Saytımızı qiymətləndirin


 
 

Pensiyaya çıxmaq hüququ qazananların sayı
Tarix: 09-12-2019 | Saat: 12:29
Bölmə:Karusel / Müsahibə / İqtisadiyyat | çapa göndər

 

- Artıq 2019-cu ilin 11 ayını geridə qoymuşuq. Bu aylar Azərbaycan iqtisadiyyatında hansı dəyişikliklərlə yadda qaldı?

-  2019-cu il praktik olaraq, digər illərdən olduqca fərqləndi. 2019-cu ildə Azərbaycan 2 sosial paketi təqdim edə bildi. 2 sosial paketin təqdim olunması öncədən büdcədən proqnozlaşdırılmadığı halda, minimum əməkhaqqı və pensiyanın artırılması 2019-cu ilin bütövlükdə ən ciddi xarakteristikası olaraq qeyd olunmalıdır. 2019-cu il daha çox sosial il oldu. Sosial paketlərin təqdim edilməsi və bütövlükdə sosial istiqamətə daha çox vəsaitin ayrılması 2019-cu ildə əsas prioritetlər oldu.

2019-cu il həm də struktur və kadr islahatları baxımından da yadda qaldı. Baş nazirin dəyişməsi, hökumətdə kadr dəyişiklikləri və xüsusilə də Prezident Adminstrasiyasında olan islahatlar bu ilin əsas hadisələridir. Əvvəlki illərdən fərqli olaraq, 2019-cu ildə iqtisadi mesajlar da fərqli oldu. Struktur və kadr islahatlarının aparılması və daha çevik idarətetməyə malik olunması üçün bir sıra strukturların birləşdirilməsini də biz müşahidə etdik. Praktiki olaraq, 2019-cu il sosial il olaraq, xarakterizə olunsa da, struktur və kadr islahatları fonunda daha çox diqqət çəkən iqtisadi dəyişikliklər oldu. 2019-cu ilin xüsusilə 2-ci yarısında həm kadr, həm də struktur baxımından yeni dəyişikliklər müşahidə etdik. Bu konteksdən 2019-cu il əvvəlki illərdən fərqli oldu.

2019-cu ildə qlobal bazarlarda, eləcə də neft qiymətlərində volatillik nümayiş olunmağa başladı. Xüsusilə 2019-cu ilin ilk yarısında neftin dünya bazar qiyməti nisbətən yüksək olsa da, sonrakı dövrlərdə qiymətin azalması, hətta 60 dollardan aşağı düşməsi müşahidə olundu. Neftin bazar qiymətinin 60 dollar olması Azərbaycan üçün fiziki hal baxımından əhəmiyyətlidir. Amma 2019-cu ildə neftin dünya bazar qiyməti Azərbaycan üçün məqbul hesab ediləcək səviyyədə formalaşdı. Belə ki, orta qiymət 60 dollardan çox oldu. Bu da büdcədə neftin orta qiymətindən daha yüksəkdir.

- 2020-ci ilin dövlət büdcəsi təsdiq olundu. Burada bəzi dəyişikliklər nəzərə çarpır. Belə ki, büdcədən dövlət şirkətlərinə və müəssisələrinə nəzərdə tutulan subsidiya açıqlanıb. Bakı Metropoliteninə 40 milyon manat vəsait ayrılıb. Bu, əvvəlki illərlə müqayisədə 5 milyon manat azdır. Bu subsidiyaların azaldılması nə ilə əlaqədardır?

