Səhhətində problem yaranan gəmi kapitanının köməkçisi dənizdən təxliyə edilib.

Bu barədə Qarabaginfo.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprelin 6-sı saat 00:20 radələrində Dövlət Dəniz və Liman Agentliyinin növbətçi operatoru və Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Lənkəran reydindən Salyan reydi istiqamətində hərəkətdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Əlif Hacıyev” elmi-tədqiqat gəmisinin kapitanının 3-cü köməkçisi 1992-ci il təvəllüdlü Hüseynov Ramazan Seyfi oğlunun səhhətinin qəflətən pisləşməsi barədə məlumat daxil olub.

Qısa müddət ərzində həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticə­sində “Astara” reydində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinin itisürətli qayığı tərəfindən Salyan şəhər Təcili Tibbi Yar­dım Stansiyasının həkimi qeyd olunan əraziyə çatdırılıb.

İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxsin həkim nəzarəti altında DSX Sahil Mühafizəsinin gəmisinə keçirilməsi və sahilə təxliyəsi təmin olunub.