Saytımızı qiymətləndirin


 
 

Əvəz Həsənov: “Şuşa mənim həyatımın ən çətin və ən yaddaqalan məqamıdır”
Tarix: 27-03-2021 | Saat: 15:48
Bölmə:Karusel / Müsahibə | çapa göndər

“Azad Şuşadan”:

Bu gündən – 27 martdan etibarən ““Azad Şuşa”nın qonaqları” adlı rubrikamız fəaliyyətə başlayıb. Bu rubrikada bizim dəvətimiz, yaxud öz arzusu ilə qonağımız olacaq şəxslərlə müsahibələr dərc edəcəyik. Bu layihəyə oxucularımız da qoşula bilər. Oxucular kimin müsahibəsini oxumaq istədiklərini bildirə bilərlər. Biz də oxucularımızın arzusunu yerinə yetirməyə çalışacağıq.

Onu da qeyd edək ki, bu rubrikda qonağımız olacaq şəxs redaksiyamıza təşrif buyura biləcəyi kimi, gələ bilməyənlərin görüşünə özümüz də gedə biləcəyik.

Beləliklə, ““Azad Şuşa”nın qonaqları” rubrikasında ikinci qonağımız sabah – 28 martda 50 illik yubileyini qeyd edən məşhur konfliktoloq, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənovdur.

Söhbətə başlamamışdan əvvəl hörmətli Əvəz müəllimi yubileyi münasibətilə “Azad Şuşa” adından təbrik etdik, ona hər şeydən əvvəl möhkəm can sağlığı və Vətən amalları uğrunda mübarizəsində böyük nailiyyətlər arzuladıq. Bunun ardınca gələn qarşılıqlı xoş sözlərdən sonra suallarımızı ünvanlamağa başladıq.

 

– Əvvəlcə onu bilmək istərdim ki, kişilərə müraciət edərkən hansı sözə üstünlük verirsiniz? “Bəy”, “müəllim”, ya “cənab”? Bunların hansından daha çox xoşunuz gəlir?

– Kişilərə müraciət formasında hər üç variant işlədilsə də qadınlara müraciət formasında yalnız “xanım” müraciət forması ilə kifayətlənirik.  Mənə elə gəlir ki, qadınlar bu baxımdan kişilərə nisbətən daha monolit rəğbətlə əhatə olunurlar. Auditoriyada olanda daha çox “müəllim”, ictimai həyatda daha çox “bəy” müraciəti, xaricdə tədbirlər zamanı isə “cənab” müraciətini eşidəndə təəcüblənmirəm. Ona görə də bütün müraciət formalarından xoşum gəlir. Qəribərdir ki, Azərbaycandan kənarda olanda bizimlə birgə konfranslarda iştirak edən azərbaycanlı iştirakçılar mənə “Əvəz müəllim” deyə müraciət edəndə əcnəbilər bu müraciət formasını birbaşa müraciət zamanı təkrarlayırdılar. Əcnəbilərin dilindən daha maraqlı səslənirdi. Onlara “müəllim” müraciət formasının tərcüməsini izah edəndə daha da təkidlə mənə “müəllim” detə müraciət edirdilər. Çünki, “müəllim” müraciət formasında daha geniş məna olduğunu deyirdilər. Əsas müraciət deyil, əsas odur ki, insanlar sənə qarşı necə münasibət bəsləyirlər. Ona görə də bəzən siyasətdə olan adamlara “müəllim” deyəndə əsəbləşərdilər, məmurlara isə “bəy” deyə müraciət edəndə. Hətta bəzi sovet düşüncəli insanlar deyədilər ki, “hər yerindən duran özünə bəy deyir, bəyin bir nəsli-nəcabəti olar” və yaxud “hər adama müəllim deyib, onu ucuzlaşdırmayın”.  Zaman hər şeyin həllinin açarını tapır.

 

– Artıq 50-ni aşırırsınız. Təkcə bunun özü müasir insan üçün, əlbəttə, az olsa da həm də az deyil və böyük nailiyyət sayıla bilər. Necə gəlib çatdınız 50-yə? Həyatınızı gözləriniz önündə canlandıra bilirsinizmi?

Ailə üzvləri ilə

 

– Mənim həyatımın elə bir özəlliyi olduğunu düşünmürəm. Sadəcə, bir insan ömrü üçün fərqli və asan olmadığının fərqindəyəm. 1971-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşam. Atam mən hələ dünyaya gəlməmişdən avto qəza nəticəsində vəfat edib. Məndən böyük qardaşım da uşaq yaşlarında rəhmətə gedib və anam atamın vəfatından sonra öz atası evinə qayıdıb və mən anamın ailəsi ilə birgə böyümüşəm. Atam çox cüssəli, mərd, xeyirxah və cavan olmasına baxmayaraq insanlar arasında müdrik adam kimi yadda qalıb. Böyüdükcə insanlar içərisinə çıxdıqca mənə onunla bağlı çox xatirələr danışırdılar və əmin olurdum ki, insanın yaşı onun böyüklüyü üçün maneə deyil.

