı qiymətləndirin


 
 

“AŞPA-da, müxalif mövqeyimizə görə İlham Əliyev bizə təzyiq etmirdi” — Sabiq deputat
Tarix: 02-03-2021 | Saat: 15:47
Bölmə:Karusel / Müsahibə | çapa göndər

 

Aydınlar Partiyasının sədri, keçmiş millət vəkili və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Qulamhüseyn Əlibəyli AYNA-ya müsahibəsində bir sıra maraqlı mətləblərə toxunub. 

Beləliklə:

- Azərbaycanın 44 günlük Vətən müharibəsinin nəticələri barədə bir çox dəyərləndirmələr eşitmişik. Mən Sizdən müharibə dövründə Azərbaycan diplomatiyasının (xüsusən də Avropa və ABŞ-da) fəaliyyətinə münasibət bildirmənizi xhiş edərdim. Necə işlədi bizim diplomatiya həmin o ağır günlərdə?

- Hesab edirəm ki, Azərbaycanın hərbi qələbəsi bir sıra diplomatik uğurlarla da nəticələnib. Mən, məhz diplomatik uğur deyirəm, çünki tam diplomatik qələbə demək çətindir. Amma, birinci növbədə Rusiyanı qeyd etmək istərdim: bəzi təzyiqlərə və fikirlərə baxmayaraq, bütövlükdə Rusiya bu münaqişədə neytral mövqe tutdu. Ermənistanın müttəfqinin, Qarabağa şamil edilməsə belə, Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı (KTMT) daxilində müəyyən öhdəlikləri olan, Ermənistana silah-sursatla yardım edən bir dövlətin neytrallığı bizim qələbimizə xeyli kömək etdi və bunu sözsüz ki, diplomatik uğur hesab edirəm.

O cümlədən də Qərb ölkələri ilə də bağlı diplomatiyamızın səyləri həmin dövlətlərin, ən azı neytrallığını təmin etdi. Qərb ölkələrinin çoxu anladı ki, Azərbaycan torpaqları işğal olunub və gedən müharibə Azərbaycanın daxili məsələsidir. Hətta, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi dəstəklədi. Bunun nəticəsidir ki, BMT-də Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın xeyrinə olmayan qətnamə layihəsi faktiki olaraq donduruldu. Dediklərim Azərbaycan üçün diplomatik uğurdur, amma yenə də təkrar edirəm ki, bütövlükdə qələbə saymıram, çünki hərbi qələbənin diplomatik yolla təsbiti hələ xeyli çəkəcək.

Bu gün Azərbaycanın işğal edilən ərazilərinin çox hissəsini geri qaytarsaq da, tam olaraq ərazimizə nəzarət etmirik. Həmin kiçik ərazi Rusiya sülhməramlılarının nəzarətindədir və oradakı separatçı qüvvələr Azərbaycana meydan oxumağa çalışır ki, Azərbaycanı qıcıqlandırsınlar. Bu məsələlərin həlli üçün Azərbaycan diplomatiyasından daha da gərgin iş və daha sərt mövqe tələb olunacaq. Nəzərə alsaq ki, 10 noyabr Sazişinin hərbi yolla yerinə yetirilməsi mümkün deyil, diplomatik yollarla Sazişin tam reallaşmasına nail olmaq lazımdır.

Əlbəttə ki,  bu, birinci növbədə dövlət başçısının iradəsindən və qətiyyətindən aslıdır. Hesab edirəm ki, bu qətiyyət və iradə var və sonuncu mətbuat konfransında da bir daha səsləndi. İndi bu iradə və qətiyyəti həyata keçirmək üçün həm Xarici İşlər Nazirliyi (XİN), həm diaspor, həm də beynəxlalq təşkilatlardakı nümayəndəliklərimiz və səfirliklərimiz əlbir olub, birgə fəaliyyət göstərməlidir.

