Tarix: 12-06-2024 | Saat: 13:50
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Yol hərəkəti sahəsində bəzi cərimələrin artırılması və bəzi yeni cərimələr müəyyən edilməsi ilə bağlı layihə barədə məlumatlar yayılır. Layihələr hələlik ortada olmasa da, söhbətin rəsmi olduğu şübhə doğurmur... Bu sahədə sonuncu dəfə 2023-cü ilin iyulunda, yəni 1 il bundan əvvəl bəzi cərimələr artırılmışdı. Cərimələrin belə tez-tez artırılması heç də yaxşı hal deyil...”.
Qarabaqinfo.az-ın məlumatına görə, bu fikirləri yol hərəkəti məsələləri üzrə tanınmış, hüquqşünas Ərşad Hüseynov deyib.
“Əsas hədəf tam hüquqi müəyyənliyin və bundan sonra məsuliyyətin labüdlüyünün təmin edilməsi, insanlarda yüksək hüquq mədəniyyəti və məsuliyyətli davranış tərzinin formalaşdırılması olmalıdır.
Artırılan cərimələrin bəziləri hazırda 10 manatdır. Bunun artırılmasını (20 manat olacağı deyilir) başa düşmək olar. Amma ötən il 60 manatdan 80 manata qaldırılan cərimənin bir il sonra 100 manata qaldırılmasını iqtisadi və hüquqi olaraq əsaslandırmaq mümkün deyil...
Yaxud sürücülük hüququ olmadan idarə etmənin cəriməsinin 100 manatdan 200 manata qaldırılacağı deyilir. Maraqlıdır, görəsən kimlər 100 manata əhəmiyyətsiz baxırlar ki, belələrini bu xətadan çəkindirmək üçün bu cəriməni 2 dəfə artırmaq zərurəti var?..
Bəzi cərimələrin tətbiqindəki qeyri-müəyyənliyi və mübahisələri aradan qaldırmaq üçün yol hərəkəti qaydalarında da ciddi dəyişikliklərə ehtiyac var.
Layihə əlimizə düşəndə daha detallarını izah edərik”, - Ə.Hüseynov bildirib.
Xatırladaq ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub.
Bu dəyişikliklərdə aşağıdakı cərimələr nəzərdə tutulub:
- Avtobus və velosiped zolağına çıxan maşınlar 100 manat cərimə ediləcək - hazırda 40 manatdır.
- Qanunsuz parklanma yeri yaradanlar 2 min manat cərimə olunacaq.
- Parklanma yerində pul ödəmədən gedənlər məsuliyyətə cəlb olunacaq - əvvəl 10 manat cərimə edilirdi.
- Xidməti parklanma yerində maşın saxlayanlar 40 manat cərimə olunacaq.
- Çəkisi 3.5 tondan çox olan avtomobillər parklanmaya görə 20 manat cərimə olunacaq - əvvəl 10 manat idi.
- Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimələr 6 dəfə artırılaraq 60 manata qaldırılır - əvvəl 10 manat idi.
- Parklanma zamanı digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradanlar 20 manat cərimələnəcək - əvvəl 10 manat idi.
- Velosipedini parklanma yerindən kənarda saxlayanlar 10 manat cərimələnəcək.
- Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə 200 manat cərimə tətbiq olunacaq - əvvəl 100 manat idi, hadisə təkrar törədilərsə 400 manat cərimə olunacaq - əvvəl 300 manat idi.
Digər xəbərlər