Saytımızı qiymətləndirin


 
 

“Heydər Əliyev siyasəti: Azərbaycanın dövlət-din modeli”
Tarix: 06-04-2023 | Saat: 14:52
Bölmə:Yazar | çapa göndər

 

        Hər bir xalqın, millətin ən böyük arzusu müstəqil azad və suveren olmaqdır. Bu gün hələ də bəzi xalqlar bundan məhrumdur. Bunu əldə etmək üçün mübarizə aparır, küçələrə və meydanlara çıxıb öz səslərini kiməsə eşitdirməyə çalışırlar. Onlar bilirlər ki, müstəqil olmayan bir millət heç vaxt daim ola bilməz. Onlar az bir vaxt sonra digər millətlərə qarışıb tarix səhnəsindən silinib yox olurlar. Hər bir müstəqil xalqın, onun müstəqilliyinin bərpa edilməsində əməyi danılmaz olan tarixi bir şəxsiyyəti mütləq vardır. Öz xalqına bu gözəlliyi yaşadan həmin şəxslər heç vaxt insanlar tərəfindən unudulmazlar. Onlar haqqında əsərlər, şeirlər yazılır, mahnılar bəstələnir, küçə və qəsəbələrə onların adları verilərək əbədiləşdirilillər.

        Vətənimiz Azərbaycan da 70 il Sovet əsarəti altında olmuşdur. Yurdumuzu müstəqil, azad halına salmaq isə Ulu Öndər Heydər Əliyevə qismət olmuşdur. Heydər Əliyev hələ Sovet dövründə təhlükəsizlik orqanlarında işləyəndə bilirdi ki, insanları zorla əsarət altında saxlayan bu rejim çox yaşamayacaqdır. Azərbaycan da öz istəyi ilə onun bir parçası olmamışdır. Xalqımıza qarşı olan soyqırımları, köləlik siyasətini və sərvətlərimizin necə talan olunmasından Ulu Öndərin xəbəri var idi. 30-cu illərdə repressiyaya məruz qalan ziyalılarımız və dindarlarımızdan yetəri qədər məlumatlı idi. Məhz buna görə hələ sovet dövründə işlədiyi vaxtda Azərbaycanın nə vaxtsa müstəqil olacağını bilirdi. Buna görə millətinin gələcəyi üçün hələ o vaxtlar çox işlər görmüşdü.

        Azərbaycan 90-cı illərin başında öz müstəqilliyinə qovuşdu. Ancaq bu müstəqillik onun üçün çox ağır oldu. Sovet rejimindən çıxan ölkəmizin vəziyyəti çox çətin idi. Demək olar ki, ölkə iqtisadiyyatı tamam çökmüş, hər tərəfdə hərci-mərcilik baş alıb gedirdi. İnsanların çoxu başçıya itaət etmirdi. Hakimiyyətdə olanlar isə şəxsi mənfəətlərinə görə idarəçiliyi düzgün qura bilmirdilər. Əhalinin demək olar ki, hamısı müflis vəziyyətdə yaşayırdı. Ən böyük təhlükə isə ölkəmizin torpaqları xain qonşularımız tərəfindən işğal olunması idi. Yenicə müstəqil olmuş Azərbaycan dövləti öz müstəqilliyini itirmək üzrə idi. Belə bir çətin vaxtda xalqımızın bir liderə ehtiyacı var idi. Bu güclü lider ölkəni düşdüyü xaosdan xilas edəcək, qardaş qırğınına son qoyacaq və ölkəni irəli apararaq inkişaf etmiş ölkələr sırasına yüksəldəcəkdir. Bu güclü  lider Ulu Öndər Heydər Əlirıza oğlu Əliyev oldu. İkinci dəfə siyasətə gəldikdən sonra bunların hər birinin etdiyinin canlı şahidləri olduq. Ölkəmizdə olan bütün ayrılıqları aradan qaldıraraq güclü Azərbaycan dövləti yaratdı.

