Saytımızı qiymətləndirin


 
 

Rubl ucuzlaşır, vəziyyət pisləşir - Rusiyadakı azərbaycanlılar geri qayıdır?
Tarix: 19-08-2023 | Saat: 12:29
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Rubl ucuzlaşır, vəziyyət pisləşir - Rusiyadakı azərbaycanlılar geri qayıdır?

Son günlər Rusiyanın milli valyutasında kəskin ucuzlaşma müşahidə edilir. Ötən həftə Moskva birjasında dolların məzənnəsi 100 rublu ötüb, avro və digər xarici valyutalarda da bahalaşma hiss edilir. Valyutanın sürətlə ucuzlaşmasından sonra Rusiya Mərkəzi Bankı (MB) uçot dərəcələrini 3,5 faiz bəndi artıraraq 12%-ə çatdırmağı qərara alıb. 

 

Həftənin ilk günlərində rubl nisbətən dəyər qazansa da, ümumilikdə rus valyutasının zəiflədiyi müşahidə edilir. Mərkəzi Bank inflyasiyaya meylli risklərin güclənəcəyi təqdirdə uçot dərəcələrini yenidən artıra biləcəyini bildirib.

 

Bu yaxınlarda Rusiyanın nüfuzlu “Vedomosti” nəşri yazıb ki, rublun dollara və avroya nisbətdə zəifləməsi və nəticədə gəlirlərin azalması səbəbindən əmək miqrantlarının üçdə birinə qədəri Rusiyanı tərk edə bilər 

 

Rusiya Əmək Nazirliyi tabeliyində olan Əməyin Mühafizəsi və İqtisadiyyatı üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun məlumatlarına istinadən 2030-cu ilə qədər Rusiyada əmək miqrantlarına ehtiyacın 3.5 milyon nəfər olacağı hesablanıb. Məlumata görə, əcnəbi işçilərə tələbat əsasən pərakəndə ticarət, nəqliyyat, xidmət və tikinti sahələrində cəmlənib.

 

Rublun ucuzlaşması və iqtisadi vəziyyətin hər keçən gün pisləşməsi fonunda sosial şəbəkələrdə və mediada Rusiyada yaşayan həmvətənlərimizin Azərbaycana qayıda biləcəyi ilə bağlı müzakirələr aparılır. 

 

Həqiqətən Rusiyada yaşayan azərbaycanlılar kütləvi şəkildə geri dönə bilərmi?

 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan Milli Məclisini deputatı Azər Badamov vurğulayıb ki, tətbiq olunmuş sanksiyalar nəticəsində rublun xarici valyutalar qarşısında dəyərinin itməsi Rusiya ilə iqtisadi əməkdaşlıq edən ölkələrin gəlirlərinin azalmasına yol açır:

 

“Azərbaycan Rusiyaya qeyri-neft məhsullarının ixracında əhəmiyyətli rol oynayır. Rublun məzənnəsinin aşağı düşməsi Rusiyaya ixrac etdiyimiz malların dollar ifadəsində daha aşağı qiymətə satılmasını məcbur edir. Bu da ölkəyə qayıdacaq valyutanın həcmini azaldır”.

Deputat söyləyib ki, rublun dəyərinin aşağı düşməsi Rusiyanın əmək bazarında işləyən miqrantların gəlirlərini də azaldıb:

 

“Artıq Rusiyadakı miqrantlar arasında gəlirləri azaldığına görə öz ölkələrinə qayıtmaq istəyənlərin olduğunu müşahidə edirik. Azərbaycandan da kifayət qədər insan Rusiyada çalışır. Onlardan da geri qayıdanlar olacaq. Qayıdacaq insanların işlə təminatı ilə bağlı heç bir problem olmayacaq. Bu gün ölkəmizdə də kifayət qədər işçi qüvvəsinə ehtiyac var. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün hər gün yeni layihələrə başlanılır. Bu da işləmək istəyən hər bir insan üçün yeni imkanlar deməkdir”.

 

Milli Məclisin digər bir deputatı Aydın Hüseynov vurğulayıb ki, müxtəlif ölkələrdə məzənnə dəyişiklikləri, valyuta oynamları hiss olunur və bu cür hallar qlobal iqtisadiyyatda birinci dəfə deyil:

 

“Rusiyanın valyuta sektorunda da belə halları ötən illərdə müşahidə etmişik. Hazırda vəziyyət bir qədər fərqlidir. Burada spekulyativ amillərin də təsiri az deyil. Məsələn, rus rublunun dollara nisbətən məzənnəsi avqustun birinci yarısında kəskin məzənnə enişləri göstərsə də, ayın ikinci yarısından sonra nisbi sabitləşmə və rublun az da olsa, məzənnəsinin artmasını müşahidə etməkdədyik. Belə ki, avqustun 13-14-də rublun psixoloji həddən aşağı düşərək 1 dollar üzrə məzənnəsi 102 rubl təşkil edirdisə, hazırda bu rəqəm 95 rubla bərabərdir. Rublun Azərbaycan manatına nisbətdə məzənnəsi də14 rubladan 16-a yüksəlib, yəni, bazardakı məzənnə dəyişiklikləri gözləniləndir. Bütün bunlara baxmayaraq, sözsüz ki, Rusiya valyutası Qərbin sanksiyalarının təzyiqləri altında öz dəyərini itirib və 2023-cü ilin əvvəli ilə nisbətdə təxminən 30 faiz dəyər itkisi qeydə alınıb. Bunun da başlıca səbəbi qonşu ölkədə ixracdan əldə edilən gəlirlərin azalması və daxili bazarda dollar tələbatının tam qarşılaya bilməməsidir. Belə ki, Rusiyanın enerji gəlirlərində də azalma 40 faizə çatıb. Cari ilin birinci yarısında Rusiyanın neft ixracatı 120.4 milyard dollardan 77.4 milyard dollaradək azalıb. Bu isə ölkənin tədiyyə balansını təzyiq altında saxlayır və daxili dollar istehlakını valyuta gəlirlərinin tempi qarşılaya bilmir”.


A.Hüseynovun sözlərinə görə, rublun ucuzlaşması Rusiyanın birbaşa əsas ticarət tərəfdaşlarına da təsir edir, həmin ölkələrin ixracatçıları üçün valyuta gəlirliliyi azalır:

 

“Ancaq Azərbaycanda vəziyyət bir qədər fərqlidir, Azərbaycanın əsas ixrac partnyorları sırasında Rusiyanın payı çox azdır, ilk yarımillikdə14,5 milyard dollar mal ixrac etmişik ki, onun cəmi 600 milyon dolları bu ölkənin payına düşür. Bu da ümumi ixracın 4 faizi deməkdir. Ancaq burada Rusiyada işləyən və bizneslə məşğul olaraq ölkəyə rubl göndərən ticarət strukturlarının, kiçik və orta ticarətçilərin mənafeyi baxımından əlbəttə ki, rublun ucuzlaşması faydalı ola bilməz. Doğrudur, Rusiyadan  Azərbaycana daxil olan valyutanın həcmi azalmır, əksinə artır. Məsələn, 2023-cü ilin ilk 6 ayı ərzində xarici ölkələrdən Azərbaycana göndərilmiş pul köçürmələrinin təxminən 65 faizi Rusiyanın payına düşür. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Ancaq məsələ ondadır ki, rublun ucuzlaşması həmin şəxslərin göndərdiyi pulun dəyər baxımından müəyyən qədər itkiyə məruz qalmasına səbəb olur. Bu baxımdan Rusiyadan ölkəmizə göndərilən remitensinin  (pulun dəyəri) həcmi azala bilər. Ancaq mən hesab etmirəm ki, Rusiyada çalışan azərbaycanlılar  öz işlərini və ticarətini ataraq Azərbaycana geri qayıdacaqlar. Onların böyük əksəriyyəti illərdir ki, Rusiya ticarət və xidmət sektorunda dayanıqlı iş qurublar və iqtisadi çətinliklərə baxmayaraq, işlərini davam etdirəcəklər. Belə bir iqtisadi narahatlığı biz 2000, 2008-2009-cu illər böhranları zamanı da görmüşük. Ona görə də, Rusiyadan azərbaycanlıların geri dönəcəyini düşünmək düzgün olmazdı”.



Xəbəri paylaş

1136 dəfə oxunub.

Digər xəbərlər