Saytımızı qiymətləndirin


 
 

Evləri uçanlar və saytları dağılanlar - İmam üçün də ağlayaq, Yezid üçün də... Çingiz Özgürün yazısı
Tarix: 01-03-2023 | Saat: 16:10
Bölmə:Karusel / Yazar | çapa göndər

Keçən yazımda qeydiyyat və qeydiyyatla bağlı cərimələrdən danışarkən, bir neçə cümlə ilə qanunsuz tikililər, tikinti üçün yararsız yerlərdə tikilən sənədsiz evlər barədə yazmışdım. Dostlardan bir xeylisi haqlı olaraq sual verir ki, “bizim özümüzdə, yəni o sənədsiz evləri kimlərəsə rüşvət verib tikənlərdə heç günah yoxdur? Bütün məsələlərdə höküməti günahlandırırıq, gəlin düzünü danışaq, bu məsələdə insanların suçu yoxdur? Onları da yazın!”
Məsələyə bu cür baxışa biz tərəfdə “İmam üçün ağlayanda bir az da Yezid üçün ağla” tezisi ilə yanaşma deyilir. Biz tərəf camaatının doxsan doqquz tam onda doqquz faizinin şiə olduğunu nəzərə alsaq, (yerdə qalan o min nəfərdən biri digər rayonlardan biz tərəfə gəlin gələnlərdi) belə bir məsəlin, yəni müasir dillə desək, bu tezisin varlığı xalqın hər zaman ədalətli yanaşma tərəfdarı olmasından xəbər verir. Yəni, istənilən halda və istənilən məsələdə qarşı tərəfin də mövqeyi dinlənilməlidir.
Şəxsən mənə qalsa, İmamı və Yezidi qatmaram söhbətə. Birincisi, dindar kəsimin məsələyə fərqli rakursdan yanaşacağından çəkinirəm, ikincisi də, aləm necə dəyibsə bir-birinə, bu dəqiqə Yezid kimdi, İmam kim, dəqiq seçmək çətindir. Qaranlıqda imam saydıqlarımız işıqlar yananda bəlli olur ki, Yezid imiş, eyni ilə də, işıqkən Yezid bildiklərimizin qaranlıqda “imam övladı” olduğuna dair min söhbət var. Odur ki, adı başqa cür qoyaq, məsələn “ Problemə ortadan baxış”. Hə, bax bu əladır. Mən ümumiyyətlə, hər zaman bütün məsələləri, qarışmamaq və iddiasız olmaq şərti ilə, tən ortadan izləməyi sevən adamam. O zaman, nə dayanmışıq, getdik e!
Qanunsuz tikililər məsələsi bir neçə hissəyə bölünə bilər. Əvvəllər adına “gecəqondu” deyilən bu tikililər, indi puluna minnət, elə günün günorta çağı da “qonur”. Ölkənin çox yerində, paytaxt Bakının isə hər yerində, hər tərəfində bu tikililər mövcuddur. Kommunikasiya xətlərinə yaxın, “neftin ərazisi” deyilən hissələrdə, əkin üçün nəzərdə tutulmuş torpaqlarda, hətta palçıq vulkanı təhlükəsi olan ərazilərdə, bir sözlə, gözəl xalqımız bütün qadağan olunan yerlərdə ev tikib. Başlayıb yaşamağa. "Azərişıq" görüb ki, bunlar onsuz da yaşayır, işığı oğurlamasınlar deyə işıq verib. "Azərsu" görüb ki, evdə yaşayış var və bu su olmadan mümkün deyil, hardan olsa, bir xətt tapıb çəkəcəklər, “heç olmasa, suyun pulun alaq” deyibən evə su verib. Beləcə evə işıq, qaz, su çəkilib, sayğaclar qoyulub və adamlar illərdir ki, işıq, qaz, su pulu ödəyicisinə çevriliblər. Hansı evin işıq, qaz, su pulun ödəmək istəyirlər? Bax bu sual ritorik olmasa da, cavabsızdı. Ev yoxdur sənəddə.