- Dövlət xidmətlərini göstərən müəsisələrlə bağlı islahatlar genişləndirilməlidir. Biz ümumiyyətlə, bir sıra dövlət şirkətlərinin büdcədən maliyyələşməsinin tərəfdarı deyilik. Xüsusilə kommunal xidmətlərin idarəetməyə verilməsinə və özəlləşdirilməsinə ehtiyac var. Birinci mərhələdə AZAL-ın səhmlərinin 49%-nin özəlləşdirilməsi daha məqsədəuyğun olardı. Çünki nəticə etibarı ilə dövlət şirkətlərinin özəlləşdirilməsi və ya idarəetməyə verilməsi həmin şirkətlərdə şəffaflığın gücləndirilməsinə gətirib çıxara bilər. Digər tərəfdən dövlət büdcəsinin bu istiqamətə ayrılan vəsaitinin həcminin azaldılmasına və vəsaitə qənaət edilməsinə səbəb ola bilər. Məsələn, binalara qış mövsümündə isitiliyin verilməsi ilə bağlı dövlət büdcəsindən kifayət qədər böyük həcmdə vəsait ayrılır. Amma mütəmadi olaraq bu sektorda problemlərin olmasını müşahidə edirik. O baxımdan kommunal xidmətlər özəl şirkətlər tərəfindən təklif olunarsa, bu daha məqsədəuyğun olar.

Bakı Metropoliteninə verilən subsidiyanın həcminin azaldılmasına gəldikdə isə, buradan istifadə edən hər bir sərnişinin gediş-gəliş xərclərinin dəqiq hesablanmasına ehtiyac var. Metropoliten tərəfindən hər bir sərnişinin gediş-gəliş xərci ilə bağlı məlumatlar ictimaiyyətə təqdim olunsa da, həmin xərcin strukturunu müəyyənləşdirmək və görmək mümkün olmur. Bu xərclərin hesablanması hansı dərəcədə şəffaf həyata keçirilib, hansı dərəcədə mövcud xərcləri əks etdirdiyi bilinmir. Ona görə də Metropoliten çalışmalıdır ki, çox fərqli istiqamətlərdə vəsaitə qənaət etməklə, xərcin azaldılmasına nail olsun və dövlət büdcəsindən daha az subsidiya alsın. Eyni zamanda büdcədən ayrılan subsidiyaların daha şəffaf xərclənməsi vacibdir. Bu subsidiyaların daha şəffaf xərclənməsinə nəzarətin güclənməsinə ehtiyac var. Bu baş verərsə, o zaman büdcədən ayrılan vəsaitlərə ciddi şəkildə qənaət edilər. Bu konteksdən büdcənin xərc strukturundan dəyişikliklərin növbəti mərhələdən də davam etdirilməsi çox vacibdir. Bizim təklif etdiyimiz kimi dövlət müəsisələrinin bir qisminin özəlləşdirilməsi və idarəetməyə verilməsi reallaşarsa, bu, sosial istiqamətə daha çox vəsaitin ayrılmasına şərait yaradacaq

- Xüsusilə 2020-ci ilin dövlət büdcəsində tikinti sektoruna ayrılan vəsaitin həcmi 23% azaldılıb. Bu, iqtisadiyyata necə təsir edəcək?

- 2020-ci ilin dövlət büdcəsinin əvvəlki illərin dövlət büdcəsindən fərqli, həm də tikinti sektoruna ayrılan vəsaitlərin həcminin azaldılması, infrastruktur xərclərinin azaldılması ilə bağlıdır. İnfrastruktur xərclərində azalmaların müşahidə edilməsi bu istiqamətə ayrılan xərclərin həcminin də azalmasına gətirib çıxartdı. Ümumiyyətlə, biz infrastruktur xərclərinin daha çox azaldılmasının tərəfdarıyıq. Çünki büdcənin əsas istiqaməti sosialyönümlü olmalıdır. Büdcə daha çox sosial istiqamətə vəsaitin ayrılmasını həyata keçirməlidir. Azərbaycanda 2020-ci il dövlət büdcəsinin 38,5 %-i sosial xərclərdir. Sosial xərclərin payında artımlar olmasına baxmayaraq, biz sosial xərclərin ümumi büdcə xərclərindəki payının daha da artırılmasını təklif etmişik. Çünki inkişaf etmiş ölkələrdə və xüsusən də Avropanın əksər ölkələrində sosial xərclər ümumi xərclərinin 80%-dən çoxunu təşkil edir. Ümumiyyətlə, büdcənin funksiyası hər hansı inşaat işləri aparmaq deyil, büdcənin funksiyası daha çox sosial istiqamətdə fərqli proqramların maliyyələşdirilməsinə nail olmaqdan ibarətdir. Sözsüz ki, infrastrukturun da genişləndirilməsinə ehtiyac var. Amma əvvəlki illərdə bu istiqamətə büdcədən daha çox vəsaitin ayrılması, nəticə etibarı ilə sosial sahədə çatışmazlıqlara səbəb oldu.