Vətən müharibəsi ilə əlaqədar təsis ediləcək yeni orden və medallar - SİYAHI <span class=

- Müharibə dövründə faktiki olaraq, Azərbaycanın səsini iki şəxs çatdırırdı – Prezident İlham Əliyev və onun köməkçisi Hikmət Hacıyev. Amma bizim diplomatiya müharibə dövründə Fransa və səhv etmirəmsə, Belçika cəbhəsini uduzdu – bu ölkələrin parlamentlərinin məlum bəyanatlarını xatırladıram. Erməni lobbisinin bu dövlətlərdə güclü olduğunu bilirdik, bəs, özümüz nəyi düz etmədik və daha nələri etməliyik?

- Bu vəziyyətdə, mənə elə gəlir ki, bizim həmin ölkələrdəki səfirlik və diasporumuzun fəaliyyətində bir əlaqəsizlik meydana çıxır. Bunun səbəbini bilmirəm, amma dəqiq bilirəm ki, Fransa ilə Azərbaycanın münasibətləri bir müddət çox yaxşı olub – Azərbaycanın hazırkı Birinci vitse-prezidenti dəfələrlə Parisə səfər edib, “Fəxri Legion” ordeni alıb, Luvrda Şərq güşəsini təmir elətdirib və sair. Yəni münasibətlər normal olub. Görünür, biz bu normallığa arxayın olub, erməni lobbisinin fəaliyyətini və təsirini bir az unutmuşuq. Nə qədər yaxşı münasibətlərimiz olsa da, biz heç zaman unutmamalıyıq ki, Fransa daim erməniləri dəstəkləyib. Bu gün dünya gündəmində erməni məsələsinin daim qalmasında Fransanın rolu böyükdür və bunu unutmaq olmaz.


Bir ara mən də belə bir fikir səsləndirmişdim ki, Fransa ilə münasibətlərin kəsilməsini gündəmə gətirmək lazımdır, amma indi hesab edirəm, yaxşı ki, bu məsələ baş tutmadı. Dövlətlərin müəyyən müddət üçün maraqları olur: müharibə vaxtı Fransanın marağı erməniləri müdafiə etmək olsa da, indi bu ölkənin kompaniyaları Qarabağın işğaldan azad edilən torpaqlarının bərpasında iştirak etmək istəyir. Yəni, indi Fransanın iqtisadi maraqları ön plana çəkildi. İndi bu iqtisadi maraqdan istifadə edərək, tədricən Fransanın Azərbaycana qarşı olan siyasətini dəyişmək lazımdır. Belçika və digər ölkələrlə bağlı vəziyyət eynidir. Ola bilər ki, fəaliyyətimiz və koordinasiyamız zəif olub. Məsələni hərtərəfli təhlil edib, nöqsanlarımızı müəyyənləşdirməli və bunların aradan qalxması üçün çalışmalıyıq.

- Müharibə dövründə iki beynəxalq təşkilat – UNESCO və “Human Rights Watch” bizə qarşı çox qeyri-obyektiv mövqe tutdu. Söhbət erməni kilsələri və Azərbaycanın, guya ki, 3 dəfə Qarabağda xəstəxanaları qəsdən vurması barədə bu təşkilatların bəyanatlarından gedir. Ümumiyyətlə, bizə qarşı qərəzli olan təşkilatların dost olması bir yana, heç olmasa, ədalətli mövqe tutması üçün hansı addımları atmaq lazımdır?

- O cür bəyanatların ortaya çıxmasının birinci səbəbi bu təşkilatların erməni mənbələrinə istinad etməsidir. Məsələn, “Human Rights Watch” kimi bir təşkilat Azərbaycanda fəaliyyət göstərmir. Bir ara biz ölkədə fəaliyyət göstərən bu tipli təşkilatları Azərbaycandan qovmağa çalışırdıq və qovurduq da. Mən hesab edirəm ki, bu, düzgün olmayan bir addım idi. Ölkə daxilində fəaliyyət göstərən təşkilatlar yerli mənbələrə isitnad etməyə məcburdur. Amma, ölkədən qovulduqları üçün, onsuz da qəzəbli olan təşkilatlar daha çox başqa mənbələr axtarır ki, bu vəziyyətdə də obyektivlikdən söhbət gedə bilməz. Müharibə dövründə biz də Aydınlar Partiyası olaraq, xarici təşkilatlara müraciət edərək, həqiqətləri onlara çatdırmağa çalışmışıq. Amma, görünür, xarici təşkilatlar bu tipli mövqeləri diqqətdə saxlamayıb, başqa mənbələrlə işləməyi üstün tutub.