Demək ki, geriyə nə qalır? Bu evləri sənədləşdirmək. Söhbət minlərlə evdən gedirsə, heç bir hökümət bu qədər evi yıxası deyil. Hansısa yolla sənədləşdiriləcək. Amma təbii ki, müəyyən qaydalar və şərtlər daxilində. Qəbul edilmiş hansısa qanunla və o qanunda nəzərdə tutulmuş şərtlər daxilində. Bu şərtlərə cavab verən evlər rəsmiləşdirilib ünvana salına bilər. Bu halda nə qədər problem ortaya çıxacaq, dəqiq deyə biləmərəm, amma təqribi fikirlərim var. Bu fikirləri mənə hazırda ölkədə gedən böyük bir proses, bu prosesdən ortaya çıxan problemlər və problemlərin yaratdığı fəsadlar öyrədib. Kimsə inciməsin deyə, yenə də tam ortada dayanıb, imama da, Yezidə də eyni göz yaşı ilə ağlamaq istəyərdim.
Söhbət ölkəni başına götürmüş, regionlarda xeyli, paytaxtda isə saysız-hesabsız olan saytları və bu saytların “jurnalistlərini” “kitaba salmaq” üçün qəbul edilmiş qanundan və yaradılmış reyestr, yəni sənədləşdirmədən gedir. Burada kiçik haşiyə çıxım ki, mən bu qanunun qüsurusuz olduğunu düşünmürəm, jurnalistika və ümumiyyətlə, bütün növ yaradıcılığın icazəli olmasının tərəfdarı deyiləm və dövlətin birtərəfli qaydada kimisə maliyələşdirməli olduğunu düşünmürəm. Bu belə. Digər tərəfdən, əli klaviaturaya çatan hər kəsin sayt açmasından yaranmış mənzərəni bir-iki nümunə ilə xatırlatmaq istəyirəm.
Ciddi dövlət qurumlarından birinin mətbuat katibi olan dostumuza zəng edən, evində “ərimvəmən.com” saytını işlədən bir jurnalist-xala, verdiyi sualın cavablandırılması anında üzr istəmişdi ki, “bağışlıyın, uşaq ağlıyır, onu sakitləşdirib gəlirəm.”
Adı ona heç bir dəxli olmayan məsələdə hallanan bir dostun xahişi ilə zəng etdiyimiz “dinməver.com” saytının təsisçisi, baş redaktoru və yazının müəllifi olan yoldaş (yəni bu üçü də eyni adamdır, qarışdırmayın) dedi ki, “Müəllim, indi rayonda təsərrüfatın pis vaxtıdı, sahədə peyin dağıdıram, evə gedim, baxıb həll edərəm.”
Rayon idarələrindən birinin yetkilisi əlini qabağındakı stolun altına gizlətdiyi içi yumurta, pendir və yağla dolu olan zənbilin bərəkətinə and içib deyirdi ki, “Bu zənbil Bakıdan gələn jurnalistlər üçündü. Bəzisini yağla, bəzisini pendirlə, eləsi də olur 5 yumurta ilə yola verirəm, gedir...”
Mənzərə aydın oldusa, indi keçək paralellərə. Müqayisəli izahlara.
Neft borusunun, yüksək gərginlikli elektrik xəttinin, habelə palçıq vulkanının ərazisində ev tikənlər - bax bunlar yuxarıdakı birinci və ikinci misallardakı xala-dayılardı. Qısacası, reket saytlardı. Bunların evi uçurulacaq, başqa yolu yoxdur. Özləri də fərqindədirlər, odur ki, möhkəm hay-küy edirlər.
Bunların arasında indiyə kimi dövlət idarələri hesabına maliyyələşən və adətən, şor satanların və avtomobil rəngləyənlərin istifadə etdiyi qəzetlər də var. Onlar da bir sərəncəmla gedib işinin dalısıyca. Bu vəziyyətdən də, həmin o “istifadəçilər” və qəzet əməkdaşlarından başqa kimsə narazı deyil. Heç xəbərdar da deyil.
“Bələdiyyə torpaqlarında” habelə “kənd təsərrüfatı məqsədli” torpaqlarda ev tikənlər, bax bunlar pis-yaxşı indiyə kimi sayt işlədib, bəzən reket, bəzən tanış-biliş hesabına reklam alan saytlardı. Bunların sənədləşdirilməsi üçün “torpağın təyinatı dəyişdirilməlidir”. Bunlar neçə vaxtdı ki, yollar axtarır. Bəziləri düzəldir, qeydiyyatdan keçir, hətta “ikinci mərtəbəni qaldırmağa” da dəstək alır, bəziləri isə hələ də vurnuxur, bir şey çıxmır.
Evi tələb olunan materiallarla tikməyənlər, yöndəmsiz, hər an uça biləcək evlərdə yaşayanlar - bunlar “ayda ən az iyirimi gün, günə iyirmi özəl xəbər” şərtinə əməl etmək istəməyənlərdir. “Materiala xərc çəkmək” istəmirlər, deyirlər, “uçsa bizlikdir”. Amma hamımız yaxşı bilirik ki, o evlər uçduqdan sonra altında qalanın hesabını hamı dövlətdən soruşacaq. Bu da belə.
Binalarda “kupçasız” evi olanlar isə,həmin yuxarıda sadaladığım saytların jurnalistləridir. MTK ilə kağızda müqavilə bağlıyıb ev alıblar, indi “kupça”, yəni reyestrə düşmək istəyirlər. Reyestr də baxır, baxır, amma ki, sənədlərdə nə o ünvanda bina görünür, nə də o binada ev.
Bir də xeylisi var, deyir ki, “Mən neçə ildi qaz, işıq pulu ödəmişəm, bəs niyə mənim evimi qeydiyyata almırsız?” Bax bunlar da, vaxtında müxtəlif üsullarla, sənədsiz işləməyə razı olanlardı ki, əvəzində əmək haqqları daha artıq yazılıb, pul qazanıblar, rayonlardan qatıqları, pendirləri, yumurtaları gəlib. İndi dava edirlər ki, niyə mənim işlədiyim illəri saymırsız.
Deyəcəksiniz ki, bəs qeydiyyatlı, kupçalı, hər sənədi düz “novostroyka” sahibləri var e, min oyundan çıxırlar, bəs onlar? Düzü bilmirəm, nə cavab verim, çünki belələri çoxdur və hətta yuxarıda sadaladığımız qanunsuz balaca tikililərdən çox-çox təhlükəlidirlər. Bunlar yıxılanda altında tək özləri qalmır. Di gəl ki, əvvəldən bütün orqanlardan lazım olan sənəd-sünədi alıblar. Hardan baxırsan, qanuni görünürlər, bircə yerdən başqa. İnşallah, belələrinə də o həmin “bir yerdən” baxılar, görülər ki, əslində necədi vəziyyət.
Bütün bunlar bir tərəfə, qəbul edilmiş, təsdiqlənmiş qanunu icra etməklə görəvləndirilmiş orqanı günahkar tutmaq məntiqli görünmür. Bizim ölkədə qanunlar ictimai müzakirəyə çıxarılır (lütfən, gülməyin), Milli Məclisdə müzakirə olunur (yenə də gülməyin, xahiş edirəm) və qəbul olunur. Əgər qanunun qəbuluna təsir edə bilmiriksə, normal müzakirə aparıb, qanun qəbul edəcək deputatları seçə bilmiriksə, hər şey bitdikdən sonra, hazır qanunu icra edənlərə nəsə deməyə haqqımız varmı?
Sonda bir daha, bu yazının “hər iki tərəf üçün ağlamaq lazımdır” tezisini rəhbər götürülərək yazıldığını xatırladıram. Məqsəd həm də, ölkənin ən böyük problemlərindən biri olan sənədsiz evlərin və qanunsuz tikililərin həll yolunda rast gəlinə biləcək problemləri konkret misallarla göstərmək idi. Qəbul edilmiş qanunların hansına desəniz, əlimi basıb and içərəm ki, ayrı məqsədim-zadım yoxdur. Özünüzə yaxşı baxın. Hələlik!
Çingiz Özgür


Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər