Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda elm və təhsil telekanalı yaradılsın! - TƏKLİFLƏR
Tarix: 26-04-2023 | Saat: 10:57
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Elm və təhsilin inkişafı, bu sahədə olan neqativ halların aradan qaldırılması, cəmiyyətin ənənəvi təhsil sisteminə baxışının dəyişməsi üçün maarifləndirmə tədbirləri önəmli rola malikdir. Bu işdə medianın, xüsusilə də telekanalların üzərinə böyük məsuliyyət düşür. Lakin biz görürük ki, yerli telekanallar əsasən əyləncə və reytinq gətirən digər yüngül mövzulara daha çox üstünlük verirlər, nəinki təhsilə…

 

Hazırkı reallığı nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanda İdman, Mədəniyyət TV ilə yanaşı, təhsillə bağlı xüsusi telekanalın yaradılmasına ehtiyac var. 

 

Bəs, belə bir televiziya kanalı açıla bilərmi?

 

Mövzu ilə bağlı Qarabaqinfo.az-a danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev elm və təhsilə aid televiziyanın açılmasını zəruri hesab etdiyini bildirib.

 

“Düşünürəm ki, belə televiziya kanalının açılması çox faydalı ola bilər. Dünyada elm və təhsilin ən böyük təbliğatçısı televiziyalardır. Yəni Mədəniyyət kanalı varsa, elm və təhsil kanalı da olmalıdır. Elm və təhsil televiziyasının açılması zəruridir. Çünki dünyada bütün elm sahələrində: dəqiq elmlərdə, təbiət elmlərində, humanitar elmlərdə elə proseslər gedir ki, bizim ictimaiyyət ondan məlumatsız qalır. Bu yaxşı hal deyil. Mən bunu yaxşı dəyərləndirmirəm. Ümumi məlumatlarla bağlı cəmiyyətə informasiya vermək, onları maarifləndirmək lazımdır. Digər tərəfdən COVID virusu ilə bağlı informasiya çatışmazlığı səbəbindən nə qədər insan həlak olub. Çünki onların xəstəliklə bağlı məlumatları yox idi. Tibb televiziyası da bunun öhdəsindən gələ bilmirdi. Bu televiziya kanalı vasitəsilə biz süni intellekt sahəsində, çevik təhlükəsizlik sahəsində, dəqiq elmlər sahəsində, həmçinin iqlim dəyişikliyi barədə söhbətlər apara bilərik. Bu olduqca vacibdir. Buna görə mən xüsusi televiziya kanalının açılmasını zəruri hesab edirəm”, - deputat vurğulayıb.

 

 

Təhsil eksperti Namiq Hacıheydərli elm və təhsillə bağlı televiziya kanalının açılmasının alqışalayiq addım olduğunu bildirib.

 

“Əlbəttə, belə kanalın açılması faydalı olar. Azərbaycanda bir çox telekanal fəaliyyət göstərir. Ancaq bəzən şahid oluruq ki, televiziya kanallarımıza dini təbliğat adı ilə dırnaqarası mütəxəssislər dəvət olunur və onlar da dini dəyərlər adı altında mövhumatı və xurafatı təbliğ edirlər. Açılmasını düşündüyünüz elm və təhsil kanalında da eyni vəziyyət təkrar olunacaqsa, bu xeyirdən daha çox ziyan gətirəcək. Lakin belə kanalın başında gerçək elm adamları, təhsilin, tərbiyənin, maarifçiliyin nə demək olduğunu bilən aydınlar olacaqsa, əlbəttə, bu, həm dövlətimiz, həm də cəmiyyətimiz üçün faydalı ola bilər. Belə bir kanalın açılması alqışalayiq addım olar”, - ekspert vurğulayıb.

 

 

Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu hesab edir ki, təhsillə bağlı televiziya kanalının açılmasının yalnız müsbət təsiri ola bilər.

 

“Fikrimcə, bu cür televiziya kanalının açılması çox gözəl olardı. Ümumiyyətlə, müxtəlif ölkələrdə belə kanallar fəaliyyət göstərir. Tədrislə, müxtəlif təlimlərlə, elmi yeniliklərlə bağlı fəaliyyət göstərən çox maraqlı kanallar var. Onu da qeyd edim ki, həmin kanalların çox böyük izləyici kütləsi olur. Bunun bir çox müsbət tərəfi var. Birincisi, biz bu kanal vasitəsilə elmdə və təhsildə baş verən yenilikləri təbliğ edə bilərik. Burada yenilik dedikdə yalnız Azərbaycanla bağlı olan məqamları deyil, ümumiyyətlə, dünyada gedən prosesləri nəzərdə tuturam. İkinci müsbət tərəfi isə odur ki, maarifləndirmə işini düzgün təşkil edə bilərik.

 

Məsələn, pandemiya dönəmində biz bunun əyani şəkildə şahidi ola bildik. Düzdür, adaptasiya prosesi rahat və sürətli oldu. Amma müəyyən çətinliklərlə üzləşdik. Əlbəttə, çətinliklərin olması təbiidir. Lakin əgər belə bir kanal mövcud olsaydı, elm və təhsillə bağlı məqamlara daha çevik, adekvat reaksiya vermək olardı. Üçüncü məqam isə beynəlxalq jurnalistikada faktiki olaraq praktikanın və kanalların olmasıdır. Biz çox rahatlıqla o kanalların təcrübəsindən istifadə edə bilərik”.

 

V.Zifəroğlu, həmçinin təhsil kanalında nələrin yayımlanması ilə bağlı təkliflər verib:

 

“Elm və təhsil kanalı dedikdə sutkanın 24 saatı təkcə dərslərin keçirilməsini nəzərdə tutmuram. Bu kanal rəngarəng olmalıdır ki, auditoriyası geniş olsun. Burada dərslər də olacaq, gəncləri, bizim kiçik fidanlarımızı maraqlandıran yarış tipli verilişlər, elm və təhsillə bağlı tok-şoular, müxtəlif ailə proqramları, sənədli filmlər və müəllif proqramları ola bilər. Elm istiqamətində bir sıra kanallar var ki, onların da müəyyən təcrübələrini burada istifadə etmək olar. Bütövlükdə bu tipli kanalın açılmasının çox yaxşı olacağını düşünürəm”.



Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər
20-03-2022, 22:33 Ağdamda Novruz konserti