Tarix: 10-09-2020 | Saat: 18:14
Bölmə:Karusel / Siyasət | çapa göndər
Gürcüstan parlamenti iyulun 17-də Elektron Rabitə Qanununda Gürcüstanın Milli Kommunikasiya Komissiyasına (GMKK) telekommunikasiya şirkətləri üçün “xüsusi menecerlər” təyin etməyə imkan verən dəyişiklikləri təsdiqləyib. Qanunvericiliyə edilən düzəlişlərin, Gürcüstanın “Caucasus Online” telekommunikasiya şirkətinin səhmlərinin hamısını Birləşmiş Krallıq, ABŞ, Ukrayna, Qazaxıstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri kimi bir sıra ölkələrdə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupu NEQSOL Holdinqə satılmasına mane olmaq istəyindən qaynaqlandığı qəbul edilir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə jurnalist Giorgi Menabdenin “Eurasia Daily Monitor” nəşrində yayımladığı məqaləsində qeyd olunub. Bildirilib ki, NEQSOL Holdinqin səhmlərini almaq istədiyi “Caucasus Online” şirkətinin ən vacib fiziki aktivi Avropadan Cənubi Qafqaza və Xəzər hövzəsinə internet trafiki birbaşa ötürən 1200 km uzunluğunda fiber optik kabellə təchiz olunmuş Qafqaz Kabel Sistemidir.
Ötən il uzun sürən danışıqlardan sonra “Caucasus Online” şirkətinin rəhbəri Xviça Makatsaria şirkət səhmlərini NEQSOL Holdingə satmağa razı olub. Müqavilənin maddi dəyəri bilinməsə də bu razılaşma GMKK tərəfindən sərt şəkildə tənqid olunub. GMKK rəhbəri Kaxa Bekauri sövdələşmənin komissiya tərəfindən əvvəlcədən təsdiqlənmədiyini, buna görə qanunsuz olduğunu və ləğv edilməli olduğunu bildirib. 17 oktyabr 2019-cu il tarixində GMKK satılmış hissələrin köhnə sahiblərinə qaytarılmasını tələb edib.
2019-cu ilin sonundan etibarən isə “Caucasus Online” şirkəti komissiya tərəfindən altı dəfə, ümumilikdə isə təxminən 300.000 dollar məbləğində cərimələnib. Bildirilib ki, maliyyə sanksiyalarından əlavə GMKK inzibati tədbirlərə müraciət etmək istəyir. Qeyd edildiyi kimi, Elektron Rabitə Qanununa edilən son dəyişikliklər komissiyaya şirkətin fəaliyyətinə effektiv şəkildə maneə olaraq “xüsusi menecer” təyin etməyə imkan verir.
Bu qərar Gürcüstan və Azərbaycandan keçən müasir fiber-optik şəbəkə vasitəsilə Avropa və Asiya bazarlarını birləşdirən beynəlxalq “rəqəmsal telekommunikasiya dəhlizi”nin inkişafını dəstəkləyən Gürcüstanın Qərb tərəfdaşları tərəfindən çaşqınlıq, təəccüb və tənqidlərə səbəb olub.
Planlaşdırılan telekommunikasiya dəhlizinin Qara dəniz və Xəzər bölgələrində yaşayan milyonlarla insanın internetə və rəqəmsal xidmətlərə çıxışını yaxşılaşdıracağı gözlənilir.
Keçmiş amerikalı diplomat və Cənubi Qafqaz üzrə tanınmış ekspert Metyu Brayza Gürcüstan mətbuatına verdiyi müsahibədə Avro-Asiya fiber-optik dəhlizi layihəsi ilə əlaqədar Tbilisi rəhbərliyinin mövqeyindən məyus olduğunu bildirib.
“Gürcüstanın rəqəmsal mərkəz layihəsində iştirak etməməsi üzücüdür. Bu layihə Asiyadan Gürcüstana keçərək Avropaya gedən “rəqəmsal ipək yolu” nun bir hissəsidir. Təşəbbüsün məqsədi Avropada Hamburqundan Çində Şanxayına qədər fiber optik kabellər şəbəkəsi yaratmaqdır və bu dəhlizin ən vacib hissəsinin “Caucasus Online”a məxsus magistral fiber-optik kabel xəttidir”,- deyə eks-səfir bildirib.
Brayza qeyd edib ki, Cənubi Qafqazdakı telekommunikasiya dəhlizləri sisteminə yeganə alternativ Rusiya olacaq ki, bu da Tbilisi ilə Moskva arasındakı çətin münasibətlər səbəbindən Gürcüstanı layihədən kənar qoyacaq: “Layihə həmçinin kontent təminatçıları üçün (məsələn, Netflix, Amazon, Google və s.) Tiflisdə data mərkəzini da ehtiva edəcək. Məlumatların istehlakçılara daha yaxın olacağı üçün, gecikmələr azaldılacaq və daha az yüklənmə vaxtı, daha sürətli və daha yaxşı internet xidməti ilə nəticələnəcək”.
Gürcüstan Milli Kommunikasiya Komissiyasının rəhbəri Kaxa Bekauri
Kaxa Bekaurinin özü də daxil olmaqla, Gürcüstan hökumətinin heç bir üzvü Azərbaycan şirkətinin Gürcüstan telekommunikasiya bazarına daxil olması ilə bağlı hakimiyyətin etirazlarını heç vaxt izah etməyib.
Bu məqamda müəllif sözlərinə belə davam edib: “Həqiqətən də müxtəlif Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatının digər vacib sahələrində, xüsusən də milli təhlükəsizlik üçün informasiya texnologiyalarından az vacib olmayan enerji sektorunda fəaliyyət göstərirlər”.
“Caucasus Online”ın keçmiş sahibi Mamiya Sanadiradze hökumətyönümlü “Imedinews" nəşrinə verdiyi müsahibədə böyük bir Azərbaycan şirkətinin Avro-Asiya kabelinin Gürcüstan hissəsini nəzarətə götürəcəyi təqdirdə Azərbaycanın Tbilisidə deyil, Bakıda telekommunikasiya qovşağı yaratmağa çalışacağını bildirib. Bu halda, onun fikrincə, Gürcüstan regional telekommunikasiya sistemindəki strateji mövqeyini itirəcək.
“Əminəm ki, NEQSOL nəhəng qlobal şirkətləri - “Netflix”, “Amazon” və “Google”u Bakıya dəvət edəcək, nəticədə Gürcüstan dalana dönəcək və Avropa ilə Asiya arasında körpü rolunu oynamayacaq. Hazırda Azərbaycan daxili telekommunikasiya infrastrukturunu modernləşdirmək və ölkəni qabaqcıl regional internet təminatçısına çevirmək məqsədi daşıyan geniş miqyaslı “Azərbaycan Rəqəmsal Qovşağı” proqramını həyata keçirir. Buna baxmayaraq, müstəqil gürcü mütəxəssislər bazar iqtisadiyyatı və sərbəst rəqabət prinsiplərinə sadiq qalmağın tərəfdarıdırlar”, - deyə Sanadiradze qeyd edib.
“Bu prinsiplər rəqabət mühiti yaratmaq və ən yeni texnologiyaların inkişafı üçün xüsusilə vacibdir” , - deyə iqtisadi ekspert Paata Şeşelidze bildirib. “Qafqazinfo”
Digər xəbərlər