Düzdür, son məsələlərdə, məsələn, UNESCO ilə bağlı məsələdə reaksiyamız gecikmədi, amma digər hallarda çox zaman cavab verməyə gecikirik. Onların nümayəndələrini ölkəmizə dəvət edərək, bizi ittiham etdikləri məsələlərdə reallığı öz gözləri ilə görmələrini təmin etmək lazımdır. Necə ki, səfirləri aparırıq, eləcə də bizə qarşı obyektiv mövqe tutmayan təşkilatların Qarabağa səfərləri təşkil edilməli və reallığı dərk etmələri üçün şərait yaradılmalıdır.

Situasiyanı dəyişmək üçün, birinci növbədə özümüz fəal olmalıyıq. Ermənilərin özlərinin Gəncəni, Bərdəni, Tərtəri vurmaları barədə çoxsaylı məlumatları, yazıları var. Bütün bu dəlilləri toplayaraq, BMT Təhlükəsizlik Şurasına müraciət etməliyik və deməliyik ki, ermənilər özləri hərbi cinayətlərini etiraf edirlər. Və bu, qiymətləndirilməlidir. Dediyim kimi, əlimizdə bu qədər faktlar ola-ola, cavab vermək, dəvət etmək, reallığı dəyişmək üçün gecikirik.

- Müsahibənin əvvəlində qurumlar arasında koordinasiya zəifliyindən danışdınız. Neçə il deputat olaraq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin müxalifətdən olan üzvü olmusunuzz və çox zaman da iqtidarın fəaliyyətini tənqid etmisiniz. O zaman AŞPA-da iqtidar və müxalifət arasında, heç olmasa, ümumilli məsələlərdə işbirliyi, koordinasiya vardımı?   

- 2001-2005-ci illərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində olmuşam. Təbii ki, orada müxalifəti təmsil etmək çətin məsələ idi, çünki, bir çox hallarda bitərəflər də, əslində hakmiyyətin mövqeyini tuturdular. Açıq deyim ki, elə məsələlər var ki, orada müxalifətçilik mövqeyi uyğun gəlmir. Erməni təbliğatına qarşı, ümumilli məsələlərdə biz - müxalifət olaraq, iqtidar nümayəndələri ilə fəaliyyətimizi əlaqələndirirdik. Sessiya zamanı nümayəndə heyətinin o zamankı başçısı – hazırkı Prezident İlham Əliyevin iştirakı ilə toplantılarımız olurdu və müəyyən məsələləri kordinasiya edirdik. Açıq deyim ki, heç zaman İlham Əliyev tərəfindən bizə hansısa müxalifətçi mövqeyimizə görə təzyiq olmayıb. Həmişə deyirdi ki, müxalifət olmalıdır və öz sözünü deməlidir. Təkrar edirəm, elə məsələlər var idi ki, nə mən, nə də Asim Mollazadə müxalifətçilik mövqeyindən çıxış etmək istəmirdik və etmirdik də.