        Azərbaycan dünyada olan çox nadir ölkələrdən biridir ki, burada çox millətlərin nümayəndələri yaşayırlar. Bu millətlərin nümayəndələri illər boyudur ki, öz adət-ənənələri fərqli olsa da bir qardaş kimi ölkəmizdə həyatlarını sürdürməkdədirlər. Bu xalqların bu gün belə yaşamalarının ən böyük səbəblərindən biri də Ulu Öndərimizin qurduğu düzgün siyasətin bəhrəsidir. Ölkəmiz yeni müstəqil olduğu vaxtlarda xarici düşmənlərin məkirli oyunlarına uyub ölkədə ayrı seçkiçilik salmaq, millət davasını qızışdıraraq qardaş qırğını salmaq istəyənlər oldu. Bunlar öz istəklərinə az da olsa nail ola bildilər. Belə ki, ölkəmizin müxtəlif bölgələrində müxtəlif millətlərə mənsub insanları qarşı-qarşıya qoydular. Ancaq Ulu Öndərin apatdığı düzgün siyasət nəticəsində düşmənlərimizin bu arzuları boğazlarında qaldı. Azərbaycan xalqı min illər olduğu kimi yenə də millətindən və dinindən asılı olmayaraq qardaş kimi mehriban yaşadılar.

        Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra onun qarşısında duran təhlükələrdən biri də dini ayrı seçkiliyin salınması idi. Azərbaycanın düşmənləri əhali arasında dini ayrı seçkiliyi qabartmaqla, yaxud yad dini təriqətləri insanlar arasında yaymaqla dövlətimizi təhlükə qarşısında qoymaq istəyirdilər. Yenə də düşmənlərin məkirli siyasəti baş tutmadı. Ulu Öndərin yürütdüyü siyasət nəticəsində Azərbaycan nəinki bölgədə, hətta dünyada multikulturalizm və torelantlığın mərkəzinə çevrildi. 

        Bu gün vətənimizdə dini mənsubiyyətdən və etiqadından asılı olmayaraq hər kəs sərbəst şəkildə həyat sürür. Ölkəmizdə yaşayan insanlar öz dini ayinlərini sərbəst şəkildə yaşaya, öz ibadət ocaqlarına sərbəst şəkildə toplaşa bilir və bayramlarını qeyd etməkdə heç bir çətinliklə üzləşmirlər. Bu gözəl davranışlarına görə demək olar ki, Azərbaycan dünya üçün bir nümunədir. Bunların hamısının banisi Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət-din siyasətinin nəticəsidir. Ulu Öndər dövlət-din münasibətlərini düzgün şəkildə nizamlamışdır.          

        Hakimiyyətə gəldiyi ilk illərdə İstanbulda keçirilən "Sülh və səbr" adlı Beynəlxalq tədbirdə Azərbaycanda yaşayan insanların dini, irqi, siyasi və dil baxımından heç bir ayrı seçkiliyə məruz qalmayacağı və onların hüquqlarının Azərbaycan Respublikası tərəfindən tam qorunacağını bildirmişdir. Bundan əlavə multikultural dəyərləri qorumaq üçün bir sıra maddələr ölkə Konstitusiyasına əlavə edilmişdir.

        Azərbaycan 90-cı illərdə müstəqilliyi əldə etdikdən sonra xalqımızın ən sevimli dini olan İslam dininə kütləvi şəkildə qayıtmağa  başlanıldı. Ölkənin hər bir yerində məscidlər açıldı, köhnələri təmir olundu. Məscid olmayan yerlərdə yeni məscidlər inşa edildi. Bu ibadət ocaqlarının açılışı Ulu Öndərin dinə və dindarlara olan böyük qayğısının nəticəsi idi. Azərbaycan Sovet rejimi tərkibində olarkən ateizm ölkənin hər yerində güclü şəkildə təbliğ edilmişdir. Gücün hesabına insanlara Allahsız olmaları dedizdirilirdi.  Zülm və Allahsızlıq üzərində qurulan bu imperiya uzun müddət yaşaya bilmədi və öz içindən dağılaraq tarixə qovuşdu. Uzun müddət öz dinimizdən ayrı düşmüş xalqımız, insanlar din olaraq onlara nə versələr onuda götürürdülər. Dinə qayıdış və dini yaşamaq gözəl bir  əməl olsa da, dini düzgün mənbədən götürməyəndə onun zərərləri çox olur. Ulu Öndər Heydər Əliyevin də dinlə bağlı qayğı və düşüncələri də bu yöndən olmuşdur. Ölkədə olan dini vəziyyəti daim nəzərdə saxlayır və dini məsələlərin həllinə diqqətlə yanaşırdı. Onun siyasi həyatında dinlə bağlı çıxışları və mühazirələri mühüm yer tuturdu. Hakimiyyətə gəldiyi ilk vaxtlarda bütün sahələrə diqqət yetirdiyi kimi dini sahəni də diqqətdən kənarda saxlamamışdır. Mütəmadi olaraq dindarlarla görüşlər keçirir və dini bayramlarda onları təbrik edirdi. 1993-cü ildə İslam Peyğəmbərinin mövlüdü günündə dindarlarla Təzə Pir məscidində görüşmüş və dindarlara gözəl nəsihətlər vermişdir. Həmin çıxışda İslam Peyğəmbərinin gətirdiyi islam dini və Qurani Kərim insanların həyatında necə gözəl dəyişikliklər etdiyini bildirmişdir. Həmçinin, millətimizin uzun müddət öz dinindən ayrı düşdüyünü və bunun nəticələrinin çox ağır olduğunu bildirmişdir. İnsanların bu şəkildə zorla dindən ayırmağın düzgün olmadığını və insanların dinə dönəndən necə xoşbəxt olduqlarını dilə gətirmişdir. Ulu Öndər 1994-cü ildə yenidən dindarlarla Təzə Pir məscidində görüşərkən islamın insanları necə təmizliyə, saflığa və ülvi mənəviyyata dəvət etdiyini, Qurani Kərimdə   insanları düzlük və mənəvi paklıq ruhunda tərbiyə etdiyini söyləmişdir. Bunların Azərbaycanın bu ağır günlərində xalqımızın həyatında böyük əhəmiyyəti olduğunu vurğulamışdır.

        Ulu Öndər Heydər Əliyev öz çıxışlarında dinin insan həyatı üçün nə qədər əhəmiyyətli olduğunu bildirirdi. İnsanları heç vaxt dininindən  ayrı salmağın doğru olmadığını vurğulayırdı. Məhz buna görə 1998-ci ildə, oktyabr ayında keçirilən "Müasirlik və dini-mənəvi dəyərlər" adlı beynəlxalq konfransda çıxış edən Ulu Öndər sovet dövründə dinə qarşı aparılmış çirkin siyasətin və onun acı nəticələrinin üzərində xeyli dayanmışdır. Bu çirkin siyasətin təkcə xalqımıza deyil,  bütün bəşəriyyətə  edildiyi qeyd edilmişdır. Ancaq islamın o qədər qüdrətə və gücə malik olduğunu, onu heç bir gücün və hökümətin yıxa bilməyəcəyini bildirmişdir. Həmçinin Bakıda keçirilən "İslam sivilzasiyası Qafqazda" adlı tədbirdə çıxış edərkən Azərbaycanlıların dinə necə bağlı olduqlarını, onlardan 70 il yox 170 ildə Allahsızlıq tələb edilsə də onları islamdan ayrımağın mümkün olmadığını vurğulamışdır.

        Ulu Öndər Heydər Əliyev insanların nəzdində müqəddəs olan siyasi yollara da çox diqqət yetirmişdir. Onların bərpasını aparmış, özüdə onları ziyarət etmişdir. 1998-ci ildə QMİ-də təşkil olunan " Müasirlik və dini-mənəvi dəyərlər" adlı beynəlxalq konfransda çıxışı zamanı "Bibiheybət" ziyarətgahından söz açmışdır. Oranı 1933-cü ildə dağıdıldığını, ancaq insanların ayaqlarının oradan kəsmək mümkün olmadığını bildirmişdir. Həmin ziyarəti bir çox xarici ölkədə yaşayan dindarlar tərəfindən də müqəddəs sayıldığını və oranı tez-tez ziyarət etdiyini bildirmişdir. Ulu Öndərin ən böyük ziyarəti isə bütün müsəlmanların qibləsi olan Kəbəni ziyarət etməsidir. Ulu Öndər orada ümrə ziyarətində olmuş, Allahın evi olan  Kəbəni təvaf etmiş, bütün müsəlmanların həsrətində olduğu Kəbəninin içinə ayaq basmışdır. Orada ibadət etmiş xalqı üçün çoxlu dualar etmişdir. Həmçinin, Mədinədə Peyğəmbərlər məscidində olmuş və orda olan xatirə kitabına bu sözləri yazmışdır: "Allahım şükürlər olsun  ki, uzun illər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı, Allahım böyüklüyünü dərk etdim".

 

 

Zaqatala rayonu Üçüncü Tala kənd

məscidinin imamı, dini icma sədri:                                       Hudul Dadalov

 

0(55)-677-70-36

0(50)-716-42-25



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər