Saytımızı qiymətləndirin


 
 

Ermənistan Rusiya ilə Aİ arasında geosiyasi qarşıdurma meydanına çevrilir – Politoloq
Tarix: 07-05-2026 | Saat: 15:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ermənistan Rusiya ilə Aİ arasında geosiyasi qarşıdurma meydanına çevrilir – Politoloq

“Ermənistan Avropa İttifaqı və Rusiya arasında geosiyasi qarşıdurma meydanına çevrilir. Bunu seçkiqabağı kampaniya dövründə açıq şəkildə görmək mümkündür. Rusiya Prezidenti Ermənistanda rusiyapərəst siyasi qüvvələrin mövcudluğu haqqında danışıb və Baş nazir Nikol Paşinyanla görüşüb. Qərb dövlətləri isə, əsasən Avropa İttifaqı may ayında İrəvanda sammit keçirib və Nikol Paşinyanın dəstəklənməsi ilə bağlı bəyanatlar verib. Rusiyanın təzyiqlərinə tab gətirmək üçün Ermənistan hökumətinə birbaşa yardım edilir, hətta ikinci humanitar missiyanın Ermənistanda fəaliyyətinə də icazə verilib. Bu proseslər onu deməyə əsas verir ki, Ermənistan Avropa İttifaqı ilə Rusiya arasında geosiyasi qarşıdurma meydanına çevrilib”.

Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov

Politoloq bildirib ki, hazırda Ermənistan hökuməti forpost ideyasının başa çatması ilə bağlı bəyanatlar verir: “Ermənistanın daha çox müstəqil olacağı qeyd edilir və hazırkı hakimiyyət xarici siyasətdə diversifikasiya ilə məşğuldur. Demək olmaz ki, Qərb, xüsusilə Fransa, tam olaraq Rusiyanın yerini tutacaq. Çünki bu, ən azı yaxın onillikdə mümkün deyil. Həm hərbi baza baxımından, həm də Gömrük İttifaqı baxımından. Ona görə Ermənistanın Qərblə, Avropa ilə, əsasən də Fransa ilə sıx münasibətləri Rusiyanın təsirlərini tarazlaşdırmaq məqsədi daşıyır”.

Fərhad Məmmədov qeyd edib ki, Rusiya və Qərb Ermənistanı regionda öz maraqları üçün istifadə edir: “Burada tam əminliklə deyə bilərik ki, Rusiya Cənubi Qafqazda institusional olaraq Ermənistanda təmsil olunur. Həm hərbi, həm iqtisadi baxımdan, eyni zamanda daxili siyasi oyunçular baxımından da Rusiya ən azı bu parlament seçkilərində plan-minimumunu yerinə yetirib. Artıq bəllidir ki, Ermənistanda müxalifət dəyişəcək. Sorğular göstərir ki, ikinci, üçüncü və dördüncü yeri tutan qüvvələrin hamısı rusiyapərəstdir. Ən azı Rusiya öz minimal gözləntilərini Ermənistanda təmin edib. Parlamentdə təmsil olunacaq müxalifət yenidən rusiyapərəst olacaq. Onların hakimiyyətə gəlib-gəlməməsi isə ayrı məsələdir. Bu artıq maksimal gözləntidir. Lakin Rusiya hazırda plan-minimumunu yerinə yetirib. Qərblə isə Ermənistanda birbaşa toqquşub və düşünürəm ki, seçkiqabağı dövrdə də Rusiya iqtisadi və humanitar sahədə daha aqressiv addımlar atacaq”.

Politoloqun sözlərinə görə, Fransa və Avropa İttifaqının Ermənistanda müəyyən məhdudiyyətləri var: “Çünki Rusiyanın hərbi bazası artıq Ermənistanda mövcuddur. Ermənistanın 1997-ci ildə Rusiya ilə strateji müttəfiqliklə bağlı ikitərəfli sazişi var. Eyni zamanda Ermənistan hələ də faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Belə olan halda Ermənistanda Avropa İttifaqının missiyası, hibrid hücumlara qarşı ikinci missiya və gələcəkdə planlaşdırılan sərhəd təhlükəsizliyi ilə bağlı ABŞ şirkəti Rusiyanı müəyyən qədər tarazlaşdıracaq. Amma Ermənistanda Rusiyanın təhlükəsizlik baxımından mövcudluğunu azaldacaq ən vacib hadisələr Azərbaycanla Ermənistan arasında sülh və Ermənistan-Türkiyə normallaşmasıdır. Bu hadisələr baş verəndən sonra Ermənistan hakimiyyəti daha sərbəst və cəsarətli olacaq. Rusiyanın hərbi mövcudluğunu minimallaşdırmaq məqsədi də məhz bundan ibarətdir”.

Fərhad Məmmədov vurğulayıb ki, fərqli dövlətlərdə müstəqilliyə yanaşma da fərqlidir: “Həmin şeyi xarici borc məsələsində də deyə bilərik. Misal üçün, Ermənistanda heç vaxt xarici borcun çox böyük olması ilə bağlı ciddi narahatlıq yaşanmayıb. Çünki bu dövlət anlayır ki, ayaqda qalmaq üçün borclanmalıdır və nə vaxtsa bu borclar bağışlana, yaxud digər formada ödənilə bilər. Eyni yanaşma müstəqillik məsələsində də mövcuddur. Ermənistan, əsasən, 2020-ci ilin 44 günlük müharibəsindən sonra ekzistensial mövcudluq çağırışı ilə üzləşmişdi. Hazırda da Paşinyan seçkidə qalib gəldiyi təqdirdə yeni Konstitusiya təklif edir. Bu yeni Konstitusiya köhnə Konstitusiyanı dəyişir və Ermənistan xalqına yeni model təqdim edir. Bu da o deməkdir ki, 1991-ci ildə elan olunmuş respublika ilə yeni referendumda qəbul olunacaq Konstitusiya əsasında tamamilə fərqli bir respublika formalaşacaq. Bu, “real Ermənistan” ideyasıdır”.

Politoloq əlavə edib ki, Ermənistan bu müstəqillik formulunu müxtəlif qüvvələrlə danışaraq, onların təhlükəsizlik zəmanətini alaraq və mövcudluğunu qoruyaraq həyata keçirməyə çalışır: “Hazırkı Ermənistan hökumətinin “real Ermənistan” layihəsi mahiyyət etibarilə fərqli müstəqil dövlət modelinin formalaşdırılmasıdır. Keçmişdə Ermənistan işğalçılıq siyasətinə dəstək almaq müqabilində öz suverenliyinin bir hissəsini Rusiyaya vermişdi. Hazırda isə Ermənistan fərqli yol seçib və Paşinyan hakimiyyəti öz xalqına fərqli layihə təklif edir”.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər