Saytımızı qiymətləndirin


 
 

“Azərbaycanda məscidlər siyasi partiya kimi fəaliyyət göstərir” - Cəlaloğlu İrandan danışdı
Tarix: 31-03-2023 | Saat: 13:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Azərbaycanda məscidlər siyasi partiya kimi fəaliyyət göstərir” - Cəlaloğlu İrandan danışdı

Azərbaycanda İranın agentura şəbəkəsinə qarşı əməliyyatlar davam edir. Saxlanılanlar arasında xeyli din xadimi də var. Onların arasında dindarların "Ustad Ruhani" kimi təqdim etdiyi, Neftçala rayonunundan olan Höccətül-islam Siyasət Bağırov  da yer alır. Bu da cəmiyyətdə istər-istəməz suallar doğurur. 

Bəs İranın xüsusi xidmət orqanlarının azərbaycanlı dindarlara nüfuz etməsi kimin günahıdır? 

Bu məsələdə  Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquqi yaxud mənəvi məsuliyyət daşıyırmı? 

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə Yenisabah.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu təsirin məhz şiə təriqəti ilə əlaqəli olduğu bildirib: 

“Əvvəla onu deyim ki, bu, şiə təriqəti ilə bağlıdır. Şiə təriqətində “Mərceyi-təqlid” (İctihada çatmayan şəxslərin təqlid etdikləri müctəhidlərə "mərceyi-təqlid" deyirlər, yəni təqlid üçün müraciət edilən alim) deyilən bir şey var. Şiələr dünyanın harasında yaşamaqlarından asılı olmayaraq, bir dini lideri özlərinə rəhbər götürə bilər və onun tapşırıqlarını icra edə bilərlər. Bu baxımdan Azərbaycanın özündə belə təqlid ediləcək insanlar sovet hakimiyyəti dövründə yetişmədiyinə görə insanlar məcburən İraq, İran və başqa yerlərdə olan, hətta dünyadan köçmüş ayrı-ayrı “Mərceyi”lərə istinad ediblər. Bu zaman da həmin “Mərceyi” təmsil edən adamlar dindən sui-istifadə edib və öz dövlətlərinin siyasi maraqlarını təbliğ ediblər. Əslinə baxsaq, problemin kökü şiəlik təriqətinin mahiyyəti ilə bağlıdır. Yoxsa, İran elə-belə, özbaşına gəlib Azərbaycanda din pərdəsi altında öz dövlət siyasətini həyata keçirə bilməzdi. Sadəcə olaraq şiələr bu təriqətdə olduqlarına görə çox asanlıqla İranın siyasiləşmiş “Tərceh”lərinin təsirinə düşürlər”. 

Partiya sədri qeyd edib ki, bu cür hallar illərdi ölkədə düzgün dini siyasətin aparılmamasının nəticəsidir:

“İkinci məsələ isə uzun illər Azərbaycanda dini siyasətin yanlış müəyyən olunmasıdır. Bu gün də bu siyasət yanlışdır. Dindarların məhz İranın açıq-aşkar təsirinə məruz qalmasına imkan verilməsi, xarici dövlətlərdən gələn din xadimlərinin Azərbaycanda azad fəaliyyət göstərməsi, məscidlərimizin Azərbaycandakı dini təşkilatlardan daha çox xaricdəki dini təşkilatlar əsasında fəaliyyətlərini qurması bu problemi yaradıb. Dövlət gərək sovet hökuməti dağılandan sonra düzgün dini siyasət aparaydı.

Biz sovet təsəvvürlərinə görə dinə o qədər də əhəmiyyət verməmişik, elə fikirləşmişik ki, din boş şeydir. Amma dinin çox ciddi şəkildə rolu və təsirinin olduğu indi aşkar olunur.

İnsanların İran agenturasının təsirinə belə asanlıqla düşməsinin dördüncü səbəbi isə insanların ölkədəki siyasi fəaliyyətinin məhdudlaşdırılması, siyasi partiyalara müəyyən manelər törədilməsi oldu. Bu, ona gətirib çıxardı ki, həmin boşluğu dindarlar doldurmağa başladı. Bu gün hər məscid bir siyasi partiya kimi fəaliyyət göstərir”. 



Xəbəri paylaş

182 dəfə oxunub.

Digər xəbərlər