AŞPA-nın siyasi məhbus qətnaməsi -AZƏRBAYCANI NƏ GÖZLƏYİR? » Civil Azerbaijan - İnformasiya portalı

Bizim Avropa Şurasına rəsmən təqdim etdiyimiz sənədlərdən biri, 1918-ci ildən başlayaraq, azərbaycanlılara qarşı soyqırımıları ilə əlaqəli idi. İqtidarla birgə hazırladıq, bir yerdə başqa dövlətlərin təmsilçilərinin imzalarını topladıq. “Azərbaycanın işğal edilmiş ərazilərində insan hüquqlarının pozulması” adlı sənədi hazırladıq və onun altına nümayəndə heyətinin rəhbəri və digər iqtidar təmsilçiləri də imzalarını qoydular və qəbuluna kömək etdilər. Belə koordinasiyalı fəaliyyətimiz çox olub və nümayəndə heyətinin daxilində də heç bir narazılıq olmayıb. Çıxışlarımız zamanı biz - müxalifətçilər Azərbaycanda olan nöqsanları da deyirdik və təbii də qarşılanırdı. Maraqlıdır ki, ölkə daxilində bizə qarşı daha çox təzyiq var idi, nəinki AŞPA-da nümayəndə heyətinin tərkibində. Hesab edirəm ki, bunun da səbəbi hazırkı dövlət başçısının – o zaman nümayəndə heyətinin rəhbərinin müxalif fikrin zərurliyini yaxşı anlamasından irəli gəlirdi.
- Bu gün cəmiyyətdə ermənilərlə birgəyaşayış məsələsində iki fikir var: biz onlarla birgə yaşaya bilmərik və yaşaya bilərik. Siz, siyasətçi olmazdan əvvəl müəllim və ziyalısınız. Siz necə hesab edirsiniz – yaşaya bilərikmi ermənilərlə birgə?

- Bu məsələyə tam ağ və tam qara münasibətlə yanaşmaq olmaz. Anlayıram ki, müharibələr, əsirlərimizin başına açılan oyunlar - bütün bunlar xalqın yadından çıxmayacaq. Ermənilər zaman-zaman Azərbaycanın qanun-qaydalarına riayət edərək, birgə yaşayıblar, amma sonradan öz pozucu fəaliyyətlərini davam etdiriblər. Bunu unutmaq olmaz və ehtiyatımızı həmişə saxlamalıyıq. Amma Azərbaycanın suverenliyini tanıyan, özünü bu ölkənin vətəndaşı hesab edən ermənilər varsa, onlarla birmənalı şəkildə “birgə yaşaya bilmərik” demək düzgün olmazdı. Bizim qanunlarımıza tabe olan istənilən xalqın nümayəndəsi ilə birgə yaşayış mümkündür. Amma, rus sülhməramlılarına arxayın olaraq, təxribatlar törədən separatçı rejim tərəfdarları ilə birgə yaşamağımız təbii ki, mümkün olmayacaq.

- Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasından çox danışılır. İndiki gedişlə, fikrinizcə, Azərbaycan parlamentində nə vaxt erməni deputatı təmsil olunacaq?
- Cavab vermək çətindir. Çünki, hələ Dağlıq Qarabağa qaytarılan ermənilər Azərbaycanla bağlı əməkdaşlıq mövqeyi tutmayıblar. Nə vaxt biz Xankəndidəki cinayətkar rejimi çökdürə biləcəyik, sıravi ermənilər Azərbaycanla əməkdaşlıq mövqeyi tutacaqlar, qanunlarımıza tabe olacaqlar, o zaman orada da seçkilərin keçirilməsi və erməni millətindən olan deputatların Milli Məclisə seçilməsi mümkündür. Hesab edirəm ki, bu olacaq. Amma çox da yaxın zamanda olacağını gözləmirəm.

- Dövlət başçısı Dağlıq Qarabağın statusunun yerini göstərdiyini və status məsələsini qabardanların regionda sülhdə maraqlı olmayan qüvvələr olduğunu qeyd etdi. Bu gün statusu Ermənistan və Minsk Qrupu ölkələrindən başqa, demək olar ki, heç kim qaldırmır. Prezidentin məntiqindən çıxış etsək, deməli, Minsk Qrupu sülhdə maraqlı deyilsə, biz onlarla nəyi müzakirə etməliyik? Yenə də 15 il Xankəndiyi müzakirə etmək adı altında gəlib-gedəcəklər?
- Təxminən, 12-13 ilə əvvəl görürdüm ki, Minsk Qrupu özünü doğrultmur və formatı dəyişməlidir. Ermənistanın Fransa və Rusiya ilə çox yaxın münasibətlərdə olması Minsk Qrupunu səmərəsiz bir quruma çevirdi. Zaman göstərdi ki, bu, belədir. Minsk Qrupu Ermənistan-Azərbaycan müharibəsinin dinc yolla nizamlanması üçün yaranmışdı. Azərbaycan öz probleminin xeyli hissəsini hərbi yolla həll etdi. Kiçik bir hissə qalıb ki, onlar da Rusiya sülhməramlılarının köməyi ilə erməni cinayətkarlarının nəzarətindədir. Tədricən inteqrasiya prosesi gedəcək və cinayəkar rejim ləğv ediləndən sonra nə statusa, nə də səmərəsiz Minsk Qrupuna ehtiyac qalacaq. Status məsələsi Minsk Qrupunun 3 hissəli təklifinin bir elementi idi: Azərbaycanın işğal ediilən rayonlarının azad edilməsi, qaçqınların öz yerlərinə qaytarılması və sonra status. Azərbaycan bu təkliflərin ikisini özü təkbaşına demək olar ki, həll edib. Proses başa çatandan sonra üçüncü məsələyə heç ehtiyac qalmır.
Belə halda, biz niyə ehtiyac olmayan məsələyə üçüncü dövləti gətirib qoşmalıyıq? Nə vaxt cinayətkar rejim çökdürüləcək, o zaman yalnız mədəni muxtariyyat məsələsi gündəmə gətirilə bilər. Azərbaycanın digər rayonlarında yaşayan etnik azlıqlarla yanaşı, ermənilər də istəsələr, öz dillərində təhsil ala, mədəniyyətlərini qoruyub-saxlaya bilərlər. Bu, dövlətin ərazisində yaşayan başqa millətlərə bir növ dəstəyi hesab edilə bilər. Satatus məsələsini qaldıranlar, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Amma, ölkə başçısının son çıxışından da gördüm ki, ölkə bu təzyiqə layiqli duruş gətirə bilir.

- Cəmiyyətdə gedən daha bir mübahisəyə Sizin də münasbibətiniz maraqlıdır. 5 ildən sonra Rusiya sülhməramlıları Azərbaycanı tərk edəcək, ya yox?
- Bu da cavabı çətin olan sualdır. Tarixi təcrübə göstərir ki, rus hərbçiləri girdikləri yerdən çıxıb getmək istəmirlər. Qarşımızda bir Moldova və Gürcüstan misalı var. Bu amil həmişə bizim, necə deyərlər, “gözümüzü qorxudur”. Hesab edirəm ki, ilkin olaraq, ölkəmizə yerləşdirilən sülhməramlı kontingentin fəaliyyət dairəsi Bakı ilə Moskva arasında konkret bir sənədlə dəqiq müəyyənləşdirilməlidir. Nə qədər ki, bu məsələ dəqiq həllini tapmayıb, adları sülhməramlı olan bu hərbi birləşmələr özbaşınalıqla məşğul olacaq.

Rusiya sülhməramlıları bir müddətdən sonra Azərbaycanı tərk edəcək” <a style='color:#336699; font-weight:bold;' href='./'>Ayna.az</a>

Amma mənim belə bir inamım var ki, onlar gedəcəklər. Birincisi, Azərbaycan Ordusunun qələbəsi regionda həm siyasi, həm də hərbi vəziyyəti dəyişib, yeni reallıqlar formalaşdırıb. Azərbaycan rus sülhməramlılarının öz ərazisində yerləşməsinə məğlub yox, qalib bir dövlət kimi razılıq verib ki, bu faktor da Rusiya hərbçilərinin vaxtı çatanda ərazilərimizdən gedəcəyini səciyyələndirən bir amildir.

İkincisi, Türkiyə faktoru var. Qardaş ölkə müharibə dövründə tam olaraq yanımızda oldu. İndi də siyasi, cüzi də olsa, hərbi iştirakı var. Bu faktor da gələcəkdə rus hərbçilərinin çıxıb getməsində Azərbaycanın mövqeyini qüvvətləndirən bir amil olacaq. Bu faktorlara görə, əminəm ki, 5 ildən sonra Azərbaycan dövləti Rusiya sülhməramlılarının buradan getməsini tələb edəcək.

- ABŞ-ın yeni Prezidenti Co Bayden həm Rusiya, həm də Türkiyə faktorunu nəzərə alaraq, Qarabağ məsələsində hansısa “etnik təmizləmələr” bəhanəsi ilə təzyiqlərə başlaya bilərmi?
- ABŞ-da Prezidentin dəyişməsi beynəlxalq siyasətdə də müəyyən dəyişikliklərə səbəb olur və olacaq. Amma köklü dəyişiklik olmayacaq. Çünki ABŞ siyasəti müəyyən şərtlərə əsaslanır, sabit bir xətt var və həmin xətt hakimiyyət dəyişikliyindən asılı olmayaraq, dəyişmir. Orada siyasəti müəyyənləşdirən müəyyən institutlar var və Prezident onların işində yalnız cüzi dəyişikliklər edə bilər. Qarabağla bağlı məsələdə ABŞ formal da olsa, bu və ya digər şəkildə erməniləri çox da müdafiə etməyib. Neytral mövqe tutublar, susqunluq nümayiş etdiriblər. Yəni, erməniləri Fransa kimi birmənalı müdafiə etməyiblər. Amma ABŞ həmişə calışacaq ki, Rusiyanın təsir dairəsini zəiflətsin və Bayden də Qarabağla bağlı məsələdə bu mövqedən çıxış edəcək. Azərbaycan diplomatiyası da rus sülhməramlılarının ərazimizdən çıxarılması məsələsində bu amildən istifadə edə bilər.

- Son olaraq, Ermənsitanda revanşistlərin hakimiyyətə gəlməsi nəticəsində, İrəvan 10 noyabr razılaşmasından çıxa bilərmi?
- Müharibənin nəticəsindən asılı olaraq, Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyə çox güclüdür. Eyni zamanda, revanşistlər də anlayır ki, məğlub olublar və ən azından, yaxın zamanlarda onların revanş götürməsi mümkün deyil. Əslində, erməni cəmiyyətində revanşizm əhval-ruhiyyəsinin alovlandırılması hakimiyyət uğrunda gedən mübarizənin bir elementidir. Nəzəri baxımdan, Ermənistan bu gün təcavüzə yalnız Rusiyanın tam dəstəyi ilə başlaya bilər. Bu dəfə də Rusiya onlara, ola bilsin ki, silahla yardım etsin, ancaq birbaşa hərbi yardım etməyəcək – rus ordusu münaqişəyə birbaşa qarışmayacaq. Birbaşa hərbi iştirak Rusiyanın geosiyasi maraqlarına cavab vermir. Nəzərə alsaq ki, revanşistlərin çoxu Moskvaya bağlı qüvvələrdir, Rusiya da bəyan elədi ki, hakimiyyət dəyişikliyi olsa belə, 10 noyabr razılaşması qüvvədə qalacaq. Son konfransda Prezident İlham Əliyev də Putinin sözlərini xatırlatdı: “Razılaşmanın pozulması intihardır”. Bu gün Ermənistan ordusu yenidən qurulmalıdır, amma bizim ordumuz güclüdür. Ermənistan öz ordusunu yenidən qurana qədər Azərbaycan lazım gələn zaman antiterror əməliyyatı keçirib, Xankəndiyi separatçı rejimdən təmizləyə bilər.


Xəbəri paylaş

2501 dəfə oxunub.

Digər xəbərlər