Yusif Səmədov

Mənim ana babam Yusif Səmədov 16 il kənd sovetinin katibi işləyib və demək olar ki, boya-başa çatmağımda və hətta dünyagörüşümün formalaşmağında onun əvəzsiz rolu vardır. Mən ailəmizdə tək övlad olduğumu və yaxud atasız böyüdüyümü hiss etməmişəm. Öz dayılarımı qardaş bilirdim, onları adları ilə çağırardım.

Atamgilin ailəsi də böyük ailə olublar, onlar da anamın ailəsi kimi təhsil almağa və mövqe tutmağa ciddi önəm veriblər. Onların uşaqlıq dövründən sonra təhsil almağım və ümumən formalaşmağımda xidmətləri çox böyük olmuşdur.

Bütün həyatım 1986-cı ildə orta məktəbi bitirib Bakıya instituta daxil olmaq üçün sənəd verməyə gələndən sonra dəyişib. 15 yaşında bir uşağın instituta sənəd verib, yüksək qiymətlə daxil olmağı, əlaçı təqaüdü almağı, özündən iki yaş və daha yaşlı tələbələrlə bir parta arxasında oturmağı hər zaman diqqət mərkəzində olmağıma gətirib çıxarıb.

Bakıda olduğum müddətdə siyasətə, ictimai fəaliyyətə marağım daha dinamik həyata yol açmışdı. Mən Sosial Demokrat Partiyasında, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsində və İnsan Hüquqları Müdafiə Mərkəzində çalışmaqla məhz siyasi və ictimai baxışlarımı da fərqli formalaşdıra bildim. 1994-cü ildən hüquq müdafiəçisi kimi, 2000-ci ildən sonra isə konfliktoloq kimi tanınmağa başlamaqla bu fərqli mövqeni özümə həyat tərzi etdim.

15 yaşında evdən çıxan və öz həyatını formalaşdırmağı öz əlində olan bir uşaq üçün mənim etdiklərim çox ağır yük idi. Çünki, insanlar məni o qədər də yaxşı tanımırdılar. İnsanın tanınması üçün əsas yol açan televiziya və rəsmi qəzetlər mənim haqqımda heç nə danışmırdılar. Buna baxmayaraq azad mətbuat və siyasi aktiv insanlar arasında kifayət qədər tanınmışdım. Eyni zamanda artıq ölkədən xaricdə, xüsusən Cənubi Qafqaz bölgəsində çox məşhurlaşırdım. Təbii ki, buna mənim münaqişə ilə məşğul olnmağım və beynəlxalq tədbirlərdə ardıcıl olaraq iştirakım böyük rol oynamışdı.

Hələ qızların balaca vaxtlarında onlara da vaxt ayırmaq lazım gəlirdi

 

Bütün həyatımı özüm qurmağa çalışmışam. Heç kimin dəstəyi olmadan, maddi yardımı olmadan həm ailəmi dolandırmağa, həm də ictimai fəaliyyətimi genişləndirməyə çalışmışam. Həyat yoldaşım və üç övladım ilə təvazökar bir həyat yaşayırıq. Həyatda ən çox qazancım ölkədə, onun hüdudlarından kənarda çoxlu sayda dostlarımın olması və onların bizimlə təmasıdır.

Dostu Berxardla Almaniyada

 

Ölkəmizdə nə qədər zəhmət sərf etməyimə və xeyir verməyimə baxmayaraq ciddi dəyərimin olmadığı göz qabağındadır. Bunun da əsas səbələrini müstəqil düşüncəyə malik olmağım, heç kimin qarşısında əyilməməyim və heç kimin haqqını yeyə bilməməyim ilə əlaqələndirirəm. Onu da deyim ki, cəmiyyət onsuz da mənim fikirlərimi dinləyir və oxuyur. Hətta, mənə ehtiyyatlı münasibət ilə yanaşı hökumətdə də ən yüksək səviyyədə mənim fikirlərimə diqqət yetirilir.

Qızı ilə Bakıda Avropa günlərində

 

– Bu 50 ildə nə qədər Kəlbəcər var?

– Kəlbəcər rayonunun bu 50 ildə payı cəmi 15 ildir. Orta məktəbi bitirdikdən sonra 1986-cı ildə Kəlbəcərdən çıxdım, qalan müddətdə onun işğalına qədər olan dövrdə isə epizodik olaraq ora gedə bildim. Kəlbəcər və xüsusən doğulduğum kənd  Başlıbel ilə bağlı xatərlərim təəsüf ki, uşaq xatirələridir. Bəzən başımda həmin xatirələr, yer adları və gəzməli-görməli yerlər çox qarışır. Amma, zaman keçdikcə bütün xatirələrim yenidən canlanır. Xüsusən də Kəlbəcərin işğaldan azad olunmasından sonra xatirələrim yenidən gözlərimin önünə gəlir. Kəlbəcər doğrudan da fərqli bir yerdir. Onun uişğaldan azad olunmasından sonra efirlərdə kadrlarını gördükdən sonra insanların oranın vəsf etməsi buna bir sübutdur. Mən Başlıbel kəndindən gəlib Bakıda İncəsənət İnstitutnu bitirəndən sonra Bərdə rayonuna verilən təyinatımdan imtina etdim və təyinatım batmasın deyə Kəlbəcər şəhər Mədəniyyət Evində çalışmağa başladım. Rayon mərkəzində yaşadığım həmin epizodik həyatımda belə rayonun ən sayılan insanları ilə münasibətim və dostluğum var idi. Fərqli mövqeyimə görə insanlar mənə hörmət edirdilər. Kəlbəcər rayon Partiya Komitəsinin birinci katibi Zahid İsmayılovun qardaşı Bəhmən İsmayılov ilə qonşu idim. Onun çox sərt xüsusiyyəti var idi, hər kəs onunla dostluq etməkdə uğur qazana bilmirdi. Amma, biz aramızda 40 yaş fərq olmasına baxmayaraq yaxşı dost idik. Çox gözəl xüsusiyyətə malik bir insan idi. Biz ailəvi dost idik və mənim sayəmdə ağsaqqallarımız da dostluq edirdi. Bir dəfə nərd oynayanda zarafatla babama demişdi: “Mən, hər adamla oturub-duran deyiləm, nədənsə Əvəzlə dostluğum tutur. Onu da bir yerdə tuta bilmirəm ki, nərd oynayam”.

Kəlbəcər həm də blokada şəraitində olanda insanların bir ilə yaxın necə işıqsız yaşadığı yaxşı yadımda qalıb. İnsanları çox saf və mərddirlər. Siyasətlə və ictimai həyatla maraqlanmasalar da çox söhbətcildirlər. Qonaqpərvərlik onlar üçün həyat tərzidir. Azərbaycanın bütün bölgələrində olduğu kimi bir otaq mütləq bəzədilmiş halda qonaq üçün qorunub saxlanardı. Kəlbəcərdə yaşadığım uşaqlıq dövrü mənim üçün çox əzizdir. Çükni orada əzizlərimizin ruhları var. Orada formalaşmağımın izləri vardır.

Tahir Səmədov

 

Kəlbəcər həm də mənim ən sevimli dayım Tahir Səmədovun şəhid olduğu yerdir. Tahir dayımı rayonda tanıyan hər kəs onun necə gözəl xasiyyətli və xeyirxah olduğunu yaxşı xatırlayır. Onun ruhu hər zaman bizə Kəlbəcəri xatırladıb. Onun əziz çöhrəsində biz Kəlbəcərin izini görmüşük.

 

– Bu sualı təkcə saytımızın adı “Azad Şuşa” olduğuna görə vermirəm. Sizin həyatınızın bir parçası da Şuşa ilə bağlı olub. Beynəlxalq İşçi Qrupun tərkibində Şuşaya bir neçə səfəriniz də olmuşdu. İndi artıq Şuşamız da azaddır. Bütün bunlar abrədə nə deyə bilərsiniz?

Almaniyalı həmsədr Berxard Klazenlə Yuxarı Gövhər Ağa məscidində

 

– Şuşa mənim həyatımın ən çətin və ən yaddaqalan məqamıdır. Şuşaya, işğal altında olarkən, azərbyacanlılar içərisində mənim qədər çox səfər edən çətin ki, kimsə tapılsın. Mənim Əsir və girovlarla bağlı Beynəlxalq İşçi Qrupun Azərbaycan üzrə koordinatoru işlədiyim müddətdə 2000-ci ildən 2007-ci ilədək ildə 3-4 dəfə Qarabağa səfərim olurdu və hər dəfə də Şuşaya səfər etmək şansımız olurdu. Şuşanı ilk dəfə görəndə göz yaşlarımı cangüdənlərimin yanında zorla boğmuşam. Şuşanı tanımayan adam kimi onun bütün məhlələrini gəzə bilirdim. Saatlarla Cıdır düzndə oturub Topxana meşəsinə, ətraf kəndlərə baxaraq oranın havasını udmuşam. Azərbaycanlıların ermənilər yaşayan dağılmış evlərinə daxil olub, həmin evlərdə azərbaycanlıların izlərinə rast gələcəyimə ümid edmişəm. Küçələri gəzərək hələ də divarlarda Azərbaycan dilində kiril əlifbası ilə elanları görürdüm. Şuşada olduğum bütün səfərlərimdə onun işğal altında boynunun büküldüyünü görürdüm.

 

Paata Zakareyşvili, Famil İsmayılov, Lorens Broers, Əvəz Həsənov və Mark Brent Qarabağda

 

Şuşa orada doğulanlar üçün çox əziz bir yerdir. Amma, orada olmayan və ona kitablar və xatirələr yolu ilə bələd olan insan üçün də çox əzəmətli bir yerdir. Şuşada mən 20 dəfə olmuşam. Oranın artıq keçmiş sakinləri ilə görüşürdüm, onların həmin şəhərin ruhunu hiss etmədiklərinin şahidi olurdum. Bəzən şəraitsiz bir yerə hökumətin onları zorla köçürdüklərindən şikayət edirdilər. Lakin, oranın real sakinlərinin həmin dağılmış və şəraitsiz yer üçün nə qədər həsrət çəkdiklərinin fərqində deyildilər. Onlara bunu başa salmağa çalışanda nə qədər reallıqdan uzaq olduqlarını görürdüm.

Bu gün Şuşa azad olunandan sonra insanların nə qədər sevinc hissi keçirdiyini görəndə bir daha həmin günlərimi yada salıram. Şuşanın sənin əlində olmadığını bilə-bilə onun küçələrində gəzməyin, suyundan çay içməyin  nə qədər ağır olduğunu təsəvvür etmək çox çətin idi.

 

– Sizi kənardan müşahidə edən adamların bir çoxu deyir ki, Əvəz Həsənov yaşına görə çox cavan görünür. Necə bilirsiniz bu daha çox nə ilə bağlı ola bilər. Nəzərə alsaq ki, uşaqlıq və gənclik illərində həyatınız heç də həmişə rəvan keçməyib. Elə təkcə rayonunuzun işğalı faktı kifayətdir ki, tam xoşbəxt olmadığınızı düşünəsiniz. Odur ki, bu möcüzənin əsas sirrini açmağınızı istərdik.

– Uşaqlıq illərim çox qayğılı və təbii olub. Kənddə yaşayan adamın sağlamlıq problemləri az olur. Çünki, insan daimi olaraq təbiətin qoynundadır, təmiz hava udur və orqanik yeməklər yeyir. Ola bilsin ki, məhz bu təbiilik xarakterim ilə yanaşı sağlamlığıma da təsir edib. İdman etməyə vaxtım olmur. Ciddi idman növlərini də bacarmıram. Əlimdən gələn ən yaxşı idman kompyuter arxasında oturub yazı yazmaq və fikirləşməkdən ibarətdir. Mənəvi cəhətdən əzablarımın çox olmasına baxmayaraq xoşbəxt həyatım olduğuna əminəm. Bir qədər sentimental insanam. Duyğulara çox önəm verirəm, ona görə də insanlara qarşı da çox diqqətliyəm.

İnsanı cavan saxlamağın əsas yollarından biri ətrafındakılara sevgi ilə yanaşmaqdan asılıdır. Özünü neqativ enerjilərdən qorumaq, neqativ düşüncələrdən uzaq olmaq, pislik etməmək, insanların haqqını yeməmək, ruhunu cavan saxlamaq, sevdiyin işlə məşğul olmaq, sevdiyin insanlarla birgə olmaq, səyahət etmək, daimi olaraq beynini məşğul etmək insanın cavan qalması üçün ən əsas qaydalardır.

Kərim Kərimli ilə

 

Əgər mən yuxarıda sadaladıqlarımdan bir neçəsini edə bilmişəmsə xoşbəxtəm. İnsan ən çətin vəziyyətdə belə özünü xoşbəxt saya bilirsə deməli onun yaşayışı asan olacaq. Mən başqa sirrlər bilmirəm.

 

– Çox sağ olun, Əvəz müəllim. Bunun bir sirrinidə biz əlavə edək. Siz çox gözəl danışır, fikrinizi lakonik, səlis və dəqiq ifadə edərək ürəyinizi rahatlıqla boşalda bilirsiniz. 50 illik yubileyinizdə birinci məhz bizim qonağımız olmağa razılıq verdiyinizə və gözəl və səmimi söhbətə görə bir daha minnətdarlığımızı bildiririk.

Dunya Myatoviçlə Bakıda keçirilən görüşdən

 

Ağdərə səfərindən

 

 

 

 

 



Xəbəri paylaş

1449 dəfə oxunub.

Digər xəbərlər