- Struktur islahatları genişlənməkdədir. Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsinin konret səbəbi nə oldu? Bu qurum niyə özünü doğrultmadı? Bu qurumun bank sektoruna hansı zərərləri oldu?

-  Biz bu qurumun yaradılmasının tərəfdarı deyildik. Xüsusilə neftin dünya bazar qiyməti aşağı düşdükdən sonra daha yaxşı olardı ki, Mərkəzi Bankın idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı addımlar atılsın, nəinki ayrıca bir qurumun yaradılması... Ayrıca bir qurumun yaradılması bu sektorda ikili idarəetmənin formalaşması ilə nəticələndi. Bu isə bankların sağlamlaşdırılması baxımından arzuolunan deyildi. Bu baxımdan Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilərək, Mərkəzi Banka birləşdirilməsi gözlənilən idi. Amma Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyət dönəmini 2 dönəmdə qiymətləndirmək olar. Bu qurum yaradılan illərdə palatanın ilk rəhbərliyinin kommersiya bankları ilə kommunikasiyada ciddi problemləri oldu. Bu qurum üçün ən ciddi problemlərdən biri məhz bu oldu. Xüsusilə bank rəhbərlərinin fikirlərinin eşidilməməsi bu qurumun işini düzgün qurmasına mane oldu. Növbəti mərhələdə bu qurumda yeni idarəetmənin formalaşması bu sektorda idarəetməyə təsir göstərdi. Etiraf etmək lazımdır ki, sonrakı ildə bankların sağlamlaşdırılması ilə bağlı MBNP müəyyən işlər gördü. Ancaq burada nəticə əldə edilməməsinin əsas səbəbi odur ki, ikili idarəetmə mövcud idi. İkili idarəetmə səmərəli şəkildə islahatların həyata keçirilməsinə mane olurdu. Ümumiyyətlə, maliyyə xidmətləri bazarında- bank, sığorta, qiymətli kağızlar var. Beynəlxalq təsnifatda da eyni xidmətlər qrupuna daxildir. Bu xidmətlərin bir qurum tərəfindən idarə edilməsinə ehtiyac var. Ona görə növbəti mərhələdə çox vacibdir ki, MBNP Mərkəzi Banka verildikdən sonra bu qurumun da təkmilləşdirilməsi istiqamətində addımlar atılsın. Maliyyə Bazarlarına Nəzarət Palatasında kifayət qədər ixtisaslı kadrlar var idi. Onların Mərkəzi Bankda işə cəlb edilməsinə ehtiyac var. Amma bank sektorunun qısa zamanda sağlamlaşdırılması mümkün deyil. Çünki bank sektorunun problemi son 2-3 illə bağlı deyil. Bu sektorun problemləri neft bumunda ortaya çıxıb. Baxmayaraq ki, ölkə prezidentinin problemli kreditlərə güzəştlərin tətbiq edilməsi ilə bağlı fərmanı problemlərin müəyyən qədər yumşalmasına və xüsusilə ptoblemli kreditlərin həcminin azaldılmasına gətirib çıxardı. Amma hələ də bankların problemi qalmaqdadır. Hazırda kommersiya banklarından biri hətta adi əmanətləri belə qaytarmaqda çətinlik çəkir. Bu da bank sektoruna olan inamın azalmasına gətirib çıxarır. Hər bir banka fərdi yanaşılması ilə yanaşı, həm də onun bank sektoruna təsirlərinin qiymətləndirilməsinə ehtiyac var. Bu gün bank sektorunda axsayan banklar var. Məhz bu bankların sağlamlaşdırılmasına ehtiyac var. Müştəri qarşısında öhdəliyi yerinə yetirə bilməyən bankların saxlanılması doğru deyil. Ya bu cür banklar ləğv olunmalıdır, ya da onun saölamlaşdırılması ilə bağlı daha ciddi tədbirlərin aparılması lazımdır. İndiki halda bank sektoru kifayət qədər ciddi çağırışlarla üz-üzədir. Bunların aradan qaldırılması çox vacibdir. Çünki bank sektoru inkişaf etmədən və dayanıqlılığı təmin edilmədən uzunmüddətli dövrdə real sektorun inkişafı mümkün deyil. Və ya kommersiya banklarının ümumi kredit portfelinin həcmi 13,8 milyard manatdır. Həmin kreditlərin təxminən yarım milyardı kənd təsərrüfatı və emal sektoruna yönəldilib. Kommersiya bankları neft bumu dövründə olduğu kimi yenə də istehlak kreditləşməsinə meyllidir. Ümumi kredit portfelinin 5 milyard manatdan artığı ev təsərrüfatlarına yönəldilib.  Həm də kredit portfelinin strukturu göstərir ki, burada dəyişikliklərə ehtiyac var. Problemli kreditlərin həcmi 1,4 milyard manatdan çoxdur. Bu ümumi kredit portfelinin 10,8 %-dir. Bütün bu problemlər saölamlaşdırılmalı, problemli kreditlərin həcmi azaldılmalıdır ki, bank sektoru növbəti dövrdə daha sağlam şəkildə fəaliyyət göstərə bilsin.

