Tarix: 09-11-2022 | Saat: 20:17
Bölmə:Karusel / Manşet | çapa göndər
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti, 1988-ci ildə başlayan xalq hərəkatının fəal iştirakçılarından olmuş Sabit Bağırov 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar maraqlı bir tarixçədən bəhs edib.
Qarabaginfo.az-ın məlumatına görə, S.Bağırov ilk milli bayrağın hazırlanmasında ailəsinin də xidmətləri olduğunu bildirib.
Onun sözlərinə görə, 1988-ci ildə ilk milli bayrağı tikmək həyat yoldaşım Südabə xanıma nəsib olub:
“Çox düşündükdən və övladlarımın razılığını aldıqdan sonra mərhum həyat yoldaşım Südabə xanımın xidmətindən bəhs etmək istədim. 1988-ci ilin noyabr mitinqlərinin ilk günləri idi. Axşam saatlarında dostlarım Nəsib Nəsibli və Salman Daşdəmirovla Azadlıq meydanında gəzişirdik. Qarşımıza əlində milli bayrağımızın vərəqdə çəkilmiş şəkli olan bir gənc çıxdı. Nəsib bəy dedi ki, nə yaxşı olardı bu bayraq böyük ölçüdə mitinqdə qaldırılardı. Bildirdim ki, həyat yoldaşım tikə bilər.
Qərara gəldik ki, parça tapaq. Yollandıq Bakı Univermağına və oradan dörd rəngdə parça aldıq: mavi, yaşıl, qırmızı və ağ. O zaman evimiz 9-cu mikrorayonda idi. Evə çatan kimi, başladıq işə. Təxmini ölçüləri müəyyənləşdirdik və Südabə xanım tikməyə başladı.
Ən çətini aypara ilə ulduzu ağ parça üzərində çəkib çıxarmaq idi. Südabə xanım bunu da bacardı və beləliklə, geçə 1-2 radələrində bayrağımız hazır oldu. Səhər dostlarım Nəsib Nəsibli və Şamil Əliyevlə bayrağı çatdırdıq Azadlıq meydanına. Nəsib bəy həmin bayrağı tribunaya ötürdü. Onu dərhal açıb dalğalandırdılar, lakin çox çəkmədi ki, kimsə yığışdırdı. Görünür tribunada kimlərisə narahat etmişdi.
Aldığımız parçadan hələ qalırdı. Növbəti günlərdə daha iki və ya üç bayraq tikilib Azadlıq Meydanına gətirildi. İndi bilmirəm o bayraqlar kimlərdəsə saxlanırmı?”.
Sabit Bağırovla birgə ilk milli bayrağın hazırlanmasında iştirak etmiş sabiq deputat Nəsib Nəsibli də həmin hadisə ilə bağlı xatirəsini bölüşüb:
“Bir neçə detal da mən əlavə edim: Əlində kağız parçası olan həmin gəncin (biz də gənc idik) çəkdiyi şəkil yanlış idi. Üçrəngli idi, amma indiki mavi, qırmızı və yaşıl düzülüşlü deyildi. Bu tip yanlış versiyalar o vaxt meydanda dolaşmaqda idi.
Əslində bu yanlışlıq bayraq düzəltmək istəyimizə təkan verdi. Neçə gün idi ki, bu işin tez-gecliyini müzakirə edirdik. İkincisi, həmin axşam xeyli müzakirə etdik: rənglərin düzülüşü necə olmalıdır? “Adres-Kalendar”da sıralama yaşıl-qırmızı-mavi şəklində idi. Amma klassiklərimizin əsərlərinə və məşhur milli düstura görə sıralamanı mavi-qırmızı-yaşıl şəklinə saldıq.
İlk bayraqda ay-ulduz xeyli böyük idi, üç rəngin üçünün də üstünə çıxırdı. Sonralar Ali Sovetin rəhbərliyində rəsmi eskizin müzakirələri zamanı sədrin müşaviri Tofiq Bağırovun təklifi ilə ay-ulduz kiçildildi.
İlk bayraq hazır olanda çox həyəcanlanmışdıq. Siqaret çəkmək bəhanəsi ilə balkona çıxıb ağlamışdım da...”.
Digər xəbərlər