Tarix: 02-06-2021 | Saat: 14:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
Birinci Qarabağ müharibəsi zamanı əsir düşən və erməni silahlıları - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin işgəncə verdiyi şəxslər bugünkü məhkəmə iclasından sonra mediaya açıqlama veriblər.
Qarabaginfo.az Trend-ə istinadən xəbər verir ki, zərərçəkmişlərdən biri - Həbib Kazımov deyib ki, 1993-cü ildə Qubadlı ermənilər tərəfindən işğal olunan zaman yaralı halda ermənilərə əsir düşüb.
O bildirib ki, 1 il 9 ay erməni əsirliyində olub: “Əsirlik dövründə ermənilər dəmirlə, armaturla, dəmir dəyənəklərlə, çəkiclə məni döyüb, əzab veriblər. Bu gün burada mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri “Yoxa”, biri “Ayoşa” ləqəbi daşıyırdı. Mkrtiçyan Lüdvik “Yoxa” ləqəbi daşıyırdı. O burada deyir ki, Azərbaycan dilini bilmir. Lakin orada bizlə o danışırdı. Bizi Azərbaycan dilində belə təhqir edirdi”.
Zərərçəkən deyib ki, onun əsirlikdə saxlanıldığı kamerada daha 40-a yaxın azərbaycanlı olub:
“Onlardan işgəncə vaxtı ölən də oldu, işgəncələrə dözməyənlər də vardı ki, intihar etdilər.
Bir ona sevinirəm ki, hazırda bu terrorçular dövlətimiz tərəfindən tutularaq məhkəmə önünə çıxarılıblar və etdiklərinin cəzasını çəkəcəklər. Üzləşmə zamanı da məni tanıdılar”.
Digər zərərçəkən Qərib Rövşənoğlu deyib ki, atəşkəs dövründə, 1999-cu ildə əsir düşüb: “Erməni əsirliyində olarkən Mkrtiçyan Lüdvik Mkrtiçoviç şəxsən mənə işgəncə verib. Onun verdiyi işgəncələrin izləri hələ də qalır. Sinəm qırıqdı, başımda əziklər var. Çoxlu işgəncələrə məruz qalmışam. Ona görə də mən buradayam. Lüdvik Mkrtiçyan məni görən kimi tanıdı.
O, həm orada Azərbaycan dilində tərcüməçi işləyirdi, həm də bizə işgəncə verirdi. Bu gün o məhkəmədə deyir ki, Azərbaycan dilini bilmir, amma əsirlikdə olanda bizimlə Azərbaycan dilində danışırdı”.
Qeyd edək ki, bu gün Birinci Qarabağ müharibəsi zamanı əsir düşən Azərbaycan vətəndaşlarına işgəncə verən və onları qətlə yetirən ermənilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin məhkəməsi keçirilib.
Digər xəbərlər