Tarix: 25-12-2017 | Saat: 08:37
Bölmə:Manşet / Karusel / Dünya | çapa göndər
"Qarabaginfo" xəbər verir kiə. gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirəcək.
Yubileyə qədər Cümhuriyyətlə bağlı yazılacaq yazılar arasında Bakının qurtuluşu və qurtuluşun memarı olan Nuru Paşa, onun Qafqaz İslam Ordusu barəsində də yazılar təqdim edəcəyik. Çünki 28 May tarixi bizim üçün nə qədər önəmlidirsə, Bakının xilas olunduğu 15 sentyabr da (1918) o dərəcədə əhəmiyyətlidir. Odur ki, bu şanlı tarixi gün və onun səbəbkarları da unudulmamalıdır.
Bu dəfə Nuru Paşanın Azərbaycana gəldiyi zaman baş verən çox maraqlı bir faktı oxuculara təqdim edəcəyik.
Azərbaycan Cümhuriyyətinin böyük fədakarı Nağı bəy Şeyxzamanlının xatirələrində bu fakt çox təsirli əks olunub:
“Gəncədə mənə xəbər verdilər ki, Nuru Paşa Qarabağa çatmış bir gün sonra da Gəncədə olacaq. Mən dərhal ertəsi gün Yevlax stansiyasına hərəkət etdim. Yevlaxda bir saat gözlədik. Gəncədən gedən heyət Nuru paşanı Qarabağda qarşılamışdı. İzdihamlı bir süvari dəstəsi arasında Nuru Paşa Yevlax stansiyasına gəlib çatdı. Görüşməmiz zamanı Nuru Paşa “Görüşdüklərimdən hey səni soruşdum”,- dedi. Xalqımız Nuru paşanı çox təmtəraqla qarşıladı. Nuru Paşa ilə İstanbulda Heydərpaşa vağzalında ayrılmışdıq. Ondan sonra başıma gələnləri ona anlatdım. Nuru Paşa özü ilə bərabər gətirdiyi zabitləri, çavuşları və hərbi ştab rəisi polkovnik Nazim bəyi Bakı cəbhəsinə göndərdi. Batumdan göndərilən və Nuru Paşanın əmrinə veriləcək hərbi qüvvə ilə əvvəldən almanlarla anlaşmış olan gürcülər tərəfindən dəmiryolu ilə keçib Gəncəyə getməklərinə icazə verilirdi. Bu vəziyyət qarşısında Cəmil Cahid bəyin komandanlığında olan alay Qarsdan quru yolla Ermənistana, sonra Dilican üzərindən Qazax şəhərini ilə keçirərək Ağstafa vağzalına gəlib çatdılar və oradan da qatarla Gəncəyə gəldilər. Onları Gəncə xalqı çox təntənəli qarşıladı. Qarşılanına mərasimi aşağıdakı kimi olmuşdur: Gəncə xalqı şəhər meydanına toplaşmışdılar. Dövlət idarələri və məktəbləri həmin gün işləmirdi. Ona görə də müəllimlər dəstə halında öz yerlərini tutmuşdular. Müharibə illərində Türkiyənin ruslar tərəfindən işğal edilmiş Şərq vilayətlərindən Xeyriyyə Cəmiyyəti tərəfindən toplanaraq Azərbaycanın bir çox şəhərlərindəki uşaq evlərində saxlanan sahibsiz uşaqlardan dörd yaşından yuxarı olanlar da meydanda dəstə halında düzülmüşdülər”.
Həmin hadisə də o zaman baş verir. Meydanın ətrafını əhatə etmiş əhali sevincdən gözləri yaşarmış halda əsgərlərə baxırdılar. Uşaq evlərindən gəlmiş uşaqlar əsgərlərə yanaşaraq onlara sarılırlar və haralı olduqlarını bildirirlər. Əsgərlər uşaqların hər birisi ilə mehribanlıqla görüşür və əzizləyirlər. Bu zaman maraqlı bir hadisə olur. Əsgərlərlə görüşən uşaqlardan biri atasını tanıyır və ata-oğul sevincdən bir-birinə sarılaraq ağlayırdılar. Ətrafdakı minlərlə adam bu yaranmış vəziyyətə dözə bilməyib ağlayırdı. Onlar dərddən, qəmdən yox sevincdən ağlayırdılar.
Digər xəbərlər