Saytımızı qiymətləndirin


 
 

Üçüncü imperiyanın iflası
Tarix: 19-08-2021 | Saat: 19:18
Bölmə:Karusel / Dünya / Yazar | çapa göndər

 

Britaniya imperiyasının Əfqanıstanda iflasını məlum səbəblərdən görə bilməmişəm, ancaq Sovet İttifaqının dağılması və ABŞ-ın Əfqanıstandan qaçışı gözlərim önündə baş verdi... Alimlər və politoloqlar artıq bu ölkəni “imperiyaların qəbirqazanı”  adlandırırlar, onlarla razılaşmaq olar, ancaq qismən.  Niyə?  Çünki, Əfqanıstan sadəcə qeyd olunan ölkələrdə çoxdan başlayan və ya davam edən prosesləri sürətləndirən tətikdir.

Bir vaxtlar bu plakat əfqan xalqının Amerika imperializminə qarşı mübarizəsini simvolizə edirdi. İndi 40 il sonra bu plakat heç vaxt olmadığı qədər aktualdır

 

Oğurluq və ədalət

1996-cı ildən 2001-ci ilə qədər bütün bəşəriyyəti öz radikallığı ilə dəhşətə gətirmiş “Taliban” təşkilatının bir neçə gün ərzində, praktik olaraq müqavimətsiz bütün Əfqanıstanı ələ keçirməsi hamıya qəribə gəlir.

Hətta prezident Co Bayden öz müraciətində Vaşinqtonun yaratdığı ordunun da, əfqan hökumətinin də, xalqın da taliblərə ciddi müqavimət göstərmədiyini dəfələrlə vurğulayır.

Necə oldu ki, azadlığı dadan, dünyanın ən yaxşı universitetlərində təhsil alan, demokratiya arzulayan və bu dəyərlərin müdafiəsi üçün zəruri hər şeyə malik olan insanlar özlərini bu cür asanlıqla və müqavimətsiz cəhalətin və terrorun ixtiyarına verdilər?  Niyə 300 minlik ordu bir güllə də atmadan silahları taliblərin nisbətən böyük olmayan qruplaşmasının qarşısında yerə qoydu.  Bu sualların cavabları sadə deyil, ancaq onları tapmaq və səsləndirmək gərəkdir!

Əfqanıstanda baş verənlər təkcə taliblərin qələbəsi yox,  daha çox  amerikanların yaratdığı nifrət doğuran, rüşvətxor və marionet rejimin dağılmasına, məhvinə, çöküşünə xalqın sükutla razılığıdır.

Əfqan yoxsulluğu sosial yönümlü terrorçuluğun başlıca sifarişçisidir

 

Məgər hakimiyyətə gəldikləri ilk günlərdə mətbuat konfranslarında taliblərin daha çox nədən danışdıqları sizi təəccübləndirmir? Onlar islamdan, şəriət qanunlarından yox, cəmiyyətdə sosial ədalətdən danışırlar. Məhz ədalət onların əsas diqqət mövzusuna çevrilib və bu, təsadüfi deyil.  Əfqanıstanda ən çox məhz əlahəzrət ədalət çatışmırdı,  milyonlarla yoxsul əfqan onu əbəs öz hakimiyyətlərində axtarır və tapmırdı, Tanrıya dualarında ədalət diləyirdilər.

Təəssüf, əfqan hakimiyyəti 20 il boyunca demokratiya, insan haqları və qanunun aliliyi kimi dəyərlərdən pərdə kimi yararlandı və bu pərdədən terrorla mübarizə bayrağı altında həm Əfqanıstanın sərvətlərini, həm də ABŞ və müttəfiqlərinin büdcəsini banal şəkildə oğurlamaq üçün istifadə etdi.  Ölkəsini taleyin ixtiyarına buraxaraq qaçan və bu vaxt, şahidlərin sözlərinə görə, özü ilə 160 milyon dolları da aparan prezident Qəninin videokadrları buna təsdiqdir.

Əfqansayağı ictimai müqavilə

İndi isə əsas suala keçirik:  total korrupsiyaya bulaşmış Əfqanıstan hakimiyyəti antiterror koalisiyasının daxilindəki nüfuzlu dairələrin himayədarlığı olmadan əhamiyyətli siyasi gücə çevrilə bilərdimi? Əlbəttə, yox.  Təsadüfi deyil ki, bu gün ABŞ-da da, Avropa paytaxtlarında da Əfqanıstandakı terror əleyhinə əməliyyatın maliyyələşdirilməsi prosesini araşdırmağa çağıran səslər get-gedə daha ucadan eşidilir.  Həmin  nüfuzlu güclərin fəaliyyəti korrupsiyalaşmanın xüsusi siyasi növüdür;  rüşvətə və xəraca əsaslanan banal və sadə yox, “sivil”, “mədəni” korrupsiyadır.

Bu növ korrupsiya İkinci dünya müharibəsindən sonra təşəkkül tapıb və kollektiv Qərbin maraqlarının lobbiçiləri tərəfindən beynəlxalq praktikada geniş tətbiq olunmağa başlayıb. Bu növ korrupsiyanın əsasında maddi yox,  mənəvi, ümumbəşəri dəyərlərin “satış”ı dayanır və bu alveri “özəlləşdirən” demokratiya işbazları həmin dəyərləri dünyaya istisnasız olaraq özlərinin Avropa sivilizasiyasının meyvələri kimi təqdim edirlər.

Bəli, səhv eşitmədiz və mən də təsvirdə yanlışa yol vermədim.  Bu, demokratiyanın ali dəyərlərinin, insan haqlarının, qanunun aliliyinin, tolerantlığın və digərlərinin qeyri-legitim tətbiqinə, qanunsuz tirajlanmasına, məqsədsiz və qeyri-adekvat istifadəsinə hüququn satılması üzərində qurulan korrupsiyadır...  Bu, yolunu azmış, öz xalqlarını unutmuş və kollektiv Qərbin maraqlarını həyata keçirən rejimlər üçün “demokratik indulgensiya”dır. Onun vasitəsilə tam qeyri-adekvat və mütləq korrupsioner rejimlərə demokratik yarlık yapışdırılır.

Korrupsiya çöküşün əsas səbəbidir

Bu məqsədlə bütün vasitələrdən istifadə olunur; həm dövlət, həm də qeyri-hökumət.  Ordu və donanma, kəşfiyyat və xüsusi əməliyyatlar, QHT və müxtəlif ictimai birliklər, beynəlxalq təşkilatlar, KİV, internet, hətta süni intellekt.  Bu strukturlara milyardlarla və hətta trilyonlarla dollar ayrılır.

Əfqanıstanda da belə oldu - ölkəyə ayrılan bütün pulların böyük və əsas hissəsi sadə əfqanlara gedib çatmırdı.  Mehmanxana xərcləri və saysız-hesabsız aviabiletlər, saxta təhlükəsizlik üçün nəhəng məvacib və bonuslar qrant və subsidiyalar şəklində yuxarıda sadalanan strukturların nümayəndələrinin ciblərində qalırdı.

 

"Korrupsiyalaşmış demokratiya" modelinin nəticələri Əfqanıstan üçün faciəvi oldu

 

 

Hakimiyyət narazılıq etməsin və əfqanların onların yoxsul vəziyyətindən yararlanaraq varlanan strukturlara etiraz etməsinə imkan verməsin deyə, yerli hakimiyyətlərə oğurlamağa, rüşvət almağa, onların davranış və qazanclarına göz yummağa “icazə verilmişdi”. Bu, bütün idarəçilik aparatını sözəbaxan və idarə olunan, ancaq xalqın və qitənin nəzərində nifrətəlayiq edirdi.

Yerli hakimiyyətə icazə verdilər ki, oğurlasın

 

Beləliklə, terrorla mübarizə görüntüsü altında yüz milyonlarla və milyardlarla dollar qrant şəklində sözdə seçkilərə, treninqlərə, yalançı təhsil proqramlarına xərclənirdi …  Yoxsul əfqanların gözü qarşısında zavod və fabriklər, xəstəxanalar və məktəblər yox, bar və restoranlar, dəbdəbəli mağaza və mehmanxanalar, saraylar və villalar tikilir, yoxsul insanlara çox böyük ağrı bəxş edərək onlarda ədalətli hiddət yaradırdı.

Bədbəxtlikdən, əfqan xalqının seçim alternativi yox idi, belə ki, ölkəni 1996-2001-ci illərdə idarə etmiş Taliban rejimi qadınları daşqalaq etmək, məktəbləri bağlamaq, baş və əl kəsmək, qəddarlığına görə ağlagəlməz digər cinayətlər törətməklə öz mahiyyətini əyani göstərmişdi.

Əfqanlar bir tərəfdən görülməmiş sosial ədalətsizlik və hakimiyyətin xalqı çıxılmaz vəziyyətə salmış korrupsiyası, digər tərəfdən isə fanatik başkəsənlərlə üz-üzə qalmışdılar. Əfqan xalqı bu iki şərin arasından Talibanı seçdi.

Dəhşətli sosial ədalətsizliyin nəticəsi olan ümidsizlik, talesizlik, yoxsulluq islam əmirliyi uğrunda mübarizənin bayrağının təkcə şəhadəti əks etdirdiyini yox, həm də sosial ədalət və bütün xalqın bərabərliyi simvolu ola biləcəyini anlayan Taliban üçün əsas dəlilə çevrildi.

Tarixdə dəfələrlə olduğu kimi, hegemonun siyasəti onun özünü də məhv etdi! Kollektiv Qərb təkcə xalq üçün nəzərdə tutulan vəsaitləri oğurlayan marionet rejim yaratmaqla yox, həm də ABş və müttəfiqlərinin milyardlarla mənasız xərclərinə göz yummaqla nəticədə “yeni sosial yönümlü” Taliban yaratdı. Tarixdə indəyədək bu cür olmamışdı; terror təşkilatı öz məqsədlərinə çatmaq üçün dövlət səviyyəsində ədalət və demokratiyanın ən güclü apologetinin - kollektiv Qərbin cəmiyyətdə yaratdığı sosial ədalətsizlikdən yararlandı.

Və Talibanın “İslam naminə işğalçılardan azad olmaq!” şüarı ilə “Ədalət naminə işğalçılardan azad olmaq” şüarı birləşən kimi bütün dünyada terrorçu sayılan təşkilatın qarşısında Əfqanıstanın qapıları öz-özünə taybatay açıldı.

"Taliban"ı korlanmış "Amerika demokratiyası" ilə mübarizəyə xalq çağırdı

 

Və heç bir kəşfiyyat - amerikanların, britaniyalıların, yaxud almanların olsun - anlaya bilmədi ki, onların acgözlüklə örtülmüş hiyləgər sxemləri əfqan xalqı tərəfindən ifşa olundu.  Kollektiv Qərbin geridəqalmış saydığı xalq bir neçə gün ərzində talibləri hakimiyyətə gətirərək dünyanın ən yüksək texnologiyalı və ən güclü ölkəsini torpaqlarından qovdu, bununla da Qərb demokratratiyasının missionerlərinin əsl simasını nümayiş etdirdi.

İndi isə onu işğal və ya istifadə etmək qərarına gələnlərin səhvini lakmus kağızı kimi əks etdirən Əfqanıstanla bağlı məqalənin əvvəlindəki suala dönək.

ABŞ Əfqanıstanda baş verənlərdən şok yaşadı, ancaq tezliklə onlar ABŞ-ın özündə baş verəcəklərdən şok keçirməyə başlayacaqlar. Niyə?  Ona görə ki, hələ 1990-cı illərdə Şərqi Avropada, sonra keçmiş Sovet İttifaqı ölkələrində, ardınca isə İraq, Liviya, Suriya və indi də Əfqanıstanda işlənib hazırlanmış dəyərlərin “satış”ı mexanizmi ABŞ-ın özündə də çoxdan tətbiq olunur.

Buna misallar çoxdur, ancaq ən parlaq misal seçkilərdir.  Heç kəsə sirr deyil ki, bu ölkədə konqresmenlərin, senatorların və prezidentlərin seçilməsinə ayrılan milyardlarla büdcə kütlələrin real əhval-ruhiyyəsini cüzi əks etdirir və yalnız seçicilərin bu milyardlarla formalaşdırılan rəyini göstərir.  Cəmiyyətin fundamental dəyərləri ilə manipulyasanı özünə rəva bilən sistem gec ya tez çox dərin böhranla toqquşacaq və bu, həm ABŞ, həm də bütün dünya üçün fəlakətli nəticələr yaradacaq. Bu prosesin ilk həyəcan zəngi artıq  Kapitoli təpəsində  göründü və eşidildi. Əfqanıstan tarixinin maraqlı cəhəti isə ondadır ki, bu ölkə ona zorla soxulan yadelliləri məğlub etməklə həm də işğalçı ölkənin simasını kardinal şəkildə dəyişən hadisələr zəncirini işə salır.  Britaniya imperiyası ilə bu cür oldu, SSRİ ilə də bu cür oldu. ABŞ-la da bu cür olacaq ….

 

Səməd Seyidov, Milli Məclisin beynəlxalq əlaqələr Komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri (məxsusi olaraq haqqin.az saytı üçün)



Xəbəri paylaş

1306 dəfə oxunub.

Digər xəbərlər