- Bəs bank faizlərinin yüksək olması ilə bağlı problem nədən qaynaqlanır? Burada bankların hegemonluğu faizlərin yüksək olmasını şərtləndirirmiu?

- təbii ki, bank faizlərinin tənzimlənməsinə ehtiyac var. Bank sektorunda faizlərin yüksək olması bu sahədə rəqabətin olmamasından qaynaqlanır. Azərbaycan Mərkəzi Bankı uzun müddətdir ki, aparıcı xarici bankların bank sektoruna daxil olmasına imkan vermir. Aparıcı xarici bankların bank sektoruna daxil olması burada rəqabətin gücləndirilməsini mümkün edəcək. Banklar yüksək faizlə daha çox gəlir əldə etməyə çalışırlar.  Ona görə də daha çox istehlak kreditləşməsinə meyllidirlər, nəinki real sektora vəısaitin ayrılmasına. Bu baxımdan bankların kredit siyasətinin təkmilləşdirilməsi, daha uyğun qiymətə daha aşağı faizlə kreditlərin təklif edilməsinə ehtiyac var. Apardığımız müqayisələr göstərir ki, Azərbaycanda kommersiya bankları MDB-də ən yüksək faiz təklif edən banklardır. İpoteka üzrə kredit faizləri kifayət qədər yüksəkdir. Kredit faizlərinin tənzimlənməsinin strateji yolu rəqabətin gücləndirilməsidir. Mərkəzi Bank çalışmalıdır ki, növbəti dövrdə xarici kapitallı bankların sektora daxil olmasına imkan yaratsın və rəqaəbti gücləndirsin.

- Pensiya sahəsində dəyişikliklərdən sonra hansı narazılıqlar yaranacaq?

- Pensiya sahəsində olan islahatların təkmiləşdirilməsinə ehtiyac var. Minimum pensiyanın artırılması müsbət hal olsa da, pensiyaya çıxmaq üçün tələb olunan sosial kapitalın artması bunu kölgədə qoyur. Minimum pensiyanın 200 manata çatıdırlması, tələb edilən sosial kapitalın 28800 manatadək yüksəlməsinə gətirib çıxarır. Gələcəkdə minimum pensiya artacağı halda minimum pensiya kapitalı da artacaq. Məsələn, minimum pensiya 300 manat olarsa, o zaman minimum pensiya kapitalı 43200 manat olacaq. Bu o deməkdir ki, minimum pensiya 300 manata çatan zaman 25 il iş strajı olmazsa, yalnız 43200 manat və daha çox pensiya kapitalı toplaya bilənlər pensiyaya çıxa biləcəklər. Minimum pensiya kapitalının artması müsbət haldır. Amma bu məbləğ artdıqca gələcəkdə pensiyaya çıxmaq hüququ qazananların sayı da azala bilər. Aydındır ki, nə 28800 manatı, nə də gələcəkdə 43200 manatı toplamaq heç də asan olmayacaq. Biz təklif edirik ki, dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini üzərinə götürsün. Yəni, vətəndaş 17280 manat pensiya kapitalına malikdirsə, o zaman dövlət büdcəsindən onun hesabına 11600 manat ödənilsin və həmin şəxs pensiya hüququ əldə etsin. Əks halda pensiyaya çıxmaqda insanlar çətinliklərlə üzləşəcək.

Digər tərəfdən biz pensiya amnisiyasının verilməsinin tərəfdarıyıq. Çünki elə vətəndaşlar var ki, onların ümumiyyətlə, yığımları yoxdur. Məsələn, onlar 24 il işləsələr də ödəniş etməyiblər. Yaxud pnların işlədikləri dövr 2006-cı ildən əvvəlki dövrə düşüb. Həmin insanlar əmək pensiyası almaq hüququ əldə edə bilmirlər. Göründüyü kimi pensiya islahatlarının davam etdirilməsinə ehtiyac var. Sevindirici haldır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə müzakirələr təşkil olunur. Bu müzakirələr davam etdirilməlidir. Pensiya islahatları 1 milyondan çox insanı əhatə edir. Hər bir vətəndaşın da gələcəkdə potensial pensiya alıcısı olduğunu nəzərə alsaq, bu kifayət qədər vacib məsələdir.

- Prezident İlham Əliyevin BDU-nun 100 illiyi ilə bağlı yubiley tədbirində avrointeqrasiya ilə bağlı fikirləri cəmiyyətdə səhv anlaşıldı. Bunu hətta artıq avrointeqrasiyadan imtina kimi qiymətləndirənlər də oldu. Azərbaycanın Rusiya ilə yaxınlaşması avrointeqrasiyadan imtinaya gətirib çıxara bilərmi?

-   Azərbaycan Prezidentinin avrointeqrasiya ilə bağlı fikirləri əslində Azərbaycanın Avropa ilə əməkdaşlıqdan imtina etməsi anlamına gəlmir. Ölkə başçısı Azərbaycanın Avropa ilə əməkdaşlıqdan imtina edəcəyini də bildirmədi. Sadəcə orada söhbət dəyərlərə inteqrasiya məsələsindən gedirdi. Azərbaycan mövcud dəyərlərini qoruyaraq, digər ölkələrlə əməkdaşlıq edir və inteqrasiyanın istiqamətlərini müəyyənləşdirir. Digər tərəfdən Rusiya Azərbaycan üçün əsas tərəfdaşlardan biridir. Hətta Avropa Birliyi ilə əməkdaşlığı ggücləndirsək belə, Rusiyanı tərəfdaş kimi nəzərə almalıyıq. Çünki Azərbaycanın qeyri-neft ixracatının 35%-dən çoxu Rusiyanın payına düşür. Qeyri-neft sektorundan ölkəyə daxil olan valyutanın müəyyənləşməsində Rusiyanın payı həddən artıq çoxdur. Digər tərəfdən Rusiyada 2 milyondan çox etnik azırbaycanınlının yaşadığını nəzərə alsaq, bütün hallarda iqtisadi və sosial baxımdan Rusiya Azərbaycan üçün vacib tərəfdaşdır. Amma amma sözsüz ki, Azərbaycan üçün prioritet istiqamət balanslı şəkildə bütün regional qüvvələrlə əməkdaşlığı davam etdirməkdir. Xüsusilə Avropa Birliyi ilə iktərəfli tərəfdaşlıq sazişinin imzalanması ilə bağlı danışıqların yekunlaşması və sazişin imzalanması çox vacidir. Çünki AB Azərbaycanın vacib tərəfdaşıdır. Ümumixracatın 60 %-i, ümumi ticarət dövriyyəsinin  40%-dən çoxu AB-nin payına düşür. Eyni zamanda bu yaxınlarda açılışı olan TANAP-ın Avropa sərhədinədək inşasının başa çatması ondan xəbər verir ki, ölkəmiz mavi qazı əsasən Avropa bazarına çıxaracaq. Bu da ölkəmizin növbəti dövrlərdə dövlət gəlirlərinin formalaşmasında məhz Avropanın xüsusi rolunun olacağından xəbər verir. Ona görə də AB bizim üçün strateji tərəfdaşlardan biridir. Azərbaycanın Avropa ilə əməkdaşlıqdan imtina etməsi gündəm mövzusu deyil.

- Strateji yol xəritəsinə əməl edilməsi hansı səviyyədədir? Niyə bu kimi tədbirlər qeyri-neft sektorundan olan gözləntilərin tam doğrilması ilə nəticələnmor? Aqrar sahədə gedən islahatlar niyə istənilən nəticəni vermir?

- Strateji yol xəritələrinin icrasının hansı səviyyədə olması ilə bağlı monitorinqlərin keçirilməsi çox vacibdir. Monitorinqlərin qiymətləndirilməsi və xüsusilə müstəqil monitorinq mexanizminin formalaşdırılmasına ehtiyac var. Növbəti dövrlərdə də yanaşmamız ondan ibarətdir ki, strateji yol xəritələrinin icrasına müstəqil qurumların cəlb edilməsi və müstəqil qiymətləndirmənin aparılması həyata keçirilsin. İcra ilə bağlı mütəmadi olaraq, hesabatlar qeyd olunur və o hesabatların qiymətləndirilməsi aparılır. Amma bu üstəqil qurumlar tərəfindən aparılmalıdır.

- Prezident dəfələrlə çıxışlarında neftdən asılılığa son qoyulmasının vacibliyindən bəhs edir. Bunun prioritet olduğunu vurğhlayır. Neft gəlirləri olmadan Azərbaycan iqtisadiyyatını necə inkişaf etdirmək olar?

- Neftdən asılılığın aradan qaldırılması zaman tələb edir. Bu qısamüddətli dövr üçün nəzərdə tutulan strategiyadır. Amma bunun üçün qeyri-neft sektoru ilə bağlı fəaliyyətlərin gücləndirilməsi lazımdır. Bu asılılığın aradan qaldırılması ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Çünki Azərbaycan neftdən asılılığı aradan qaldırmaqla, neft bazarında bolatiliyin təsirlərini minimumlaşdırmağa, həm də qeyri-neft sektorundan ölkəyə daxil olan valyuta axınına nail olmağa çalışmalıdır. İslahatlarda da əsas məqsəd iqtisadiyyatın şaxələndirilməsidir. Həm ixracat, həm də dövlət gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payının artırılmasına nail olmaq mümkündür. Təbii ki, bu zaman alan prosesdir. 2025-ci ilədək ümumi ixracatda qeyri-neft sektorunun payının 30 %-dək artırılması, büdcə gəlirlərinin 60 %-i qeyri-neft sektorunun payına düşməsinə nail olmaq mümkün olsun. Amma uzun müddət Azərbaycan enerji ölkəsi statusunu qoruyub saxlayacaq və uzun müddət Azərbaycanda dövlət gəlirlərinin formalaşmasında neft aparıcı sektorlardan biri olacaq. Amma hədəf neftlə yanaşı digər sektorların da payının artırlmasına nail olmaqdır.

Redaktor.az



Xəbəri paylaş

573 dəfə oxunub.

Digər xəbərlər