Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elman Hüseynovun ailəsinə 3 otaqlı mənzil verildi - Bakıda
Tarix: 28-12-2017 | Saat: 19:38
Bölmə:Karusel / Sosial | çapa göndər

"Qarabaginfo" "Qaziler.az"a istinadən saytı xəbər verir ki, bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni inşa olunmuş yaşayış binalarında təmir etdirilmiş 33 ədəd mənzili Qarabağ müharibəsi və şəhid ailələrinə təqdim edilib.

Həmin binadakı 3 otaqlı mənzillərdən biri Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elman Hüseynovun ailəsinə təqdim edilib. 

Milli qəhrəmanın oğlu Emin Hüseynov bununla bağlı ailəsi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq edib: “Mən öz adımdan, ailəmiz adından cənab Prezidentimizə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, bu işdə əziyyəti, əməyi olan hər kəsə təşəkkür edirəm!”


QAZİLER.AZ saytı Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elman Hüseynov haqqında məlumatı təqdim edir:



Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulub. 1958-1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil alıb. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olub, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurub. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət edib.

1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988-1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb. 

Dəfələrlə rayon sovetinə deputat seçilib.

Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirib.

1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub! Allah rəhmət eləsin!

1995-ci il yanvarın 15-də respublika Prezidentinin fərmanı ilə ölümündən sonra Elman Süleyman oğlu Hüseynova “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.

Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına küçə var.

Tərtər rayonunda qəhrəmanın büstü qoyulub. Qəhrəmanın adına muzey var.


Xəbəri paylaş

699 dəfə oxunub.

Digər xəbərlər