Saytımızı qiymətləndirin


 
 

Kosmosa uçan bakılı - Musa Manarovla bağlı YANLIŞLIQ
Tarix: 19-01-2024 | Saat: 12:45
Bölmə:Karusel / Multimedia | çapa göndər

Kosmosa uçan bakılı - Musa Manarovla bağlı YANLIŞLIQ

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı kosmosa uçub.

Alper Gezeravcının olduğu beynəlxalq ekipaja ABŞ, İtaliya və İsveç astronavtları da daxildir.
Türkiyəli astronavtın kosmosdakı ilk sözləri Böyük Mustafa Kamal Atatürkün kəlamı olub: “İstiqbal göylərdədir”.

Alper Gezeravcının kosmosa uçuşu Türkiyədə böyük səs-küy doğurub və bu hadisə milli qürurun ifadəsi kimi qiymətləndirilib.

Türkiyə mətbuatı bu hadisəni tarixi missiya adlandırıb. Bəzi yerli qəzetlərin bugünkü sayı “Türkiyənin ilk kosmos yolçuluğu başladı” adlı manşetlə dərc olunub.

Alper Gezeravcının kosmosa uçuşu sosial şəbəkələrin də əsas müzakirə mövzularından biri olub.  

Bu arada bir sıra paylaşımlarda Alper Gezeravcının kosmosa uçan 4-cü türk olduğu qeyd edilib. Ondan əvvəl Çuvaşıstan türkü Andriyan Nikolayev, Qazaxıstan türkü Toktar Aubakirov və Azərbaycan türkü Musa Manarovun kosmosa səyahət etdiyi vurğulanıb.

Qarabaqinfo.az ın məlumatına görə, Türkiyədən olan sosial şəbəkə istifadəçilərinin bu cür paylaşımları Facebook-da xeyli izləyici marağına və rəğbətinə səbəb olub.

Lakin xatırlatmaq yerinə düşər ki, Andriyan Nikolayev və Toktar Aubakirovdan fərqli olaraq Azərbaycan doğumlu Musa Manarovu mənşəcə türk xalqnın nümayəndəsi kimi təqdim etmək yanlışdır. 

Çünki Musa Manarov Bakıda doğulsa da, milliyətcə Azərbaycan türkü deyil, lakdır. Lakların isə türk soyuna bağlı olduğuna dair əsaslı məlumat yoxdur. İslam dininin sünni qolunda etiqad  edən laklar Şimali Qafqaz xalqı kimi tanınıb.

Bununla belə, Musa Manarov fəzaya qalxan ilk Azərbaycan doğumlu kosmonavt kimi tarixə düşüb.
Onun atası Xiraman Manarov hərbi mühəndis kimi Sovet ordusunda xidmət göstərirdi. Ailə başçısının təyinat yeri tez-tez dəyişdiyinə görə Manarovlar ailəsi Sovet İttifaqının müxtəlif şəhərlərində olurdu. Musa Manarov atası Bakıdakı hərbi hissələrdən birində xidmət göstərən zaman dünyaya gəlib - 1951-ci il martın 22-də.
Lakin anadan olduğu Bakıda uzun müddət yaşamaq Musa Manarova qismət olmayıb. O doğulandan cəmi bir neçə il sonra Manarovlar ailəsi Ukraynanın Xarkov şəhərinə köçüb.

8-ci sinifə qədər Xarkov məktəblərindən birində oxuduqdan sonra Musa Manarovun ailəsi Rusiyaya köşüb.

Musa Manarov orta məktəbi bitirəndən sonra Moskva Aviasiya İnstitutunun Uçuş Aparatlarının Radioelektronikası fakültəsinə daxil olub. İnstitutu radiomühəndis ixtisası üzrə bitirib.
Daha sonra “Energiya” elmi-tədqiqat institutunda mühəndis olaraq çalışıb.
1978-ci ildə lazımi tibbi yoxlanış keçdikdən sonra Musa Manarov kosmonavtlar dəstəsinə qəbul olunub.
Uzun müddət müxtəlif hazırlıq kurslarından keçən Musa Manarov 1987-ci il dekabrın 21-də “Soyuz TM-4” kosmik aparatında fəzaya uçub. Və 1 il sonra - 1988-ci il dekabrın 21-də Yerə qayıdıb.

365 gün 23 saat davam edən kosmik səyahəti zamanı (davamlılığına görə dünya rekordu sayılır) göstərdiyi qəhrəmanlığa və cəsarətə görə Musa Xiraman oğlu Manarov 21 dekabr 1988-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Bundan başqa, o “Böyük ulduz” və “Lenin” ordenləri ilə də təltif olunub.
Təcrübəli kosmonavt 1990-cı il dekabrın 2-də bu dəfə “Soyuz TM-11” kosmik aparatında “Mir” orbital stansiyasına səyahət edib. Bu dəfə uçuşun davamlılığı 175 sutka və 2 saat təşkil edib. 1991-ci ilin 26 mayında Musa Manarov Yerə enib.

O, ümumilikdə 14 il davam edən (1978-1992) kosmonavt karyerası boyu 7 dəfə açıq kosmosa çıxaraq burada 34 saat 23 dəqiqə vaxt keçirib.

Kosmonavtikadakı xidmətlərinə görə Musa Manarov xarici dövlətlər tərəfindən də mükafatlandırılıb.

1989-cu ildə bakılı Manarov Fransanın ən yüksək mükafatı olan “Şərəfli legion ordeni” ilə mükafatlandırılıb. Bundan başqa, o, Əfqanıstan, Bolqarıstan, ABŞ və digər ölkələrin orden və medalları ilə də təltif olunub.     


1990-cı ildə Dağıstanın Dərbənd milli-ərazi dairəsindən Rusiya Sovet Respublikasının xalq deputatı seçilib. 1992-ci ildə isə SSRİ-nin dağılması ilə kosmonavtikada başlanan böhrana görə öz ərizəsi ilə polkovnik rütbəsində kosmonavt dəstəsindən ayrılıb.

1993-cü ildə prezident Boris Yeltsin və parlamentin deputatları arasında baş verən səlahiyyət qarşıdurması zamanı deputat mandatı əlindən alınıb.

Sonra özəl şirkətlərdə çalışıb.

2007-ci ildə Musa Manarov Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə “Vahid Rusiya” Partiyasının Dağıstan regional bölgəsinin nümayəndəsi kimi deputat seçilib.
 

Musa Manarov hazırda Moskva şəhərində yaşayır. Evli və iki övlad atasıdır. Lakin onlar kosmonavtikadan çox uzaqdırlar. Manarovun oğlu Zaur mühəndis, qızı Naida isə həkim ixtisaslarına yiyələnib.

Musa Manarovun əcdadlarının yaşadığı Dağıstanda onun ev-muzeyi açılıb.



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər