Tarix: 06-01-2021 | Saat: 12:47
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Qarabağı işğaldan azad etməsi Niderland mətbuatında işıqlandırılıb.
Qarabaqinfo.az-in məlumatına görə, adıçəkilən ölkə KİV-i qaçqın komanda olan “Qarabağ”ın 27 ildən sonra evinə qayıtmasından yazıb.
Həmkarlarımız vurğulayıb ki, Qafqazın “Barselona”sı hazırda yararsız hala düşən stadionunda ev oyununu keçirməyi səbirsizliklə gözləyir. “Qarabağ”da futbolçu, məşqçi heyəti və rəsmilərinin bu yaxınlarda Ağdama ziyarət etdiyi qeyd olunan yazıda əslən bu şəhərdən olan məşqçi Müşfiq Hüseynova xüsusi yer ayrılıb. 51 yaşlı mütəxəssis hisslərini bölüşməyə çalışıb: “Doğma yurduma qayıdacağımı bildiyim an çox sevinirdim. O torpaqlara ayaq basdığım zaman hiss etdiklərimi dilə gətirə bilmirəm. Yenidən doğma torpağımda, “İmarət” stadionunda oldum”.
“Qarabağ”ın uğurlarının əsas memarı olan baş məşqçi Qurban Qurbanovun da fikirlərinə yer verilib. Təcrübəli çalışdırıcı oyunlarına az azarkeşin gəlməsini məhz qarabağlıların qaçqın həyatı yaşamaları ilə əlaqələndirib: “Ayaks”la eyni situasiyada olmaq istərdik. Orada rəhbərlik siyasətlə idmanın ayrı tutulmalı olduğunu deyə bilər. Ancaq bu, bizdə mümkün deyildi. Azarkeşlərimiz nə etsinlər? Əksəriyyəti Qarabağ işğal olandan bəri ölkənin müxtəlif yerlərində qaçqın kimi yaşayırlar. Ölkənin ən populyar klubu olmağımıza baxmayaraq, bu səbəbdən Bakıda keçirilən matçlarımızda tribunalarda 3000-dən çox tərəfdarımız olmur”.
Qeyd edək ki, “Qarabağ” ardıcıl 7 mövsümdür Premyer Liqanın qalibi olur.
Digər xəbərlər