Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Türkiyə HHQ-i arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib - VİDEO
Tarix: 06-07-2021 | Saat: 17:19
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Azərbaycan və Türkiyə HHQ-i arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib - VİDEO

İyulun 6-da Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a bildirilib ki, Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

General-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının və HHQ-i arasında əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

Ordu generalı H.Küçükakyüz Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Tərəflər son aylar ərzində Türkiyənin Konya şəhərində keçirilmiş “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə və “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimlərində əldə edilmiş nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin hər iki ölkənin HHQ-nin arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıblar.

Görüşdə Azərbaycan və Türkiyə HHQ-i arasında əlaqələrin hazırkı vəziyyəti və genişləndirilməsi məsələləri müzakirə olunub, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrdə əməkdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər