Saytımızı qiymətləndirin


 
 

“Fransa Laçın dəhlizindən keçməklə Qarabağdakı ermənilərə 100 maşın yardım göndərə bilər, amma...”
Tarix: 03-07-2021 | Saat: 14:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Fransa Laçın dəhlizindən keçməklə Qarabağdakı ermənilərə 100 maşın yardım göndərə bilər, amma...”
“Rəsmi Paris bundan sonra Qarabağ məsələsinə hər hansı bir formada siyasi müdaxilə edə bilməz...”
*** ***
“Putinlə Makron arasındakı danışıqlar Cənubi Qafqazda Türkiyənin güclənməsinə imkan verməmək məqsədi güdür..."
*** ***
Xəbər verildiyi kimi, dünən – iyulun 2-də Rusiya prezidenti Vladimir Putinlə fransız həmkarı Emmanuel Makron arasında telefon danışığı olub. Rusiya prezidenti Qarabağda hərbi əməliyyatlardan əziyyət çəkmiş rayonların əhalisinin humanitar problemlərinin həllində avropalı tərədaşların, xüsusilə də Fransanın daha sıx iştirakının zəruri olduğuna diqqət çəkib. Prezidentlər ATƏT-in Minsk qrupunun səyləri də daxil, münaqişələrin tənzimlənməsinin müxtəlif aspektlərini əlaqələndirməyə hazır olduqlarını ifadə ediblər. 
 
Bu,  44 günlük savaş boyu ermənipərəst mövqeyini açıq-aşkar sərgiləmiş Fransanı Qarabağdakı ermənilərə ərzaq, geyim və s. yardım etməsinə dəvət anlamına gəlir... 
 
Qarabaginfo.az xəbər verir ki, mövzu ilə  bağlı Moderator.az-a açıqlama verən araşdırmaçı jurnalist Elçin Alıoğlu Putin və Makronun telefon danışığının Qarabağla bağlı hissəsini belə şərh edib:
 
“Məlumdur ki, hazırda 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə imzalanmış üçtərəfli bəyanat qüvvədədir və bu sənədi kimsə dəyişməyib. Həmin sənəd imzalanandan sonra Cənubi Qafqaz bölgəsində faktiki olaraq iki aktiv oyunçu var: biri Rusiya, digəri isə Türkiyədir. Və Rusiya Fransa ilə bahəm ATƏT-in həmsədr ölkələrindən biri olduğuna görə, təbii ki,  Putin Makronu bu prosesə müəyyən mənada hər hansı bir formada cəlb etmək niyyətindədir. Lakin düşünmürəm ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti əvvəlki formatda, yəni ABŞ-Rusiya-Fransa formatında bərpa olunsun. Əslində Rusiyanın özü də bunda maraqlı deyil. Çünki Azərbaycan-Ermənistan münaqişəsinin həll edilməsində Rusiya vasitəçi və moderator rolunu oynayır və həmin rolu heç vaxt könüllü olaraq Fransaya verən deyil”. 
 
Həmsöhbətimiz Putinin Makrona bəhs edilən təklifinin hər iki ölkənin Türkiyəyə qarşı münasibəti ilə də əlaqələndirib:
 
“Putinlə Makron arasındakı danışıqlar Cənubi Qafqazda Türkiyənin güclənməsinə imkan verməmək məqsədi güdür. Və bunun üçün də bəlli addımlar atılır və bundan sonra da atılacaq. Çünki Rusiya geo-siyasi olaraq  Cənubi Qafqazı tərk etmək niyyətində deyil. Tam əksinə,  bu regionda təsir rıçaqlarını və hadisələrə bütün müdaxilə imkanlarının çeşidini və məzmununu daha da artırmaq və gücləndirmək niyyətindədir. Məhz bu səbəbdən Putin tərəfindən Makrona edilən  təklif  ilk baxışdan ekspozitiv təsir bağışlasa da, əslində çox ciddi məqamlardan xəbər verir”.
 
“Tutaq ki, Fransanın humanitar yardım karvanı Ermənistandan Azərbaycanın rəsmən nəzarət edə  bilmədiyi Laçın dəhlizinə yaxınlaşır və Rusiya hərbçiləri onu buraxır. Azərbaycan dövlətinin buna reaksiyası necə olacaq” sualına cavabında isə Elçin Alıoğlu belə deyib:
 
“Əvvəla, onu deyim ki, rəsmi Paris bundan sonra Qarabağ məsələsinə hər hansı bir formada siyasi müdaxilə edə bilməz. Vətən müharibəsi günlərində Fransa hakimiyyəti, o cümlədən icraedici və qanunverci hakimiyyət Qarabağ münaqişəsi  ilə bağlı mövqelərini açıq şəkildə nümayiş etdirdilər. Və bəlli oldu ki, bu, aşkar  ermənipərəst mövqedir. Və azərbaycan heç bir vaxt imkan verməyəcək ki, Fransa bundan sonra  da qərəzli, subyektiv və tərəfli mövqeyi ilə bu münaqişənin hər hansı formada nizamlanmasında əvvəlki kimi iştirak etsin. Çünki Fransa artıq tərəf tutub və subyektiv, qərəzli olduğunu isbatlayıb. Bu, öz yerində... İkincisi isə,  Fransa ermənilərə istədiyi qədər humanitar yardım edə bilər. Bu ölkə Laçın dəhlizindən keçməklə Qarabağdakı ermənilərə ərzaq dolu  hətta bir yox, 100 ağır tonnajlı maşın göndərə bilər. Bu, heç nəyi dəyişməyəcək və dəyişə də bilməz. Sadəcə, Fransanın tərəf tutmaqda məqsədi bəllidir.  Fransa prezienti Makron son praymerizlərdə uduzub və o, Fransada yaşayan 513 min erməninin  səslərini almaqda maraqlıdır. Məhz bu səbəbdən də Makron aşkar ermənipərəst siyasət yürüdür və ermənilərdən daxili siyasətdə bir vasitə, marionet, bir kukla kimi istifadə edir. Yəni Fransanın və konkret  Emmanuel Makronun heç vaxt Ermənistana sevgisi olmayıb. Sadəcə, ermənilər həmişə, tarixboyu olduğu kimi, alət olaraq istifadə edilir, onlara vədlər verirlər və sonra da aldadılırlar. Şübhəm yoxdur ki, bu dəfə də Fransa Ermənistanı aldadacaq.  Çünki dünyadakı  böyük güclərin hər biri geo-siyasi anlamda bu və ya digər məqamlardan  yararlanaraq öz maraqlarını təmin edirlər. Çin iqtisadi gücdən istifadə edir, ABŞ demokratiya  pərdəsi altında dünyanın müxtəlif ölkələrində öz maraqlarını təmin edir. Fransa isə  mədəniyyət ekspansiyası adı altında Afrikada, Cənubi Amerikada, Yaxın Şərqdə  geo-siyasi istilalarını həyata keçirmək niyyətindədir. O cümlədən də Cənubi Qafqazda... Bu ölkə frankofoniya çərçivəsində Ermənistanda da fəal işləməyə çalışır. Yəni Fransanın da məqsədi Qafqazda möhkəmlənmək, bu regiondan siyasi, hərbi, iqtisadi və digər dividentlər əldə etməkdir...
 
Bütün bunlarla belə,  Laçın dəhlizindən humanitar yardım karvanının buraxılmasında qeyri-adi və anormal olan heç nə yoxdur. Dediyim kimi, fransızlar istədikləri  qədər  humanitar yardım daşısınlar. Amma 10 Noyabr razılaşmasına əsasən Rusiya sülhməramlıları Laçın dəhlizinə tam nəzarət etməlidirlər. Bu, nə deməkdir? Əgər Fransanın həmin humanitar yardım adı altında Qarabağ ermənilərinə silah-sursat, yaxud hərbi ammunisiya, hərbi geyimlər, zirehli gödəkçələr, dəbilqələr və s. göndərməsi aşkarlanarsa,  o yardımlar mütləq və dərhal dayandırılacaq və geri qaytarılacaq. Ən yaxşı halda belə olacaq. Və hazırda Rusiya sülhməramlıları Laçın dəhlizindən  hərbçilərin, hərbi geyimdə olan adamların, xüsusilə silah və texnikanın Azərbaycan ərazisinə keçməsinə imkan vermirlər. Bunu mən tam əminliklə, canlı şahid kimi deyirəm” – deyə araşdırmaçı jurnalist bildirib. 
 
“Bir sözlə, Fransa istəsə, Qarabağa humanitar yardım göndərə bilər.  Amma o da var ki, Qarabağ erməniləri nə  vaxta qədər humanitar yardımla dolanacaqlar? Məlumdur ki, II Qarabağ savaşı nəticəsində Qarabağdakı ermənilər əkin və otlaq yerlərinin 84 faizini, içməli su mənbələrinin 91 faizini,  elektrik enerji istehsalı və təminatı vasitələrinin 91 faizini, dağ-mədən, faydalı qazıntı yataqlarının 98 faizini , meyvə bağları, tərəvəz bostanlarının və s. 83 faizini, daimi gəlir yeri kimi sayıla biləcək kiçik və orta  aqrar emalı və sənayə müəssisələrinin 79 faizini və s. itiriblər. Fransızlar, ruslar, həbəşlər, nə bilim, avstraliyalılar hər gün  12 yük maşını ilə pul daşısalar belə, Qarabağ erməniləri bunu hara xərcləyəcəklər. İş yerləri yox, sənaye istehsalı yox,  heç nə yoxdur... Sadəcə, orada bu saat olan 13 min 416 nəfər Qarabağ ermənisi var ki, onlar da köç ərəfəsindədirlər” – deyə Elçin Alıoğlu vurğulayıb.
 
 


Xəbəri paylaş

1313 dəfə oxunub.

Digər xəbərlər